Xəbər verdiyimiz kimi, son günlər ölkənin dağlıq və dağətəyi ərazilərində müşahidə olunan intensiv yağıntılar nəticəsində Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsində torpaq sürüşməsi yenidən aktivləşib.
AAYDA-dan Bizim.Media-nın Aran bürosunun sorğusuna cavab olaraq bildirilib ki, baş vermiş sürüşmə nəticəsində yolun 147-ci kilometrliyində asfalt örtüyündə çatlar və çökmələr yaranıb:
"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb. Təhlükəli hissəyə xəbərdaredici nişanlar quraşdırılıb, sahə xüsusi lentlərlə işarələnib və nəqliyyat vasitələrinin hərəkəti digər zolaq vasitəsilə ikitərəfli qaydada təşkil olunub. Ərazi tərəfimizdən nəzarətdə saxlanılır.
Hadisə ilə bağlı əraziyə mütəxəssislər cəlb olunub, baxış keçirilib, problemin aradan qaldırılması üçün müvafiq təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim ediləcək. Maliyyə vəsaiti ayrıldıqdan sonra ərazidə bərpa işlərinə başlanılması nəzərdə tutulur".
Bizim.Media, Aran bürosu
































































































