“Fərarilik etmək istəmirəm”

Hazırda oxunan: “Fərarilik etmək istəmirəm”

57954

Dünya şöhrətli alimimiz, professor Rafiq Əliyev Moderator.az-a geniş müsahibə verib. Onunla söhbətin ikinci hissəsini oxuculara təqdim edirik:

 Əvvəli burada---moderator.az/?xeber=57886

-Üzeyir bəyi Azərbaycanın ziyalılıq etalonu adlandırdınız. Bunu hamı belə qəbul edir ki, Üzeyir bəy son 100 ildə ziyalılıq etalonu adını alıb. Bir neçə gün öncə görkəmli ziyalımız Firudin Cəlilov Moderator.az-a müsahibəsində son 50 ildə isə Xudu Məmmədovun millətin ziyalılıq etalonu olduğunu iddia etdi. Onun iddiasını bölüşürsünüzmü?

-Tam razıyam. Qohumum, dostum olduğu üçün demirəm, Xudu Məmmədov Xudanın bir möcüzəsi idi. Bilirsiniz, bu qədər saf, bu qədər intellektual, bu qədər xalqa-torpağa bağlı, bu qədər cəsarətli, heç bir şeydən, hətta ölümün özündən belə, qorxmayan adam tapmaq çətindir. O zəmanəmizin çox nadir şəxsiyyətlərindən biridir. Bir də Xudu təmasda çox rahat idi. Ziyalılığın ən birinci cəhəti mən bunu hesab edirəm. Ziyalının ən dominant tərəfi odur ki, təmasda rahat olsun. Ziyalı üçün bu çox vacib şeydir. Yəni gərək ziyalıda tolerantlılıq, dözümlülük olsun. Mən Xudu müəllimi çöxölçülü bir zirvə hesab edirəm. Bir ölçü insanlıqdır, bir ölçü elmdir, bir ölçü sənətdir. Onun “Qoşa qanad” kitabını oxumayan az adam tapılar. O biri tərəfdən ziyalılıq, Vətən-torpaq sevgisi də bir ölçüdür. Elə bir yazım olmaz ki, orada Xudu müəllimdən misal gətirməyim. Onun bir bayatısını demək istəyirəm:

Əlim köməyim olsun,

Elim köməyim olsun.

Kimsəyə möhtac olsam,

Ölüm köməyim olsun!

O ölümdən qorxan adam deyildi, əksinə, ölümün gözünün içinə çəkinmədən baxmağı bacaran adam idi. Hədsiz dərəcədə cəsarətli olsa da çılğın da adam deyildi. Bir daha təkrar edirəm ki, siz demişkən, son 50 ildə mən Xudu müəllimi həmişə millətin bir nömrəli ziyalısı və özüm üçün örnək saymışam.

-Elmi fəaliyyətiniz ortada və son bir ildə yazdığınız 5 mükəmməl kitab suala yer qoymur. Bəs pedaqoji fəaliyyətinizdə nə yenilik var? Neft Akademiyasında dərs deyirsiniz yenə?

-Mən Neft Akademiyasının strukturunda dərs demirəm. 1998-ci ildə ABŞ Dövlət Departamentinin qərarı ilə yaradılmış idarəetmə üzrə Amerika-Azərbaycan proqramı var, o proqramda dərs deyirəm. İngilis dilli proqramdır. Proqram haqqında da onu deyim ki, mən bilən o proqram haqqında çox adamın informasiyası var, burda etik standart çox yüksəkdir. Nə bir tapşırıq, nə bir tanışlıq, nə Allah eləməmiş, rüşvət kimi şeylər ola bilməz. Bizim 350-400-ə yaxın məzunumuz dünyanın müxtəlif ölkələrində-Amerika, Kanada, Almaniya universitetlərində çalışırlar.

-Neft Akademiyasının məzunlarıdır onlar?

-Yox, dünyanın müxtəlif ölkələrindən, o cümlədən, Azərbaycandakı müxtəlif universitetlərdən məzunlardır.

-İçərilərində nə qədər azərbaycanlı var?

-Çox şükr ki, 90-95 faizi azərbaycanlılardı.

-Deməli, gələcəyimiz etibarlı əllərdə ola bilər...

-Onların bir çoxu xaricdəki nüfuzlu elm mərkəzlərində və universitetlərdə işləyirlər. Onlarla daim əlaqə saxlayırıq. Onların içərisindən o qədər tutaq ki, bp və digər nüfuzlu şirkətlərdə yüksək postlarda, hətta şirkət prezidenti kürsüsündə çalışanlar var ki. Yəni çox yaxşı inkişaf etmiş məzunlarımız var. Mən həmin proqramda dərs deyirəm. Eyni zamanda dünyanın başqa universitetlərində, məsələn, Kiprdə mənim çoxlu doktor tələbələrim var. Orada magistrlər üçün dərs demirəm, ancaq doktorlar üçün məruzələrim, həm də dissertasiya rəhbərliyim olur. O cümlədən, Amerikada, Almaniyada da dissertasiyalara rəhbərlik edirəm. Yəni pedaqoji fəaliyyətim də çox sıxdır. Bunlardan ən öncülü də vallah adam deməyə utanır, mənim kitablarımın bir neçəsi 5 qitədə dünyanın nüfuzlu universitetlərində dərslikdir. Hesab edirəm ki, mühazirə deməkdən daha önəmlisi bu kitabların dərslik kimi universitetlərdə tədris olunmasıdır.

-Rafiq müəllim, bu sualı verməsək, oxucularımız bir yana, həmkarlarımız bizi qınayar ki, axı bir insan fiziki olaraq bu qədər işləri necə çatdırır? Yəni Siz dincəlmək bir yana, yatmırsınız, yaxud yemək yemirsiniz?

-Mən heç vaxt gecə saat 2-3-dən tez yatmıram. Bütün ömrüm boyu da belə adət etmişəm. Mən heç vaxt şənbə-bazar nə olan şeydi, onu bilmirəm. Hərdən bir sizlərlə vaxt tapıb bir neçə saatlıq istirahət istisna olmaqla bütün ömrüm boyu yazı-pozuyla məşğul olmuşam. Bir dəfə Almaniyada- Visbadendə bir konfransda idik, Lütfizadədən soruşdum ki, yayda istirahətə hara gedirsiniz? Bir də məndən soruşdu ki, hara? Dedim məzuniyyətə. Dedi o nədir? Dedim yəni gedib bir ay hardasa istirahət etmək. Dedi mən ömrü boyu istirahətin nə olduğunu bilməmişəm. Dedi bax bu konfranslar, elmi araşdırmalar elə mənim istirahətimdir. İndi ola bilsin, onun və başqa təsirlərin nəticəsidir, mən də vallah istirahətin nə olduğun görmədim. Tutaq ki, hansısa ölkəyə ezamiyyətə gedirəm, yüküm 20 kilodursa onun 15 kilosu hökmən yazı-pozularım, kitablarım, kompüterimdi.

-Heç Lütfizadə sizə deməyib ki, Azərbaycandan yığış gəl Amerikada yaşa? Bəlkə bir sınayaydınız, bəlkə yaşaya bilərdiniz?

-Bu sualı 18 il bundan qabaq mənə veriblər. O vaxt “Mir” telekanalı məndən bir müsahibə götürürdü, elə sizin kimi elmdən-filandan suallar verirdi, birdən qayıtdı ki, niyə getmirsiniz Amerikaya, axı Siz Corciya Dövlət Universitetinin seçilmiş professorusunuz? Onda cavab verdim ki, mən Qarabağda doğulmuşam, əgər o işğalda olmasaydı, bəlkə də bu barədə fikirləşərdim. Amma indi getsəm, özümü fərari sayaram, ona görə də fərarilik etmək istəmirəm. Nə qədər ki, torpağım, Vətənim, doğulduğum komam əsarətdədir, nə qədər ki, Xudu Məmmədovun, Famil Mehdinin, Fred Asifin, Şahmar Əkbərzadənin ruhu o torpaqlardan nigarandır, mən həmin torpaqlardan uzaqda yaşaya bilmərəm.

-Bu qədər vaxt qıtlığında “Qurani-Kərim”i də şübhəsiz ki, bir neçə dəfə oxumağa vaxt tapmısınız. Belə iddialar var ki, bütün elmlərin açarı ordadır. Siz orda qeyri-səlis məntiq nəzəriyyəsinin hansı işarələrini, eyhamlarını görə bildiniz?

 Ardı var...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin