“Naxçıvanı Qarabağdan betər aqibət gözləyirdi...”

Hazırda oxunan: “Naxçıvanı Qarabağdan betər aqibət gözləyirdi...”

46879

YAP-ın qurulmasında müstəsna xidmətləri olmuş azsaylı funksionerlərdən biri, hal-hazırda da hakim partiyanın Yasamal rayon təşkilatına başçılıq edən professor Fikrət İsmayılov Moderator.azın bir sıra suallarını cavablandırıb:

-Heydər Əliyev 93-cü ilin 15 iyununda hakimiyyətə gəlməsəydi bu gün biz hansı Azərbaycanda yaşayırdıq?

-Heydər Əliyev yetişməsəydi, bu günki Azərbaycan yox idi. Azərbaycanı bölüb parçalayacaqdılar, bir hissəsini Rusiya, bir hissəsini Ermənistan, bir hissəsini İran işğal edərək öz ərazisinə qatacaqdılar. Deyim ki, həmin dövrdə Azərbaycanın ən gərgin məntəqələrindən biri də heç də Qarabağdan az təhlükə qarşısında olmayan Naxçıvan idi. Heydər Əliyev vaxtında Naxçıvana getməsəydi, Naxçıvanı Qarabağdan betər bir aqibət gözləyirdi. Qarabağa əlimiz çatırdı və ən azından 3 tərəfdən Azərbaycan rayonlarının əhatəsində idi, amma Naxçıvan blokadada olduğundan oranın işğalı ermənilər üçün daha asan başa gələ bilərdi. Heydər Əliyev birinci Naxçıvanı xilas elədi, sonra bütünlüklə Azərbaycanı iflasın pəncəsindən alaraq onu qorumağı bacardı. Ardından o indiki Azərbaycanı qurub yaratdı və bizlərə miras qoyub getdi. Heydər Əliyev qısa zamanda Azərbaycanın nəinki bir neçə illik, onilkliklərə hesablanmış inkişaf strategiyasını müəyyənləşdirdi. Bilirsiniz, mən sizə bir məqamı deyəcəm və siz özünüz onun necə bir uzaqgörən tarixi şəxsiyyət olduğunu biləcəksiniz. Heydər Əliyev o dövrün ən nüfuzlu hüquq-mühafizə orqanlarından birində işləyə-işləyə Bakı Dövlət Universitetinin hüquq fakultəsini deyil, məhz tarix fakultəsini seçməsinin səbəbini düşünmüsünüzmü? Əslində hamı məhz hüquq fakultəsini seçməliydi və seçərdi. Amma o məqsədli şəkildə tarix fakultəsini seçdi. Bu, onun uzaqgörənliyi idi. Azərbaycanın keçmişini, qədim və son dövrlərdəki tarixini təhlil etmək, hakimiyyətlərin mövcudluğunu və süqutunun səbəblərini analiz etmək, əsrlər boyu millətimizin başına gələn fəlakətlərin səbəblərini dəqiq öyrənmək üçün Heydər Əliyev tarix fakultəsini seçdi. Məhz bu gün biz görürük ki, necə uzaqgörən bir siyasi xadimin bizə miras qoyduğu bir dövləti, dövlətçiliyi təmsil edirik. Məsələn, 1918-ci ildə yaradılmış müstəqil Azərbaycan cəmisi 23 ay ayaqda dura bildi. Çünki bu dövlətin tərkibində müsavatçılar da vardı, daşnaklar da, bolşeviklər də vardı, menşeviklər də. Bütün bunların hamısı bu dövlətin süqutuna gətirib çıxardı. Heydər Əliyev bunlardan nəticə çıxardı. Bundan əlavə onun birinci dəfə Azərbaycanda rəhbərlikdə olduğu dövrdəki gördüyü işlər də onun uzaqgörənliyini tamamilə ortaya qoymağa kifayət edir. Sovetin o dövründə Naxçıvanski adına hərbi məktəbi yaratmaq hər adamın işi deyildi. Sovet hökumətinin dünyaya meydan oxuduğu bir vaxtda respublikada hərbi məktəb yaratmaq ağılasığmaz bir gediş idi. O bu günki gün üçün yaradırdı o məktəbi. O Azərbaycan Konstitusiyasına Azərbaycan dilini dövlət dili kimi saldırmaq üçün nələrdən keçmədi? Balaca bir respublikada irili-xırdalı 250 sənaye müəssisələri yaratmaq zarafat məsələ deyildi. Təkcə Dərin Özüllər zavodunu götürün. Bu nəhəng zavodsuz müasir Azərbaycan neft sənayesini təsəvvür etmək olardımı? Dərin Özüllər Zavodu iqtisadiyyatımızın təməl daşlarından biridir. Bütün bunlar Heydər Əliyevin Azərbaycana yenidən qayıtmasını və ona ikinci dəfə nəfəs verməsini labüd edirdi. O isə bu missiyanı yalnız onun bacara biləcəyinə əmin olaraq özünü və ailəsinin taleyni riskə ataraq Bakıya qayıtdı. Amma ona Bakıda qalmağa imkan vermədiklərinə görə Naxçıvana-ata-baba yurduna getdi və onun gəlişi Muxtar Respublika əhalisinin öləziməkdə olan ümidlərini bərpa elədi və hamı onu bir xilaskar kimi qəbul elədi. O vaxtında Naxçıvana rəhbərliyi öz üzərinə götürməsəydi,Naxçıvan Qarabağdan qabaq əldən getmişdi. O, Qars müqaviləsini bərpa elədi, Türkiyə və İranla danışıqlar apararaq Muxar Respublikanı blokada şəraitindəki sıxıntılardan xilas etmək üçün yorulmadan çalışdı.

-YAP-ın yaradılması dönəmində siz hansı vəzifədə işləyirdiniz?

-Mən Milli Elmlər Akademiyasının Fizika İnstitutunda laboratoriya müdiri idim.

-Partiyanı yaratmaq üçün deyəsən xeyli çətinliklərə sinə gərməli olmusunuz. Hətta fiziki və mənəvi terrora da məruz qalmısınız...

-Mənim laboratoriyam olmuşdu cəbbəxana. Silah-sursatla, top-tüfənglə dolu idi. Daha doğrusu, pullar seyfimdə olurdu, otaqlarsa silahla dolu idi. Misal üçün Siyavuş və Rizvan Vahabov gəlirdilər ki, Ukraynadan yük təyyarəsi gəlib, içi də silah-sursatla, tankla-topla doludur. Onu Naxçıvana aparmaq üçün filan qədər vəsait lazımdır. Mən də dəftərə yazırdım və vəsaiti verirdim aparırdılar.

-Həmin dövrdə hansı basqılara məruz qaldığınızı xatırlayırsınızmı?

-Birbaşa mənə qarşı hədə-qorxu olmadı. Amma yoldaşlarıma xəbərdarlıq etmişdilər ki, ona deyin bir az ehtiyatlı olsun. Hətta sonradan bildim ki, məndən xəbərsiz bizimkilər arxamca mühafizə təşkil ediblərmiş, heç xəbərim olmayıb. Hadisələr sakitləşəndən sonra günlərin bir günü iki-üç nəfər cavan oğlanı gətirdilər otağıma və soruşdular ki, bunları tanıyırsınızmı? Mən də soruşuram ki, hansı təşkilatdansınız? Gülümsünərək deyirlər ki, təşkilatda deyillər, neçə vaxtdır ki, sizi özünüzdən zəbərsiz mühafizə etmək üçün onları ayırmışdıq. Yalnız o zaman yadıma düşdü ki, hər dəfə institutdan çıxanda bir nəfər qabaqda, iki nəfər arxada məni izləyirdilər. Avtobusa minirdim, mən qabaqdan minəndə onlar arxadan minirdilər, yaxud piyada gələrək Elmlər Akademiyasının həyətinə girirdim, görürdüm ki, bunlar yenə burdadır. Yalnız bunlar mənə deyəndə ötənlərdə yaşadıqlarımı xatırlayıb anladım ki, bu uşaqlar əslində məni qoruyurmuşlar. Səbəb də bu imiş ki, bizimkilərə məlumat çatıbmış ki, Murtuz Ələsgərovun başına gələnlər mənim də başıma gətirilməlidir. Ona görə də mənə demədən mühafizəmi təşkil ediblər.

-“91-lər” siyahısının tərtib olunmasında hansı xidmətləriniz olub? Şəxsən kimin adını ora siz salmısınız, yaxud sizin tövsiyənizdən sonra salınıb?

-O siyahının tərtib olunmasında Murtuz müəllimin daha çox xidmətləri olub. Murtuz müəllim Elmlər Akademiyasının prezidentinin kabinetində əlində kağız-qələm bir-bir camaata müraciət edirdi ki, siz Heydər Əliyevin gəlməsinə imza atırsınızmı?

-O siyahının ərsəyə gəlməsində ən çox xidmətləri olan adam kim idi?

-Murtuz Ələsgərov.

-Bəs Sirus Təbrizli və ya Əli Nağıyev?

-Əli Nağıyev Heydər Əliyevlə əlaqə saxlayan əsas şəxs olduğundan o ümumi təhbərlik edirdi.

-Heydər Əliyev Naxçıvanda olanda onunla görüşünüz oldumu?

-Bəli. Mən, Səyyad Aran, akademik Nadir Seyidov getmişdik Naxçıvana Heydər Əliyevin görüşünə. Hələ 90-cı il idi. Heydər Əliyev bacısı qızıgildə qalırdı, mən də Naxçıvana bacım qızının toyuna getmişdim, eşitdim ki, Heydər Əliyev ordadır, getdim onun ziyarətinə. Görüşdük və oturub xeyli söhbət elədik. Bizi çay süfərisnə dəvət elədi və keçmişləri xatırlatdı. Elə ovqat yaratdı ki, biz onunla asanlıqla həmsöhbət ola bildik və açıq danışdıq. Heydər Əliyev orda mənə bir daha tövsiyyə elədi ki, sən bir az ehtiyatlı ol. Bir dəfə orda dedi bu sözü mənə, bir dəfə də Fəxri Xiyabanda dedi. Elektrotexnika İnstitutunda tədbir vardı, Heydər Əliyevlə partiya üzvlərinin görüşü idi.

-Hələ hakimiyyətdə AXC idi.

-Bəli. Tədbirdən sonra Heydər Əliyev gəldi Fəxri Xiyabana, öz keçmiş silahdaşlarının hamısını yad elədi. Rəfael Allahverdiyev də bir qucaq gül gətirmişdi, hamısının qəbrinin üstünə bir bir gəzib gül qoydu. Orada da bir qədər söhbət elədik. Heydər Əliyevə dedim ki, bu gün əgər 500 üzvümüz varsa, bir ilə biz bunu 5 minə çatdıracağıq. Qayıtdı ki, saya yox, əsas keyfiyyətə fikir vermək lazımdır. Onun bu sözlərini də biz özümüzə rəhbər tutmuşuq.

-Yasamal rayon təşkilatının nə qədər üzvü var?

-Yasamal rayon təşkilatı 93-cü ilin 20 fevralında yaranıb. Onda 550 nəfərlə təsis konfransı keçirildi. Bu günsə Yasamal təşkilatındakı partiya üzvlərinin sayı 26 mindən yuxarıdır. Təşkilatın üzvləri içərisində 20 akademik, 45-dən yuxarı müxbir üzv, elmlər doktorları və elmlər namizədləri var.

-Müavinləriniz kimlərdi? YAP Yasamal Rayon təşkilatı sədrinin neçə müavini var?

-Tağı Əhmədovdu, Yasamalın icra başçısıdır, Rasim Nəbiyevdir, akademik Qərib Məmmədovdur.

-Müavinləriniz tez-tezmi gəlirlər qərargaha, yoxsa ayda-ildə bir dəfə görünürlər?

-İdarə Heyətinin iclaslarında iştirak edirlər.

-Gülər Əhmədova əvvəllər Yasmal rayon təşkilatının üzvü idi...

-O başqa yerdə partiyaya daxil olub. Sonradan o universitetə keçdiyinə görə universitetdə partiya uçotunda oldu.

-Hal-hazırda Yasmal Təşkilatında üzv kimi qalırmı?

-Xeyr. Universitet onunla bağlı qərar çıxardı, partiyadan çıxarıldı və biz də onların qərarını təsdiq etdik.

-Heydər Əliyevi müasir Azərbaycanın memarı adlandırırlar, bəs İlham Əliyevi bir cümlə ilə necə xarakterizə edərdiniz?

-Heydər Əliyevin son müraciətində bir fikri vardı ki, mənim görə bilmədiyim işi İlham görəcək. O da Heydər Əliyevin uzaqgörənliyi idi. Əgər İlham Əliyev olmasaydı, Azərbaycan bu günki inkişafa gəlib çatmayacaqdı. İlham Əliyevin yerinə bir başqa adam olsaydı, indi Azərbaycan bəlkə də yenidən məhvə gedərdi. İlham Əliyev atasının siyasətini zərgər dəqiqliklə həyata keçirdiyinə görə Azərbaycan bu günki inkişaf səviyyəsinə çatıb.

-Bir ağsaqqal YAP funksioneri kimi bəlkə təkliflə çıxış edəsiniz ki, dünyanın indiki həssas dönəmində umu-küsünü bir kənara qoyub milli maraqlar naminə iqtidarlı müxalifətli hamının bir yerdə olmasına ehtiyac yarandığına görə hamı bir masa ətrafına toplaşsın?

-Bu suala özünüz cavab verdiniz. Bizim birliyimizə ehtiyac var. Təbii ki, Azərbaycanda da qarışıqlıq yaratmaq istəyən qüvvələr var. Amma Heydər Əliyevin qoyub getdiyi və İlham Əliyevin davam etdirdiyi siyasət bu qüvvələrin əl-qol açmasına imkan vermir. Biz bu müstəqilliyimizi göz bəbəyimiz kimi qorumalıyıq.

-Bəlkə bir təkliflə çıxış edəsiniz və indiki prezidentlə YAP-ın özəyini təşkil edənlərin, Heydər Əliyevin silahdaşlarının daha bir görüşünü təşkil edəsiniz?

-Onu gərək yuxarıdan, mərkəzi qərargahdan məsləhət etsinlər. Amma sizinlə razıyam, belə bir görüş yaxşı olardı. Partiyanın nüfuzu bir az da artardı. Partiyanın nüfuzu etiraf edək ki, prezident seçkilərindən sonra xeyli artdı. YAP İcra katibi Əli Əhmədovun baş nazirin müavini təyin edilməsi, AMEA-nın prezidenti Akif Əlizadənin, “Qaçqınkom” sədri Əli Həsənovun  YAP sədrinin müavinləri seçilmələri partiyanın nüfuzunun göstəricisi hesab olunmalıdır. Amma mən də razıyam ki, belə bir görüşə ehtiyac var və bu cür səmimi söhbət partiyanın nüfuzunu daha da artırar.

-Vaxtilə bu partiyanı kərpic-kərpic quran bir sıra funksionerlər indi partiya həyatından kənarda qalıb. Heç keçmiş funksionerlərlə əlaqə saxlayırsınızmı? Daha doğrusu, onlar sizi arayaraq əhvalınızı soruşurlarmı heç?

-Niyə ki. Əli Nağıyevlə tez-tez zəngləşirik, görüşürük. Səyyad Aran da tez-tez halımı soruşanlardandır. 91-lərin bir çoxu həmişə zəng edirlər, bura da gəlirlər, oturub söhbətləşirik də.

-Ümummilli bəlamız olan Qarabağ münaqişəsinin həlli yollarıyla bağlı sizin fikriniz nədir?

-Bir dəfə mən Milli Məclisdə olanda dedim. Siyasət son aqibəti məhdud şəxslərə bəlli olan ictimai-siyasi prosesdir. Yəni bu münaqişənin həlli yolları məhdud şəxslərə məlumdur. Əgər bu müzakirələr həmin o məhdudiyyətdən kənara çıxsa, artıq o siyasət rolunu itirər. İndi bu siyasətin məğzini prezident başda olmaqla məhdud sayda adamlar bilir, onlar da çalışırlar ki, qan tökülmədən həllini tapsın. Müharibə varinatı onsuz da hər zaman ehtiyatda gözləyir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin