Rusiya doğrudan da Azərbaycanla münasibələri daha da inkişaf etdirib müttəfiqlik səviyyəsində qaldırmaq niyyəti güdürsə, o zaman ilk növbədə Ermənistanın iğalçı siyasətinə son qoyan və bu işğalçı siyasətin aradan qalxmasına xidmət edən konkret addımlara imza atmalıdır.
Bunu Moderator.az-a açıqlamasında AR prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, professor Elman Nəsirov son dövlərdəki Rusiya ”“Azərbaycan münasibətləri, xüsusilə də Vladimir Jirinovskinin Azərbaycan haqqındakı fikirlərinə mövqeyini açıqlayarkən deyib.
“Bir az da açıq desək, ilk olaraq Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun işğaldan azad olunması və daha sonra isə Dağlıq Qarabağın statusunun müəyyən edilməsi ilə bağlı Rusiya tərəfindən beynəlxalq hüquq prinsipləri çərçivəsində davranışlar olmalıdır. Hesab edirəm ki, yalnız ondan sonra iki ölkənin daha sıx inteqrasiya prosesləri mümkündür”.
Onun fikrincə, Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin istiləşmə tendensiyasi hiss olunmaqdadır və bu da heç şübhəsiz, səbəbsiz deyil:
“Bunun ilk səbəbi bu gün Rusiyada hakimiyyətdə praqmatik insanların olması ilə bağlıdır. Çünki Vladimir Putin özü kifayət qədər praqmatik bir siyasətçidir və o fərqindədir ki, özünün müəllifi olduğu Gömrük və Avrasiya İttifaqı layihələrinin reallaşmasında Azərbaycan amili mühüm həlqədir. Moskava yaxşı anlayır ki, Azərbaycanın iştirakı olmadan bu layihələrin reallaşma və müvəffəqiyyət qazanama əmsalı elə də uğurlu olmayacaq. Bu baxımdan Putinin komandası bunun fərqindədir. Moskva onu da yaxşı başa düşür ki, bu quruma Ermənistan deyil, Azərbaycan qoşularsa, o zaman işlək bir formata çevrilə bilər. Odur ki, son münasibətlərə bu məntiqlə yanaşmaq lazımdır.”
Politoloq hesab edir ki, elə Vladimir Jirinovskinin də Azərbaycanla bağlı xoşniyyətli çıxışına bu prizmadan baxmaq lazımdır:
“Rusiya hakimiyyəti Azərbaycanla münasibətləri yaxşılaşdırmaq və növbəti mərhələyə keçidi təmin etmək üçün hətta Jirinovski amilindən də istifadə edir. Nəzərə alsaq ki, Jirinovskinin Rusiyada müəyyən elektoratı var və bu yolla Rusiyadakı anti-Azərbaycan meylli qüvvələri zərərsizləşdirmək istəyirlər. Çünki biz Jirinovskinin Azərbaycanla bağlı verdiyi ənənəvi bəyanatlara bələdik və birdən ”“birə onun Azərbaycanı dəstəkləyən çıxışı heç də təsadüfü deyil. Nəzərə alsaq ki, böyük siyasətdə heç nə təsadüfi baş vermir, o zaman biz Moskvanın bu niyyətinin arxasında nə durduğunu anlamış olarıq və burada da Avrasiya İqtisadfi İttifaqında Azərbaycanın daxil olması niyyətinin dayandığını görmüş olarıq. Amma Azərbaycan dövlətinin də məsələ ilə bağlı mövqeyi ortadadır. Azərbaycan bugünkü reallıqda adıçəkilən ittifaqa qoşulmağı hədəf kimi qoymayıb.Əsas səbəblərdən biri də Ermənistanın bu quruma üzv olmaq istəyidir. Azərbaycan isə Ermənistanın təcavüzkar siyasətinə etiraz olaraq təcrid siyasətini həyata keçirir. Əgər Azərbaycan Ermənistanla birlikdə belə bir iqtisadi qurumda fəaliyyət göstərərsə onda bu siyasətdən imtina edərək, işğalçı ölkə ilə iqtisadi əlaqələrini bərpa etmiş olur və işğalçıya dəstək siyasətini həyata keçirir. Anlamaq lazımdır ki, bu mümkün olan bir şey deyil. Odur ki, Rusiya Azərbaycanla münasibətlərini yeni daha üstün formatda qurmaq istyirsə, o zaman Ermənistanın işğalçı siyasətinin aradan qaldırılması istiqamətində real addımlar atmalıdır və bu addımlar onun davranışında hiss olunmalıdır. Yalnız ondan sonra yeni geosiyasi reallıqlar konteksində məsələlərə baxmaq olar. Hətta yaranacaq yeni geosiyasi reallıqlar müstəvisində Ermənistanın da təcridən çıxması məsələsinə baxmaq olar. İndi hər şey Rusiyadan asılıdır. Əgər Moskva Azərbaycanla srtateji tərəfdaşlıqda maraqlıdırsa və bu niyyətində səmimidirsə, o zaman öz münasibətində adekvat davranış tərzini nümayiş etdirməlidir.”
E. Nəsizrov onu da əlavə etdi ki, Rusiya bu gün Qarabağ məsələsində əsas söz sahibi olduğundan münaqişənin tənzimlənməsində də Ermənistanın mövqeyini dəyişə biləcək yeganə ölkədir:
“Bunun üçün Rusiyanın böyük potensialı var və Qarabağ məsələsinin həllində pozitiv rol oynaya bilər. Belə olan təqdirdə Azərbaycan Rusiyanın müəllifi olduğu layihələrdə iştirakına baxa bilər”, - o vurğulayıb.



































































































