Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Firuz Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, məhkəmə təqsirləndirilən Firuz Qasımovun ifadəsi ilə davam edib:
"Bizim ailə işimizə qarışmasaydılar, məni hər durumda Günelin yanında pisləyib gözündən salmasaydılar, bu, bədbəxtlik olmazdı. Anası arada gəlib evimizdə bir neçə gün qalırdı. O gedəndən sonra yoldaşım çox dəyişirdi, mənimlə kobud, pis rəftar edirdi. Yoldaşımın telefonunda çoxlu gizli nömrələr vardı. Bir dəfə oğluma yazdım ki, anan zənglərimə, yazdıqlarıma cavab vermir. Uşaq da qayıdasan ki, "Ana nömrəsini dəyişib. Sən hansı nömrəyə zəng eləmisən?". Bu sözlər məni qıcıqlandırdı, özümdən çıxdım. Getdim Günelin üstünə, bu nə deməkdir? Cavab verdi ki, "Məktəbdən valideynlər, iş yoldaşlarım yazır, qarışdırmaq istəmirəm". Uddum o söhbəti.
Həmin gün Bakıya taksi ilə gəlirdim. Halım çox pis idi; bütün bədənim əsirdi, qulaqlarımdakı çığırtılardan, qışqırıqlardan havalanmaq dərəcəsinə gəlmişdim. Atam yolda zəng elədi, mənə dərmanlarımı götürmədiyimi xatırlatdı. Taksi Bakıya çatıb, 20 yanvara doğru sürürdü. Şofer üzümə baxıb "Qardaş, halın hal deyil, özündən muğayat ol". Maşından düşəndə yoldaşımın səsi qulağıma gəldi; üstümə qışqırırdı, məni danlayırdı. "Koroğlu" metrosundan gəldim, məscidin yanında düşdüm. Qulağıma yenə yoldaşımın qışqırıq səsi gəlməyə başladı ki "Harada qalmısan? Bayaqdan səni gözləyirəm". Onun işlədiyi yerə gələndə yolda qəfildən Günellə qarşılaşdıq, əlində çantalar vardı. Məndən ayrılıb evdən çıxanda atası onu evinə qəbul eləməmişdi, Günel də bacısının evinə sığınmışdı. Yoldaşım mənə dedi ki "Get evə, özünə gəl, sonra söhbət edərik". Bu sözlər məni haldan-təbdən çıxardı; nə elədim, nə baş verdi xatırlamıram.
Tək xatırladığım bir qadının qışqıraraq dediyi "Sən neylədin?" sözləri idi. Qadının üzünə küt halda baxıb "Nə olub, neyləmişəm ki?" - deyəndə qadın hiddətlə yeri göstərib "Görmürsən neylədiyini?". Mən heç yerə baxmayıb uzaqlaşdım oradan. Bir də ayıldım ki, Biləsuvara gedən taksidəyəm. Məni orada tutdular. Yanıma gələn atamdan soruşurdum ki, "Günel, uşaqlar yanıma niyə gəlmirlər?". Atam da hər dəfəsində Günelin xəstələndiyinə görə gələ bilmədiyini deyirdi. Amma Maştağada olanda mənə dedilər ki, "Ailən sənə yalan deyir. Sən həyat yoldaşını bıçaqlayıb öldürmüsən". Mən o zaman Günelin öldüyünü bildim".
Növbəti proses 21 sentyabr saat 11:15-ə təyin olunub.
Xatırladaq ki, hadisə 21 yanvar 2026-cı il tarixdə Bakıda baş verib. Belə ki, 40 yaşlı Günel Tapdıq qızı Abbasova çalışdığı marketdən çıxıb bacısının evinə gedərkən əri, 1989-cu il təvəllüdlü Firuz Akif oğlu Qasımov onun qarşısını kəsib. Firuz Qasımov ona boşanmaq üçün məhkəməyə ərizə verməsinə görə hədə-qorxu gəlib.Qadın isə boşanacağını deyib. Bundan hiddətlənən Firuz həyat yoldaşının sinəsinə 14 bıçaq zərbəsi vurub.Qadın hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, F.Qasımov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıq və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilərək məsuliyyətə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib.
Bildirilir ki, ailə son 10 il ərzində paytaxtda kirayə yaşayıb. Firuz Qasımovun anasının il mərasimindən sonra rayondan Bakıya qayıdaraq cinayəti törətdiyi bildirilir.
Onların birgə nikahdan iki yeniyetmə övladı var. Günel Abbasova bir aydır ki, yoldaşından uzaqlaşıb bacısının evində yaşayırmış.
Bizim.Media




































































































