Bakının Ağ Şəhər ərazisində yerləşən restoranlardan birində müştərinin geyimi ilə bağlı restoran əməkdaşları tərəfindən irad bildirildiyi iddia olunub.
Belə ki, müştəri sosial şəbəkədə paylaşdığı məlumatda qeyd edib ki, məşhur restoranlardan birində ona "Bizdə dress code var, növbəti dəfə bu cür açıq geyinməyin" deyə xəbərdarlıq edilib.
Bu hadisə sosial şəbəkə istifadəçiləri arasında birmənalı qarşılanmayıb. Bəziləri restoranın müəyyən geyim qaydaları tətbiq etməsini normal hesab etsə də, digərləri ictimai iaşə obyektində müştərinin geyiminə müdaxilənin doğru olmadığını bildiriblər.
Məsələ ilə bağlı sözügedən restoranla əlaqə saxladıq. Restorandan bildirildi ki, müəssisədə rəsmi şəkildə müəyyən edilmiş geyim tələbi olmasa da, bəzi hallarda müştərilərə geyimləri ilə bağlı irad və ya tövsiyə verilə bilər.
"Hazırda bizdə heç bir "dress code" yoxdur. Bəli, ola bilər ki, çox vulqar geyimlərə elə bir söz deyilə bilər. Bu, təkcə bizdə belə deyil, şəhərin bir çox tərbiyəli məkanında belədir. Çünki restoranımıza ailəsiylə, nişanlısıyla, azyaşlı uşaqlarıyla gələn müştərilər, xarici qonaqlar var. Biz burada sadəcə yemək vermirik, öz milli mədəniyyətimizi əks etdiririk", -deyə restorandan bildirilib.
Bəs görəsən, bu irad xarici qonaqlara da bildirilir?
Restoran əməkdaşının sözlərinə görə gələn müştərinin yerli və ya xarici turist olmasının heç bir fərqi yoxdur:
“Sadəcə çox vulqar olan geyimlərə qarşıyıq”-deyə qeyd olunub.
Məsələ ilə bağlı sosioloq Elçin Bayramlı isə saytımıza açıqlamasında restoran sahibinin qəbuledilməz geyimdə olan müştəriyə irad bildirməyə haqqı olduğunu deyib:
“Məsələyə birtərəfli yanaşmaq olmaz. İctimai məkanlarda hər şeyin bir həddi var. Geyim də bir etik normadır, buna görə onun da bir həddi olmalıdır. Bura Azərbaycandır, bizim milli-əxlaqi dəyərlərimiz var. Onları ayaqlamaq olmaz. İnsanlar belə ictimai məkanlara normal geyimdə gəlməlidir.
Bu söhbətlərə birdəfəlik son qoyulmalıdır. Məsələn, bir ailə gəlib restoranda istirahət edirsə, hər hansı bir kişinin və ya qadının çimərlik geyimində gəlib, onları narahat etməyə haqları var? Bu, qəbuledilməzdir. İnsanı heyvandan fərqləndirən onun etikası, geyim mədəniyyətidir. Hər yerin öz geyim forması var. Əlbəttə, yay fəslidir, açıq geyim geyinənlər ola bilər, ancaq bunun da bir həddi olmalıdır".
"Biz Afrika qəbiləsi deyilik".
"İnsanlar hansı ölkədə, cəmiyyətdə yaşadıqlarını fərqində olmalıdırlar. Mən buna görə də restoran sahiblərinin bu iradlarını dəstəkləyirəm. Müştərilər əgər istəyirlərsə, çimərlik geyimində çimərlik restoranlarında əyləşə bilərlər. Nə efirdə, nə də digər ictimai məkanlarda yarıçılpaq gəzməlidirlər. Biz yarpaq geyinən Afrika qəbilələrindən deyilik, mədəni, inkişaf edən sivil ölkəyik. Özünə, cəmiyyətə hörmət edən insan etik normaları bilir və onlara hörmət edirlər", - deyə Elçin Bayramlı sonda bildirib.
Nəzrin Mirzəyeva, Bizim.Media

































































































