Rusiyanın “bin Ladeni” öldü..?

Hazırda oxunan: Rusiyanın “bin Ladeni” öldü..?

43409
Martın 18-də internet portallarında “Qafqaz Əmirliyi”nin lideri Doku Umarovun ölüm xəbəri yayılıb. Bu barədə “Kavkazcenter.com” saytı məlumat verib. D.Umarovun ölüm xəbəri saytda və “Twitter” hesabında yayımlanıb. Eyni zamanda xəbərdə D.Umarovun yerinə Əli əbu Məhəmmədin seçildiyi də qeyd olunub. 

Ancaq Doku Umarovun ölümü ilə bağlı xəbərləri hələlik rəsmi mənbələrdən təsdiqləmək mümkün olmayıb. Rusiya Terrorla Mübarizə Komitəsindən bu məlumatı təsdiqləyə bilməyəcəklərini bildiriblər. 

Qeyd edək ki, bu, son illərdə D.Umarovun artıq neçənci dəfə yayılan ölüm xəbəridir. 2007-ci ildən çeçen döyüşçülərinə rəhbərlik edən D.Umarovun adı 2010-cu ildə Moskva metrosunda törədilən və 77 nəfərin ölümünə səbəb olan terror aksiyası, eləcə də 2011-ci ildə Moskvada Domodedova hava limanında baş verən və 36 nəfərin ölümü ilə nəticələnən terror olayında əsas günahkar kimi hallanır. Eyni zamanda ötən il və bu ilin əvvəlində Rusiyanın mərkəzi ərazilərində baş verən bir neçə intiharçı terror hücumlarının əsas məsuliyyəti də D.Umraovun üzərində idi. 

“Ölməz” Doku...



Qeyd edək ki, sonuncu dəfə 2009-cu və 2011-ci illərdə Doku Umarovun “ölüm” xəbəri yayılıb. D.Umarovun ölüm xəbərini “İnterfaks” Agentliyi yayıb. Ancaq sonradan məlumat təsdiqini tapmayıb. Bu ilin yanvarında Doku Umarovun daha bir “öldü” xəbərini Çeçenistanın prezidenti Ramzan Kadırov verib. Kadırov bildirib ki, D.Umarov sağ deyil: “Biz çoxdan 99 faiz əminik ki, D.Umarov əməliyyatlardan birində öldürülüb. Onun ölməsi ilə bağlı əlimizdə sübut var”. 

Çeçenistan Respublikasının başçısının sözlərinə əsasən, Kabardin və Dağıstan əmirlərinin danışıq yazısında onlar “Umarov ölüb və Qafqaza yeni əmir seçmək lazımdır” deyiblər: “Kabardin əmiri Dağıstanın başçısına təkidlə təklif edib ki, bu vəzifəyə Çeçenistanda anadan olmuş Vadalov “əmir” seçilsin”. 

Ancaq daha sonra “bu məlumat” da təsdiqini tapmayıb. Ümumiyyətə son 10 ildə təxminən 10 dəfə müxtəlif versiyalarda D.Umarovun öldüyü və ya ağır yaralandığı haqda məlumatlar yayılsa da, sonradan xəbərlər təsdiqini tapmayıb. 
 

İxtisasca memar olan Qafqaz “əmiri”... 




Doku (çeçencə Dokka) Umarov 1964-cü il aprelin 13-də Çeçenistanın cənubunda Şatoy rayonunun Xarsen kəndində dünyaya gəlib. Təhsilli ailənin övladı olan Doku Qroznı Neft İnstitutunun memarlıq fakültəsini bitirib. İkinci ali təhsilini hüquq fakültəsində almaq istəsə də, Birinci Rus-Çeçen müharibəsinin başlaması ilə təhsilini yarımçıq qoymalı olub. Doku Umarov 1994-cü ildə başlayan Birinci Rus-Çeçen savaşına qatılmaq üçün Moskvadan Qroznuya gəlib. 

Birinci çeçen müharibəsi ərəfəsində Ruslan Gelayevin başçılıq etdiyi “Borz” (canavar) polkunda qulluq edən D.Umarov çeçen millətçisi kimi məşhurlaşır və sonradan sürətlə radikal dini cərəyana meyl edir. Doku Umarov 1996-cı ildə briqada generalı rütbəsi alır. Sonradan Aslan Məshədovun prezidentliyi dövründə tanınmamış İçkeriya Respublikasının Təhlükəsizlik Şurasının katibi olur. Daha sonra Cinayətkarlığa Qarşı Mübarizə Qərargahına başçılıq edir.

İkinci çeçen müharibəsi zamanı ”“ 1999-cu ildə Qroznıda döyüşlərdə çənəsindən yaralananan D.Umarov 2001-ci ildə çeçen silahlılarının qrupunda qərb cəbhəsinə komandanlıq edir. 2004-cü ildə Milli Təhlükəsizlik Xidmətinin direktoru, bir ildən sonra isə vitse-prezident təyin olunur. 2006-cı ildə İçkeriya prezidenti Abdulhalim Sadullayevin ölümündən sonra prezident seçilən D.Umarov bir il sonra İçkeriya-Çeçen Respublikası sözünü ləğv edərək, 2007-ci il oktyabrın 7-də “Qafqaz Əmirliyi” adlı dövlət yaratdığını elan edir. Doku Umarov bu günə qədər “Qafqaz Əmirliyi”nin rəhbəridir. 


D.Umarov ailəlidir, 6 övladı var. Birinci Rus-Çeçen savaşında gedən döyüşlərdə qardaşı Musa Dokko, İkinci müharibədə isə İsa öldürülüb. Eyni zamanda atasının FSB tərəfindən həbs olunduğu bildirilir. 

Qeyd edək ki, bir sıra çeçen savaşçıları kimi Doku Umarov da Birinci Rus-Çeçen savaşında ruslara qarşı çeçen millətçisi kimi savaşıb. Bu dövrdə əsas ideya Çeçenistanın (həm də Şimali Qafqazın ”“ K.R) müstəqilliyi idi. Ancaq Birinci Rus-Çeçen savaşından sonra Çeçenistanda, ümumiyyətlə Şimali Qafqazda vəziyyət dəyişdi. Dünyanın müxtəlif bölgələrindən gələn “mücahidlər”in təsiri ilə Çeçenistanda ənənəvi İslam (Şimali Qafqazda ənənəvi olaraq, İslamın Nəqşibəndi təriqəti yayılıb ”“ K.R) sıxışdırılaraq, radikal sələfilik geniş yayılmağa başladı. Məhz bu amilə görə Rusiya hakimiyyəti Çeçenistanın ənənəvi din xadimlərini dəstəkləyərək, onları (Kadırovun timsalında ”“ K.R) “gəlmə” dini cərəyana qarşı dəstəklədi. Doku Umarov da Şamil Basayevin taleyini yaşadı. İkinci Rus-Çeçen savaşında artıq Ş.Basayev kimi D.Umarov da radikal islamçı idi və Şimali Qafqazda “əmirlik” qurmaq niyyətilə yaşayırdı.  

Doku Umarovun “Qafqaz Əmirliyi” yaratması çeçen savaşçıları və diaspor hərəkatı arasında fikir ayrılığını dərinləşdirdi. Əhməd Zakayev D.Umarovun bu addımını qınadı. 

2010-cu ilin avqustunda Doku Umarov “səhhəti ilə əlaqədar” istefa verdiyini, öz yerinə isə Aslambek Vadalovu təyin etdiyini bəyan edir. D.Umarov A.Vadalovun “cihad üçün daha gənc və enerjili olduğunu” əsas göstərir. Ancaq bir neçə gündən sonra Doku Umarov bu bəyanatı yalanlayır və istefa vermədiyini, ona qarşı qiyam həyata keçirildiyini bildirir. 

Rusiyanın “bin Ladeni”...


Qeyd edək ki, hakimiyyətə yeni gələndə terrora qarşı olduğunu bəyan edən Doku Umarovun adı sonrakı illərdə Şimali Qafqazda və eləcə də Rusiyanın bir sıra əyalətlərində, o cümlədən Moskvada həyata keçirilən bir sıra terror olaylarında hallanıb. Hazırda Rusiyanın ən çox axtardığı terrorçu siyahısında olan D.Umarov həm də Rusiyanın “Bin Ladeni” adlandırılır. 

Nə qədər qəribə də olsa, bin Laden də inşaat sahəsində ixtisaslaşmış böyük bir şirkətin sahibi idi. Məhz D.Umarovun rəhbərlik etdiyi qruplaşmalar Soçi Olimpiadası üçün əsas təhdid hesab olunurdu. Çeçen lider özü də bu haqda açıqlama yaymışdı. 2013-cü il iyulun 1-də yaydığı videomüraciətdə D.Umarov 2014-cü ilin Soçi Qış Olimpiadasına “Allahın imkan verdiyi bütün vasitələrdən istifadə etməklə, əzəmətli güclə” imkan verməyəcəklərini bildirirdi. Bu çağırış Rusiyada ciddi narahatlıqla qarşılanmışdı. Sonrakı proseslər göstərdi ki, ruslar D.Umraovdan qorxmaqda haqlı olublar. Ötən ilin yayında və payızında Volqoradda, daha sonra Stavrapolda terrorçu-kamikadzenin törətdiyi partlayışlar Rusiyanı lərzəyə saldı. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin