“Sevgi dünyanı xilas edəcək, qadın hər yaşda sevməlidir, evlənməlidir”
“Televiziya böyük təbliğat maşınıdır. Bu hər zaman belə olub. Ola bilər ki, sən illərlə teatrda çalışa bilərsən, amma səni heç kim tanıya bilməz. Elə mən özüm də vaxtilə televiziyaya görə məşhurlaşmışam. Televiziya tamaşalarında, filmlərdə tez-tez çəkilirdim. Xalq artisti fəxri adını da kinoya görə almışam. Bunu da televiziya sayəsində qazanmışam. Bu gün zəng edib, israrla verilişlərə dəvət edirlər. Səhhətimlə və yaşımla əlaqədar olaraq getmirəm. Artıq o həvəs qalmayıb. Bəziləri deyir ki, “bu sənət vəfasız sənətdir”. Mən elə deməzdim. Vəfasız olsaydı tamaşaçılar məni unudardı. Bəzən olur ki, çölə çıxıram, hava alıram, tamaşaçılar məni görən kimi tanıyırlar. Əlbəttə ki, bu mənə çox gözəl təsir bağışlayır. Unudulmamaq gözəl hissdir. Amma uzun müddətdir evdən çölə çıxmıram, həvəsim yoxdur. Heç bir dəvəti qəbul etmirəm, düşünürəm ki, çəkildiklərim bəsimdir. Düzdür, vaxtilə oynamaq istədiyim rollar olub ki, rejissorlar mənə verməyib. Ola bilsin ki, onlar bu rolları məndə görməyiblər. Bu da normaldır”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, sevilən aktrisa Elmira Şabanova deyib.

“Bu dəqiqə mənim tərəf müqabilim qutu formasında olan televizordur. Verilişləri izləyirəm, xoşuma gələnlər də var, gəlməyənlər də. Ekranın bu yanından ekspert q ismində verilişlərdə çıxış edirəm. Münasibətimi bildirirəm, müzakirə edirəm. Sosial verilişlər də normaldır. Bəzən qoca yaşda evlənən qadınları tənqid edirlər. Mən belə düşünmürəm. Məncə o həvəs varsa, qadın hər yaşda sevə və evlənə bilər. Bunun nəyi pisdir ki? Deyirlər ki, “gözəllik dünyanı xilas edəcək”. Mən isə deyirəm ki, dünyanı məhəbbət xilas edəcək. Məhəbbət təkcə kişinin qadına olan sevgisi deyil, ümumiyyətlə məhəbbət dünyaya sevgidir”, - deyə sənətkar bildirib.
Xalq artisti sənət yoldaşlarını da xatırlayıb.

“Bilirsiniz ki, mən uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuşam. Bu gün bir çox böyük sənətkarlar mənim tələbələrim olub. Onların dünyadan köçməkləri məni kədərləndirir. Biz görün kimləri itirmişik? Nəsibə Zeynalovanı hər zaman xatırlayıram. Mən onunla qonşu olmuşam. Hər zaman dəstəyini görmüşəm. “Gəlinlər” televiziya tamaşasına çəkiləndə zəng edib gülümsədi, dedi ki, “qaynananı əla oynamısan”. Dedim ki, “Nəsibə xanım, nə danışırsız, sizin kimi qaynana ola bilməz”. Dedi ki, “mən qəddar qaynanayam, sən isə müdrik qaynana, gəlinlər başında qoz sındırır”, - deyə sənətkar bildirib.





































































































