“İbrahim Tatlısəs vaxtilə mənə böyük hörmət etdi, İstanbula getsəm onunla görüşəcəyəm”
“Vallah o illərdə bu qədər müğənnilər yox idi. Ona görə də sənətə, sənətkara daha böyük diqqət və hörmət var idi. Bu günki dövrü, o dövrlə müqayisə etmək doğru olmaz. Bir televiziya kanalımız var idi, orada da hər müğənnini efirə çıxarmırdılar. İndi fərq etmir. İstər sənətin olsun, istərsə də olmasın, bütün günü efiri zəbt edirlər. İndiki müğənnilərin çoxu ucuz reklamla, qalmaqalla gündəmə gəlirlər. Müğənni, sənətçi öz sənəti ilə, savadı, istedadı ilə meydanda olmalıdır. Onlar hələ dərk etmirlər ki, qalmaqalla gündəmə gəlməyin ömrü azdır. Görəsən qalmaqalın vaxtı bitəndən sonra nə edəcəklər? Özlərini gözdən salırlar. Onlar özləri, özlərinə böyük pislik edirlər. Heç kim onlara pislik etmir”.
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Nüşabə Ələsgərli deyib.

“Bilirsiniz ki, mən o illərdə aktrisa kimi də bir neçə serial, film və televiziya tamaşalarına çəkilirdim. Dostlarımın, böyük sənətkarların dəvətini qəbul edib gedirdim. Hazırda Mədəniyyət və İncəsənət universitetində estrada fakültəsində dərs deyirəm. Bu gün akrisa kimi fəaliyyət göstərməyə vaxtım yoxdur. Həm pedaqoji fəaliyyət, bir yandan da toylar. Vaxtım çox azdır, serial və yaxud film setlərində vaxt itirə bilmərəm. Təbii ki, maraqlı obraz olsa, düşünə bilərəm” deyə müğənni bildirib.
Müğənni illər əvvəl biznesinin çökdüyünü bildirib.

“Marketlərim, gözəllik salonlarım var idi. Bu gün artıq yoxdurlar. Yaxşı olardı ki, bütün biznes sahibləri biznesləri ilə özləri məşğul olsunlar. Bu elə bir sahədir ki, insandan vaxt, zaman tələb edir. Mən vaxtımı biznesimə sərf edə bilmədim. Ona görə də uğursuzluğa düçar oldular. Ya müğənniliklə məşğul olmalı idim, ya da ki, bizneslə. Heç kimə də tapşırmaq olmur” deyə müğənni bildirib.
Əməkdar artist “İbrahim Tatlısəslə münasibətləriniz necədir?” sualına isə belə cavab verib.

“Hal-hazırda yaxın əlaqələrimiz yoxdur. Çünki hər kəsin öz işləri, gücləri var. Bilirsiniz ki, İbrahim Tatlısəsi hamı gedib Türkiyədə ziyarət edir. İstanbula getsəm onunla görüşmək istərdim. O mənim övladımın toyuna təmənnasız gəldi. Mən yalnız musiqiçilərin və onların gediş-gəliş biletini almışdım. Amma İbrahim bəy özü üçün qonorar istəməmişdi. Bizi ortaq dostlarımız tanış etmişdi. Allah onu qorusun, canını sağ etsin” deyə müğənni bildirib.





































































































