Sarı Aşığın “Gül dəftəri” kitabının IV nəşri təqdim olundu – FOTO

Hazırda oxunan: Sarı Aşığın “Gül dəftəri” kitabının IV nəşri təqdim olundu – FOTO

625016

11 iyul 2026-cı il tarixində Gorus Rayon İcmasının təşkilatçılığı ilə Sumqayıt Poeziya Evində tanınmış şair-publisist İlham Qəhrəmanın toplayıb tərtib etdiyi Sarı Aşığın “Gül dəftəri” kitabının yeni çapdan çıxan IV nəşri təqdim olunub.

Bizim.Media xəbər verir ki, tədbirdə Qərbi Zəngəzəura daxil olan Gorus, Qafan, Sisian və Mehri icma üzvləri, mədəniyyət və incəsənət xadimləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
 

Gorus Rayon İcmasının sədri Etibar Həsənov tədbiri giriş sözü ilə açaraq, tarixi mənbələrdə Sarı Aşığın XVI əsrin sonu və XVII əsrin əvvəlləri aralığında Zəngəzur mahalında yaşayıb yaratdığını, Laçın rayonu Güləbird kəndində qəbirüstü məqbərəsinin olduğunu, lakin 1990-cı ildə erməni vandalizmi nəticəsində dağıdıldığını qeyd edib.


O, hazırda cənab Prezident İlham Əliyevin göstərişi ilə məqbərə və muzeyin bərpasına başlandığını diqqətə çatdırıb, görkəmli Haqq Aşığının yaradıcılığından bəhs edən kitabın ərsəyə gəlməsində əməyi keçənlərə və bu tədbirin keçirilməsinə yaratdıqları şəraitə görə başda Poeziya Evinin rəhbəri şair İbrahim İlyaslı olmaqla Regional Mədəniyyət İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirib.

Tədbir çərçivəsində Sarı Aşığın zəngin ədəbi irsinin qorunması, gələcək nəsillərə ötürülməsi və kitabın əhəmiyyəti barədə geniş müzakirələr aparılıb.

Şair-publisist, kitabın tərtibçisi İlham Qəhrəman Sarı Aşığın yaradıcılığı üzərində apardığı uzunmüddətli araşdırmalardan, “Gül dəftəri”nin IV nəşrinin özəlliklərindən və aşıq poeziyasının fəlsəfi dərinliyindən söz açıb, bayatılar səsləndirib.
 

O həmçinin tədbir iştirakçılarına təqdim edilən kitabın nəşrini maliyyələşdirən hüquq elmləri doktoru, tanınmış ictimai xadim və iş adamı Vüqar Novruzovun Moldovada Azərbaycan adına gördüyü işlərdən bəhs edib və xeyirxahlığına görə ona minnətdarlığını bildirib.


Xalçaçı-rəssam, Rəssamlar İttifaqının üzvü, ictimai xadim Fazil Abbasquluzadə Sarı Aşığın irsinin təkcə söz sənətində deyil, həm də milli təsviri və tətbiqi sənətimizdə, xalçaçılıq motivlərində yaşayan ruhundan, Zəngəzur mahalının yaradıcı insanların məskəni olmasından bəhs edib.

İcmanın Qadınlar üzrə məsul şəxsi, şəhid bacısı Afinə Ağayarova kitabın mənəvi dəyərinə toxunaraq, milli-mədəni köklərimizə sahib çıxmağın hər bir azərbaycanlının vətəndaşlıq borcu olduğunu qeyd edib.

Əslən Zəngəzur mahalı Qafan rayonundan olan dəyərli təhsil işçisi, ziyalı Bəxşeyiş Ələmşahov bildirib ki, Sarı Aşığın bayatıları ruhumuzun aynası, keçmişimizin və bu günümüzün silinməz yaddaşıdır.

Bu irsi yaşatmaq hər birimizin mənəvi missiyasıdır.

Mehri icmasının sədr müavini Bərəhman Zairov öz çıxışında Sarı Aşıq yaradıcılığına yüksək qiymət verib, kitabı gənclərə dil öyrətməsi və ana dilimizin sevilməsi baxımından əvəzsiz mənbə adlandırıb. Tədbirdə iştirak edən Qərbi Zəngəzura daxil olan Sisian, Gorus, Qafan və Mehri icmalarının hər birinə 15 ədəd “Gül dəftəri” verilib. Ümumilikdə, tədbirdə 100 ədəddən çox kitab hədiyyə edilib.

Tədbirin bədii hissəsində Sarı Aşığın bayatıları səsləndirilib, aşıq Anar Laçınlı və tələbələrinin ifasında aşıq musiqi nömrələri dinlənilib. Sonda tərtibçi İlham Qəhrəman oxucular üçün kitabları imzalayıb və tədbir iştirakçıları xatirə fotosu çəkdiriblər.


























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin