Gənclər niyə televiziya yerinə “Youtube”u SEÇDİLƏR?

Hazırda oxunan: Gənclər niyə televiziya yerinə “Youtube”u SEÇDİLƏR?

622915

Son illərdə insanların media vərdişləri xeyli dəyişib. İllər əvvəl hansısa dirəkdən asılmış radiodan yayılan səs onları dünyada və ölkədə baş verənlərdən xəbərdar edirdisə, zamanla bu mavi ekranlara daşındı. Daha sonra isə texnologiyanın inkişafı ilə bir çox onlayn platformalar meydana çıxdı. İndi xüsusilə gənclər televiziya qarşısında saatlarla vaxt keçirmək əvəzinə “YouTube” videolarına baxmağa və podkast dinləməyə daha çox üstünlük verirlər.

Bizim.Media-nın araşdırmasına görə, bunun bir çox səbəbi var.

Birincisi, ənənəvi televiziyada verilişlər müəyyən saatlarda yayımlanır. Əgər həmin vaxt insan işdə, yoldadırsa və ya alternativ işlə məşğuldursa, verilişi izləməsi mümkün olmur. “YouTube” və podkastlarda isə belə bir məhdudiyyət yoxdur. İstifadəçi istədiyi vaxt videoya baxa, podkastı dinləyə, hətta yarımçıq saxlayıb sonra davam edə bilər. Bu rahatlıq gənclərin seçimində mühüm rol oynayır.

Digər vacib məqam məzmun müxtəlifliyidir.

YouTube və podkast platformalarında demək olar ki, hər mövzuda material tapmaq mümkündür. Təhsil, texnologiya, musiqi, idman, kino, dəb, səyahət, şəxsi inkişaf və gündəlik həyatla bağlı minlərlə fərqli məzmun mövcuddur. Hər kəs öz marağına uyğun kanal və ya podkast seçə bilir.
 

Gəncləri bu platformalara cəlb edən başqa bir xüsusiyyət isə səmimiyyətdir. Məzmun yaradıcıları adətən rəsmi dildən uzaq, sadə və gündəlik ünsiyyət tərzində danışırlar. Bu da izləyicilərdə yaxınlıq hissi yaradır.


Daha bir cəzbedici məqam isə qarşılıqlı əlaqədir.

Yəni istifadəçilər videolara şərh yaza, sual verə və fikirlərini bölüşə bilirlər. Bu qarşılıqlı ünsiyyət televiziya ilə müqayisədə daha canlı və maraqlıdır.

Mobil telefonların və internetin geniş yayılması da YouTube və podkastların populyarlığını artırıb.

Gənclər avtobusda, idman zalında, gəzinti zamanı və ya evdə rahat şəkildə istədikləri məzmuna baxa və ya qulaq asa bilirlər. Bu isə onların gündəlik həyatına daha uyğun gəlir.

Bütün bunlara baxmayaraq, televiziya hələ də öz əhəmiyyətini qoruyur. Xəbərlər, canlı yayımlar və bəzi xüsusi proqramlar üçün televiziya hələ də etibarlı informasiya mənbələrindən biridir. Lakin gənc nəslin seçimləri göstərir ki, rəqəmsal platformalar gündən-günə daha çox ön plana çıxır.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin