Əlisaab Orucov:“SSRİ Ali Məhkəməsinin sədri E.A.Smolentsevin qəbulunda oldum. Bütün baş verənləri eyni qaydada izah edərək onda da əminlik yaratmağa nail oldum...”
Nizami Abdullayev: “Orada onlar mənə çox dəhşətli işgəncələr verdilər. Dırnaqlarımı və dişlərimi dərmansız kəlbətinlə çəkib çıxarırdılar, yatmağa qoymurdular, rezin torbaya salıb saatlarla döyürdülər...”
“Atam dünyasını dəyişən günədək həmişə Əlisaab Orucovun və vəkil Teymur İsmiyevin adlarını minnətdarlıqla çəkib onlara dua edirdi...”
1988-ci ilin noyabrında Bakıda olduğu kimi, digər iri şəhərlərimizdə, o cümlədən Gəncədə də Ermənistanın Qərbi Azərbaycandakı soydaşlarımızı amansız şəkildə, minbir zülmlər hesabına doğma yurd-yuvalarından qovması və keçmiş Dağlıq Qarabağla bağlı ərazi iddiaları irəli sürməsi, artıq Xankəndi və digər məntəqələrdən soydaşlarımızın qovulmağa başlanması, eyni zamanda bütün bunlara qarşı tədbir görməyən sovet imperiyası, Kremldəki mərkəzi hakimiyyət əleyhinə günlərlə davam edən kütləvi etiraz mitinqləri keçirilirdi. Respublika daxilindəki və kənardan yeridilmiş sovet qoşunları mitinqlər keçirilən məkanları mühasirədə saxlamaqla onların qarşısını almağa çalışırdı. Bunun üçün, eləcə də kənardan gələn şəxslərin mitinqə qatılmasına maneçilik törətmək məqsədi ilə etiraz keçirilən meydanların ətrafı sovet hərbçiləri və kənardan cəlb edilən yük avtomobilləri vasitəsilə çənbərə alınırdı...
Sovet imperiyasının ordusu və hüquq-mühafizə orqanları belə kütləvi etirazlar vaxtı və ya onlar yatırılarkən yüzlərlə Azərbaycan vətəndaşını haqsız yerə müxtəlif damğalarla azadlıqdan məhrum etmiş, illərlə dəmir barmaqlıqlar arxasında ömür çürütməyə məhkum etmişlər...

1988-ci ilin noyabrında Gəncədə sovet imperiyası və erməni təcavüzü əleyhinə keçirilən mitinqlərdən biri zamanı sürücü işləyən şəhər sakini Nizami Abdullayevə öz “ZİL” markalı yük maşınını meydanın ətrafında saxlamaq göstərişi verilir. “KamAZ” avtomobili olan iş yoldaşlarından biri vacib işi olduğu üçün maşınının açarını ona verib xahiş edir ki, o gəlincə ehtiyac olsa, onun da maşınının yerini dəyişsin. Avtomobillərdən irəlidə meydanı həlqəyə alan sovet hərbçiləri dayanıbmış. Mitinq gedən zaman gözlənilmədən nisbətən eniş yerdə saxlanılmış həmin “KamAZ” təkəri qarşısına heç bir maneə qoyulmadığından öz-özünə yerindən ləngərlənir və dəstə ilə dayanmış hərbçilərin üzərinə hərəkət edir. Nəticədə rus hərbçilərindən 4 nəfəri ölür, 10 nəfəri isə ağır yaralanır. Bu hadisə ilə bağlı “KamAZ”ın əsl sürücüsü yox, N.Abdullayev həbs edilir, barəsində cinayət işi qaldırılır və Rusiya Sovet Federativ Sosialist Respublikası(RSFSR) Rostov vilayətinin məhkəməsi ona o dövrün cinayət məcəlləsinə uyğun olaraq ölüm hökmü -güllələnmə cəzası təyin edir...
Məhkum N. Abdullayevin atası Adil Abdullayev çox ünvanlara müraciət etsə də, oğlu barəsində çıxarılmış bu haqsız ölüm hökmünün ləğv olunmasına nail ola bilmirdi. Yalnız 1990-cı ilin iyulunda təsadüfən Moskvada o illərdə Azərbaycan SSR-in ədliyyə naziri olan Əlisaab Orucovla rastlaşmasıyla haqqın öz yerini tutmasına şərait yaranır...
Moderator.az-a açıqlamasında sabiq nazir günahsız bir Azərbaycan vətəndaşına keçmiş SSRİ hüquq-mühafizə orqanları səviyyəsində təyin olunmuş ədalətsiz və qanunsuz bir ölüm hökmünün icrasının qanuni yollarla dayandırılması haqda bunları danışıb:
(Əvvəli burada://moderator.az/az/ekskluziv/587953/moskvada-rusiya-ali-mehkemesinin-sedrine-dedim-ki-bu-lum-hkmu-esassizdir/ )
Əlisaab Orucov:
“...RSFSR Ali Məhkəməsinin(26 dekabr 1991-ci ildən Rusiya Federasiyası Ali Məhkəməsi adlanır-S.L.) sədri V.M.Lebedev cinayət işini nəzarət qaydasında tələb edərək hökmdən və bununla əlaqədar həmin hökmü qüvvədə saxlamış RSFSR Ali Məhkəməsinin kassasiya instansiyasının verdiyi qərardan protest verdi. Və ölüm hökmünün icrasını da dayandırdı. RSFSR Ali Məhkəməsinin Rəyasət Heyəti protesti təmin edərək göstərişlə Nizami Abdullayev haqda cinayət işini əlavə ibtidai istintaq aparılmasından ötrü SSRİ Prokurorluğuna qaytardı. Lakin SSRİ Prokurorluğunun rəhbərliyi RSFSR Ali Məhkəməsinin həmin qərarıyla razılaşmayıb protest verərək cinayət işini ən yuxarı məhkəmə instansiyasının - SSRİ Ali Məhkəməsi Plenumunun müzakirəsinə çıxardı...
Bunu eşidən kimi başqa işləri bəhanə edib dərhal Moskvaya getdim. Çünki bir nazir kimi sırf bu işlə bağlı vəkil olmadığımdan gedə bilməzdim. SSRİ Ali Məhkəməsinin sədri E.A.Smolentsevin qəbulunda oldum. Bütün baş verənləri eyni qaydada izah edərək onda da əminlik yaratmağa nail oldum ki, həmin işlə əlaqədar verilmiş protest əsassızdır. O, müavini A.M. Filatovu kabinetinə dəvət edərək dedi: “Orucovu dinləyin və məsələni bir daha dəqiqliklə araşdırın. Fikrinizi mənə məruzə edərsiniz”. Mən Filatovun otağında məsələni bütün genişliyi və incəliyi ilə ona anlatdım. O da mənimlə razılaşdı...
Bundan sonra SSRİ Ali Məhkəməsinin rəhbərliyi SSRİ Prokurorluğuna təklif edir ki, Nizami Abdullayev haqqında verilmiş protesti əsassız olduğuna görə geri götürsün. Lakin SSRİ Prokurorluğu təkliflə razılaşmır. Nəticədə SSRİ Ali Məhkəməsinin Plenumu 28 mart 1991-ci il tarixli qərarıyla protesti rədd edir və cinayət işinin ibtidai istintaqa qaytarılması ilə bağlı RSFSR Ali Məhkəməsinin Rəyasət Heyətinin qərarını qüvvədə saxlayır...
Son nəticədə Abddullayev Nizami Adil oğlunun Azərbaycan Respublikası CM-nin 72-ci, 94-cü maddəsinin 2, 3, 4, 6-cı bəndləri ilə və 15, 94-cü maddəsinin 2,3, 4, 6-cı bəndləri ilə müqəssirlənməsinə dair cinayət işi üzrə yuxarı məhkəmə instansiyası orqanlarının göstərişlərini yerinə yetirə bilməyən ibtidai istintaq orqanı ona elan olunmuş ittihamı sübuta yetirə bilmədiyinə görə barəsindəki cinayət işinin icraatına 9 noyabr 1992-ci ildə xitam verib onu həbsdən və məsuliyyətdən azad edir, yəni o, bəraət alır. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, Nizami Abdullayev haqqında cinayət işinin belə uğurla nəticələnməsinə səbəb nazir kimi işin həllinə müdaxiləm vəzifə səlahiyyətimdən kənar olsa da belə, bu, yalnız yuxarı məhkəmə instansiyalarına rəhbərlik edən həmkarlarımın mənim müraciətimi nəzərə alıb məsələnin həllinə ədalətlə yanaşmaları olmuşdur. Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, tarixən və bu gün də xalqımıza və dövlətimizə qarşı rus və ermənilər tərəfindən saysız haqsızlıqlar və cinayətlər törədilir. Bunlar nəticəsində Azərbaycan xalqı çox igidlər itirib və itirməkdədir... Burada söhbət yalnız N.Abdullayevə qarşı nahaqdan irəli sürülən ittihamdan getmir. Söhbət ondan gedir ki, biz bir millət olaraq prinsipiallıq göstərib etmədiyimiz hansısa cinayəti üzərimizə götürə bilməzdik...Həmin cinayət işindən söz açan Əsəd Fərəcov “Mübarizəmiz Qarabağdadır” kitabının 83-85-ci səhifələrində dərc olunmuş yazılarında Nizami Abdullayevin işi barəsində olan həqiqətləri təsdiqləyərək əlavə edir ki, 1990-cı ilin iyul ayının 3-dən 12-dək Moskvada keçirilən Sov.İKP-nin sonuncu - XXVIII qurultayında Azərbaycandan nümayəndə kimi Əlisaab müəllim də iştirak edirdi. O, qurultayın iclaslarında keçmiş Dağlıq Qarabağla bağlı çıxış edib vilayətdə ədalətin bərqərar olması və Azərbaycan SSRİ-in suverenliyinin təmin olunması üçün cinayətkar və separatçı erməni ünsürlərindən təmizlənməsini tələb edib(Çıxış qurultay materiallarıyla bağlı arxivlərdəki bülletendə dərc edilib)...
Əsəd Fərəcov həmçinin yazır:
“O vaxt Əlisaab müəllimin müraciətini nəzərə alıb iş üzrə protest verən və bu gün də Rusiya Federasiyasında ədalət mühakiməsinin həyata keçirilməsinə rəhbərlik edən ədalətli və təcrübəli hüquqşünas olan Vyaçeslav Lebedev 2007-ci ilin oktyabrında Moskvadakı görüşümüz zamanı mənim vaxtı ilə Əlisaab Orucovun müharibə bölgəsində Prezidentin səlahiyyətli nümayəndəsi olarkən köməkçisi olduğumu bilib həmin cinayət işi haqqında ətraflı danışmışdı...”
Bu gün Gəncə şəhərində həyatını davam etdirən Nizami Abdullayev başına gələnləri belə nəql edir:
“Mən ona görə ittuham edilirdim ki, guya “KaMAZ” markalı maşını asayişi qoruyan sovet hərbçilərinin üzərinə qəsdən sürməyim nəticəsində 4 hərbçi həlak olmuş və 10 nəfəri ağır yaralanıb. Həmin dövrdə kütləvi iğtişaşlar zamanı Gəncə şəhərində həqiqətən də elə bir hadisə baş vermişdi. O vaxtlar Moskvanın Ermənistanla birgə Qarabağda apardığı işğalçı siyasətə keçirilən etiraz mitinqlərində bir vətənpərvər kimi mən də iştirak edirdim, lakin baş verən həmin olaydan qətiyyən xəbərim olmayıb...
İstintaqı Moskvadan Azərbaycana gəlmiş SSRİ Prokurorluğunun Kuznetsov və Kondratyev soyadlı müstəntiqləri aparırdı. Sonra onlar məni Moskvaya apardılar. Orada onlar mənə çox dəhşətli işgəncələr verdilər. Dırnaqlarımı və dişlərimi dərmansız kəlbətinlə çəkib çıxarırdılar, yatmağa qoymurdular, rezin torbaya salıb saatlarla döyürdülər...
Məhkəməm isə RSFSR-in Rostov şəhərindəki vilayət məhkəməsində oldu və yekunda ən ağır cəzaya – ölüm cəzasına məhkum olundum... Atam istər Bakıda, istərsə də Moskvada elə bir qapı qalmadı ki, döyməsin. Müraciətlərin heç birinin nəticəsi olmamışdı. Atamın sonuncu müraciət etdiyi şəxs isə o vaxt Azərbaycanın ədliyyə naziri olan Əlissab Orucov oldu. Atam dünyasını dəyişən günədək həmişə Əlisaab Orucovun və vəkil Teymur İsmiyevin adlarını minnətdarlıqla çəkib onlara dua edirdi...
Hüquqlarımı müdafiə etmək üçün vəkilin tutulmasında, haqqımda olan ölüm hökmünün ləğv edilməsində, gediş-gəliş və s. xərclərin ödənilməsində, olayın ən əsas şahidinin uzaq məsafədən tapılıb Bakıya gətirilməsində Ə.Orucovun xidmətləri, köməkliyi əvəzsizdir. Mən məhz bunların sayəsində bu günədək həyatda qalmışam. O şahid Əlisaab müəllimin etibarlı dostlarının hər cür dəstəyi hesabına uzaq məsafədən(o, Azərbaycandan minlərlə kilometr məsafədə olan Maqadan şəhərindən sonra - 40 kilometri xizəklə, daha sonra isə qatarla 12 saat yol gedilən bir uzaq məsafədə yaşayırdı) tapılıb Bakıya gətirilərək ifadəsi alınmışdır... Həmin şahid ifadəsində bildirmişdir: “Mən maşının kabinasına atılaraq “KamAZ”-ı əsgərlərin üzərinə sürən sürücünün sifətinə əsgər lopatkasıyla zərbə endirdim və zərbədən onun sifəti dağıldı...” Mənim isə bəhs edilən cinayətdən sonra üzümdə adi bir cızıq da yox idi(Məlumat üçün bildirirəm ki, sözügedən şahid hadisə baş verən zaman Gəncə şəhərində hərbi xidmətdə olmuşdur). Bu minvalla mən 4 ildən sonra azadlığa qovuşdum...”
Nizami Abdullayevin işi haqqdında eyni məzmunlu məlumatlar mərhum vəkil Teymur İsmiyevin bu işlə bağlı sağlığında apardığı qeydlər əsasında 2022-ci ildə - ölümündən sonra çapdan çıxmış “Hökmdən sonra” kitabında da ətraflı bəhs edilir. Kitabın 20-ci və 148-ci səhifələrində qeyd olunur: “Həmin cinayət işi Rusiya Federasiyasının Ali Məhkəməsində araşdırılan zaman “Krasnaya zvezda” və “Komsomolskaya pravda” qəzetləri dəfələrlə ölüm hökmünün icrası tələbi ilə çıxış ediblər. Məhkəməyə ünvanlanan çoxsaylı məktub və teleqramlarda da analoji tələblər irəli sürülürdü. Lakin Rusiya Federasiyası Ali Məhkəməsinin sədri V.M. Lebedevə bu amillərin heç biri təsir etmirdi. O, qanuna ciddi riayət etdi və nəticədə ədalət bərqərar oldu. Onu da deyim ki, mən hər həftə bu işlə əlaqədar apardığım müdafiə barəsində nazirimiz Əlissab Orucova məruzə etməli, yazdığım şikayətlərin surətini əvvəlcə ona verməli idim. Belə də edirdim...”
1988-1992-ci illərdə baş verən bu olay bir daha sübut edir ki, əgər ortalığa yerli yüksək vəzifəli məmurlarımızın, hüquq-mühafizə orqanı əməkdaşlarımızın, vəkillərimizin və s. qanunlara uyğun, həm də milli maraqlarımıza əsaslanan ədalətli, qətiyyətli və prinsipial mövqeyi qoyularsa, hətta imperiyanın rəhbər qurumlarının törətdiyi cinayət və haqsızlıqları da durdurmaq mümkün olar... Təəssüf ki, bəzi ədalətli məmurları çıxmaq şərti ilə bu gün də Moskvadan Bakıdakı imperiya “inventarları” vasitəsi ilə Azərbaycan xalqına, dövlətinə, ordusuna qarşı müxtəlif sahələri əhatə edən haqsız proseslər yönəldilir...
Sultan Laçın







































































































