10 iyun 2015-ci il tarixində ADAU-nun "ən yaxşı universitet" adına layiq görülməsi münasibətilə yığıncaq keçirilib. Yığıncağı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək bildirib ki, universitetin maddi-texniki bazasının əsaslı şəkildə möhkəmləndirilməsi, beynəlxalq əlaqələrinin genişləndirilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivlik və şəffaflığın təmin olunması istiqamətində görülmüş işlərin nəticəsidir ki, son dövrlərdə onun işgüzar nüfuzu xeyli artmışdır. Buna misal olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin "İctimai Təşəbbüslərin dəstəklənməsi layihəsi" çərçivəsində Azərbaycandan Kənarda Təhsil Almış Məzunlar Təşkilatının hazırladığı Azərbaycanda Ali Məktəblərin reytinq cədvəlinə əsasən universitetin Gəncə şəhərində yerləşən ali təhsil müəssisələri arasında 1-ci və respublikada 7-ci yeri tutmasının, ENACTUS komandasının 30-31 may 2015-ci il tarixlərində Bakı şəhərində keçirilmiş tələbələrin azad sahibkarlıq fəaliyyəti proqramı üzrə X milli çempionatın qalibi olmasını və Cənubi Afiika Respublikasında keçiriləcək beynəlxalq çempionatda ölkəmizi təmsil etmək hüququnu qazanmasını göstərmək olar.
Bundan əlavə, 23-24 aprel 2015-ci il tarixində Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilmiş Qara dəniz regionu ölkələrindən olan rektorların 11-ci konfrasının sessiyasında Qara Dəniz Universitetləri Şəbəkəsinin Baş Asambleyasının qərarına əsasən Azərbaycan Dövlət Aqrar Universiteti təşkilata üzv qəbul olunmuşdur. Təşkiiat dünyanın 12 ölkəsinin 120 universitetini özündə birləşdirməklə, üzvlər arasında təhsil, elmi-tədqiqat və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi missiyasını yerinə yetirir. Hazırda Gəncə şəhərindən yalnız Azərbaycan Dövlət Aqrar Universiteti qeyd olunan təşkilatın tamhüquqlu üzvüdür.
"Azərbaycan Universitetləri" facebook səhifəsi tərəfindən keçirilən 2014/2015-ci il tədris ilinin "ən yaxşı universiteti" sosial sorğusunun qalibinin məhz Azərbaycan Dövlət Aqrar Universitetinin olmasını görülmüş işlərin nəticələrindən biri kimi qiymətləndirmək olar. Səhifədə əksini tapmış informasiyaya əsasən, ilk dəfədir ki, Bakıdan kənarda (Gəncədə) yerləşən ali təhsil müəssisəsi tədris ilinin ən yaxşı universiteti seçilib. Rektor, qələbə münasibətilə professor-müəllim və tələbə heyətini təbrik edərək bundan sonra da aqrar sahənin müasir kadr və elmi təminatının hər bir müəllim və tələbənin qarşısında duran əsas vəzifələrindən biri olduğunu qeyd edib.
Tədbirdə iştirak edən universitetin müəllimləri, tələbələri çıxış edərək ADAU-nun "ən yaxşı universitet" adına layiq görülməsini böyük sevinc hissi ilə qarşıladıqlarını bildiriblər.









































































































