“İrəvan dialoqu - 2026” beynəlxalq konfransında iştirak edən “Sülh körpüsü” təşəbbüsünün koordinatoru, Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov gündəmlə bağlı sualları cavablandırıb.
Bizim.Media Fərhad Məmmədovun “qafqazinfo.az”a müsahibəsini təqdim edir:
- Siz yenicə Ermənistandan qayıtmısınız, orada “İrəvan Dialoqu” forumuna qatılmısınız. Tədbirdə iştirakınız necə keçdi və əsas müzakirə mövzuları hansılar idi?
- “İrəvan Dialoqu” Ermənistanın əsas müzakirə platformasıdır və artıq üçüncü dəfədir keçirilir. Tədbirin əsas təşkilatçısı Ermənistan Xarici İşlər Nazirliyidir. Bu, Azərbaycan ekspertlərinin “İrəvan Dialoqu”nda ilk iştirakı idi və şübhəsiz ki, bu iştirak Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin nəticəsidir. Azərbaycan nümayəndə heyətinə üç fərqli sessiyada çıxış edən üç ekspert daxil idi.
Forumda hökumət rəsmiləri ilə yanaşı, onlarla ölkədən ekspertlər və media nümayəndələri də iştirak edirdi. İki gün ərzində təqdimatlar və müzakirələrin yer aldığı onlarla sessiya keçirildi. Əlbəttə ki, qeyri-rəsmi müzakirələr də oldu.
Ermənistanın Baş naziri, xarici işlər naziri və Təhlükəsizlik Şurasının katibi forumda çıxış edərək, Ermənistanın müxtəlif mövzularla bağlı rəsmi mövqeyini təqdim etdilər.
Azərbaycanlı ekspertlər fikirlərini sərbəst şəkildə ifadə etdilər. Qeyd etmək lazımdır ki, forumdakı xarici iştirakçılar da Azərbaycan nümayəndələrinin iştirakına maraq göstərirdilər.
- Forumda Azərbaycan və Ermənistan arasında sülh gündəliyi necə nəzərdən keçirildi?
- Azərbaycan və Ermənistan arasında sülh gündəliyi, Ermənistanla birbaşa əlaqəli mövzularla yanaşı, əsas müzakirə mövzularından biri idi. Qeyd etmək vacibdir ki, bu yaxınlarda Ermənistanda Avropa Siyasi İcmasının zirvə görüşü keçirildi və Azərbaycan Prezidenti video bağlantı vasitəsilə tədbirdə iştirak etdi. ASİ zirvə görüşü ilə yanaşı, Fransa Prezidentinin rəsmi səfəri və ilk Aİ-Ermənistan zirvə görüşü də baş tutdu. Xüsusilə, Ukrayna Prezidentinin Rusiya hərbi bazasının yerləşdiyi Ermənistana səfərini də qeyd etmək lazımdır. Həmçinin, Ermənistanda seçki kampaniyası tezliklə başlayacaq və iyunun əvvəlində parlament seçkiləri ilə başa çatacaq. Beləliklə də, burada əsas aspektlərdən biri də Ermənistanın xarici siyasət prioritetlərinin transformasiyasıdır.
Azərbaycanla sülh gündəliyi Ermənistana TRIPP layihəsinin həyata keçirilməsi və Türkiyə ilə münasibətlərin normallaşdırılması da daxil olmaqla, xarici siyasətini şaxələndirməyə imkan verir. Başqa sözlə, forumda müzakirə olunan bir çox mövzu Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin bərqərar olması nəticəsində aktuallaşıb. Bu, regionda yeni bir fəsildir, özü ilə bir çox transformasiyalar gətirir və yeni imkanlar açır. Bütün bunlar “İrəvan Dialoqu”nda müzakirə mövzusuna çevrildi.
Azərbaycanlı ekspertlər öz çıxışlarında Azərbaycanın sülh gündəliyinə sadiqliyini, sülhün bərqərar olması üçün konkret addımların atılmasını qeyd etdilər və sülh gündəliyinin genişləndirilməsi və dərinləşdirilməsi perspektivləri ilə bağlı fikirlərini bildirdilər.
- Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç Ankara-İrəvan danışıqları ilə bağlı açıqlamaları Azərbaycan mediasında tənqid edildi. “Ermənistan və Türkiyə arasında normallaşma prosesinə başladığımız zaman, mən erməni həmkarıma çoxsaylı təkliflər etdim və onların heç biri Türkiyəyə fayda gətirmək məqsədi daşımırdı. Mənim əsas məqsədim erməni xalqının rifahına və daha yaxşı gələcəyinə töhfə vermək idi”. Siz tədbirdə iştirak etmiş bir şəxs kimi bu bəyanatları necə şərh edərdiniz?
- Ermənistanda keçirilən forumda həm türk rəsmiləri, həm də ekspertlər iştirak ediblər. Rəsmilər arasında xüsusi nümayəndə Serdar Kılıç və Türkiyə Xarici İşlər Nazirliyinin departament rəhbəri də olub. Sərdar Kılıçın nitqinin bu hissəsi həqiqətən də Türkiyə hökumətinin ona tapşırdığı vəzifələrə yanaşması ilə bağlı çoxsaylı suallar doğurur və ən azı qəribə görünürdü.
Serdar Kılıç sessiyadakı çıxışında bir dəfə Vaşinqtonda keçirilən sammiti xatırladanda Azərbaycanın adını çəkmişdi. Və yalnız ABŞ-ın rolunu qeyd etmək üçün. Yəni bu bölmədə ölkənin adını çəkməmək mümkün deyildi. Serdar Kılıç və hər kəs üçün aydındır ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının Azərbaycan-Ermənistan sülh gündəliyi ilə paralel gedir.
Sərdar Kılıç "üçüncü tərəflərin problemləri öz taktiki məqsədləri üçün istifadə etməyə çalışmasından narahat olduğunu" deyəndə kimə işarə edirdi?
Onun kuluarlarda davranışı da qəribə idi. Bir neçə dəfə onunla raslaşdım, amma bir-birimizlə salamlaşıb özümü azərbaycanlı kimi təqdim etdikdən sonra Serdar Kılıç ünsiyyəti dayandıraraq çıxıb getdi. Serdar Kılıç Azərbaycan nümayəndə heyətinin iştirakından narahat kimi görünürdü və əgər bu, ondan asılı olsaydı, həmin sessiyadan azərbaycanlı iştirakçını çıxarardı. Bu, məni həqiqətən məyus etdi.
Sərdar Kılıçın mövqeyi Ankaranın rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir, çünki Türkiyənin daha yüksək vəzifəli rəsmilərindən fərqli mövqe eşidirik.
- “İrəvan Dialoqu”nda iştirak etməklə yanaşı, siz həmçinin erməni ekspertlərlə görüşdə iştirak etmisiniz. Hansı mövzuları müzakirə etdiyinizi bizə deyə bilərsinizmi?
- Məlum olduğu kimi, "Sülh Körpüsü" təşəbbüsü vətəndaş cəmiyyəti səviyyəsində həyata keçirilir. Ermənistandan olan həmkarlar bizim Ermənsiatnda olmağımızdan istifadə edərək erməni ekspertlərlə müzakirə görüşü təşkil etdilər və buna görə onlara minnətdarıq. Bu görüş dörd saat davam etdi. Bir-birimizə sülh prosesi ilə bağlı çoxsaylı suallar verdik, maneələr və imkanlar, regional proseslər barədə fikir mübadiləsi apardıq. Konkret gündəm məsələlərini müzakirə etməklə yanaşı, “Sülh Körpüsü”nün gələcək fəaliyyəti üçün də fikirlər bildirildi. Bu müzakirələr artıq ənənə halını alır və sülh prosesini vətəndaş cəmiyyəti səviyyəsində davam etdirmək üçün fürsət yaradır.
Bizim.Media

































































































