Üzeyir Hacıbəyov və əsgər çəkmələri

Hazırda oxunan: Üzeyir Hacıbəyov və əsgər çəkmələri

55682

Azərbaycan ordusunun çəkmə tələbatının Türkiyənin məşhur çəkmə firması - Yakupoğlu Dəri Sənaye Şirkəti tərəfindən qarşılanacağı ilə bağlı xəbər cəmiyyətin demək olar ki, bütün sferalarında məmnunluq hissi ilə qarşılanıb. Ordumuzun yüksək keyfiyyətli, 40 dərəcə şaxtaya davamlı çəkmələrlə təchizatı əksəriyyət tərəfindən əsgərlərimizə olan qayğıkeş münasibət, hökumətin ağıllı siyasəti kimi dəyərlndirilib. Şübhəsiz, vətənin keşiyində duran əsgərlərin silahdan tutmuş geyim əşyalarına qədər hər şeyin ən yaxşısı ilə təchiz edilməsi mütləq və təqdirəlayiqdir. Bu baxımdan Azərbaycan ordusunun çəkmə tələbatının məşhur türk firması tərəfindən qarşılanması yalnız alqışlana bilər. Lakin 125 min cütlük çəkmə alqı-satqısının heç də xoş təsir bağışlamayan başqa bir tərəfi də var ki, bu da analoqsuz iqtisadi inkişafa sahib olan, hətta NATO ölkələrinə belə pilotsuz aparatlar satan Azərbaycanın öz ordusuna geyindirmək üçün keyfiyyətli çəkmə istehsal edə bilməməsi ilə bağlıdır.

Nə qədər qəribə də olsa hərbi-sənaye kompleksinin sürətlə inkişaf etdiyi, bununla bağlı ciddi, hətta iddialı bəyanatların verildiyi ölkəmizdə əsgər üçün ən gərəkli, gündəlik tələbat malı olan çəkmə istehsalı əməlli-başlı problemə çevrilib. Halbuki, ölkənin hərbi-sənaye kompleksi öncə çəkmə, əsgər mundiri kimi ən zəruri ehtiyacların ödənməsi istiqamətində iş aparmalı, yalnız bundan sonra top, tank, təyyarə istehsalı kimi ciddi işlərə girişməsi daha məqsədəuyğun olardı. Ən azından ona görə ki, əsgərinə çəkmə istehsal edə bilməyən sənaye kompleksinin ağır atıcı silahlar istehsal etməsi gülüncdür. Ən azından ona görə ki, əsgərinə idxal çəkmə geyindirən bir ölkənin hərbi sənaye uğurlarının ciddiliyinə kimsəni inandırmaq mümkün deyil. Ən azından ona görə ki, heç bir normal məntiq keyfiyyətli çəkmə istehsal edə bilməyən hərbi-sənaye kompleksinin keyfiyyətli texnika, keyfiyyətli uçan aparatlar istehsalını qəbul edə bilməz. Və ən azından ona görə ki, bu, günlərlə ac qalan, yeməyə çörək tapa bilməyən bir şəxsin dondurma arzulaması qədər absurddur.

Bundan başqa, unutmaq olmaz ki, idxal çəkmə siyasəti ilə ordumuzun çəkmə problemini həll etmək mümkün deyil. Çünki Silahlı Qüvvələrdə xidmət edən hərbçilərə verilən çəkmənin istismar müddəti altı ay olduğu üçün hər altı aydan bir bütün geyim təchizatı, o cümlədən çəkmələrin təzələnməsi prosesi həyata keçirilir. Bu isə o deməkdir ki, Azərbaycan tərəfi hər altı aydan bir türk firmasına 125 min cüt çəkmə sifariş verməlidir.  Hansı ki, bu sifarişin hərbi-sənaye kompleksinin tərkibinə daxil olub-olmamasından asılı olmayaraq, yerli firmalar tərəfindən qarşılanması Silahlı Qüvvələrin geyim təchizatı üçün ayrılan vəsaitin önəmli bir qisminə qənaət etməyə, daşınma və s. kimi xərclərin aradan qaldırılmasına səbəb ola bilər.

Əslində bu gün baş verənlər Azərbaycanın dahi bəstəkarı və publisisti Üzeyir Hacıbəyovun "Biz  tövr  görürük?" felyetonunu xatırladır. Hansı ki, görkəmli publisist bu felyetonunda  qonşularımızın siçan boyda iş görməyə başladığı zaman bizim yatdığımızdan, onların işi fil miqyasına çatdırana qədər bizim yuxulamaqda davam etdiyimizdən bəhs edir.  Dahi publisist qeyd edir ki, biz bəlli bir zamandan sonra ayılaraq fil boyda işdən yapışır və nəhayətdə anlayırıq ki, nəyəsə nail olmaq üçün öncə siçan boyda işdən başlamaq lazımdır.

Şübhəsiz, biz Azərbaycanın hərbi-sənaye kompleksinin uğurlarına kölgə salmaq, onun gördüyü işlərin əhəmiyyətini azaltmaq niyyətində deyilik. Lakin bununla belə istəməzdik ki, xeyli zaman və enerji itirəndən sonra yenidən siçan boyda işdən başlamaq məcburiyyəti qarşısında qalaq. Çünki o zaman sözün həqiqi mənasında gülüş hədəfinə, məsxərə obyektinə çevriləcəyik. Odur ki, fildən siçana doğru deyil, siçandan filə doğru gedək... Yalnız bu şəkildə həqiqi güc sahibinə çevrilmək mümkündür.

 

Seymur Əliyev

e-mail: [email protected]

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin