ABŞ Prezidenti Donald Tramp yeni "Boeing 747-8" markalı prezident təyyarəsi (Air Force One) ilə ilk uçuşunu reallaşdırıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi məlumat yayıb.
Sözügedən təyyarə 2025-ci ilin may ayında Qətər kral ailəsi tərəfindən ABŞ-a hədiyyə edilib və Pentaqonun balansına verilib.
Prezident daşımalarının təhlükəsizlik və rahatlıq tələblərinə uyğun olaraq yenidən təchiz edildikdən və uçuş sınaqlarından keçdikdən sonra layner ilk rəsmi missiyasını yerinə yetirib. Təyyarə iyulun 1-də Trampı Vaşinqton yaxınlığındakı Endryus birgə hərbi bazasından Şimali Dakota ştatına çatdırıb. Dövlət başçısı burada iyulun 4-də açılışı planlaşdırılan Teodor Ruzveltin Prezident Kitabxanasını ziyarət edib.
Əvvəlki ağ-göy rəngli prezident laynerlərindən fərqli olaraq, ağ-qırmızı-qara rənglərə boyanmış bu təyyarənin modernləşdirilməsinin son xərcləri gizli saxlanılır.
ABŞ Hərbi Hava Qüvvələrinin məlumatına görə, həyata keçirilən modifikasiya işlərinin rəsmi dəyəri 400 milyon dollar təşkil edib. Bu vəsaitin böyük hissəsi əsasən məxfi rabitə və təhlükəsizlik sistemlərinin quraşdırılmasına sərf olunub.
Bizim.Media


































































































