Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsinin Avropa İttifaqına (Aİ) tamhüquqlu üzvlüyü ilə bağlı hələlik dəqiq qərarın olmadığını bildirib.
Bizim.Media xəbər verir ki, nazir Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı nə Ermənistanın, nə Aİ-nin, nə də ittifaqa üzv ölkələrin İrəvanın quruma tamhüquqlu üzv kimi qəbul edilməsi ilə bağlı qərarın olub-olmadığını bildiyini deyib.
Onun sözlərinə görə, Ermənistan sabah Aİ-yə üzvlüyə razılıq versə belə, məsələ ilə bağlı aydınlıq yoxdur.
Ölkənin ittifaqa qoşulması ilə bağlı ciddi müzakirələrə isə yeni başlanılıb. Mirzoyan Ermənistanla Aİ arasında münasibətlərin hazırda “misli görünməmiş dərəcədə dərin və yaxın” olduğunu vurğulayıb.
Nazir, həmçinin Ermənistanın coğrafi əhatəsində yerləşən Azərbaycan, Türkiyə, İran, Gürcüstan və Rusiya ilə münasibətlərin əhəmiyyətinə diqqət çəkib. Azərbaycanın və Türkiyənin Ermənistanla sərhədlərinin hələ də bağlı olduğunu qeyd edən Mirzoyan normallaşma prosesinin davam etdiyini bildirib.
O, Ermənistanın Avropa İttifaqına yaxınlaşmasına Rusiyanın mümkün reaksiyasının da nəzərə alınmasının vacibliyini vurğulayıb.
Bizim.Media



































































































