Yaşlanmayan peşə sevgisi - 64 yaşlı kənd müəlliminin UĞUR HEKAYƏSİ – FOTO

Hazırda oxunan: Yaşlanmayan peşə sevgisi - 64 yaşlı kənd müəlliminin UĞUR HEKAYƏSİ – FOTO

622892

"İnsan öyrənməyi dayandırdığı andan yaşlanmağa başlayır".

Bu kəlam sadəcə bir aforizm deyil, Qazax rayonunun Qaymaqlı kəndində ömrünü nəsillərin maariflənməsinə həsr edən bir müəllimin həyat fəlsəfəsidir. Dünyada minlərlə peşə var, hər biri özü özlüyündə dəyərlidir.

Lakin elə bir sənət var ki, onun xammalı da, məhsulu da insandır. Söhbət cəmiyyətin gələcəyini, mənəvi sütunlarını quran müəllimlik sənətindən gedir. Bu müqəddəs missiyanı çiyinlərində daşıyan və fədakarlığı ilə gənclərə örnək olan ziyalılarımızdan biri də Qazax rayonu Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəbinin Təsviri incəsənət və texnologiya müəllimi Nüşabə Abdullayevadır.

Təqaüd astanasında qazanılan zəfər

Müasir təhsil sistemində aparılan islahatlar, xüsusilə də təhsilverənlərin sertifikatlaşdırılması prosesi müəllimlərdən təkcə klassik bilikləri deyil, həm də müasir dövrün tələblərinə uyğunlaşma qabiliyyəti tələb edir. Yaş həddinə görə təqaüdə çıxmasına cəmi bir il qalmış, 64 yaşlı bir müəllimin bu imtahanlara könüllü qatılması fədakarlığın ən ali nümunəsidir. Bir çoxlarının "onsuz da təqaüdə gedirəm" deyə biləcəyi bir məqamda, Nüşabə müəllimə öz biliyini, təcrübəsini sınamaqdan çəkinmədi. Nəticə isə heyrətamiz oldu: maksimum 60 baldan 59! Bu, təkcə Qazax təhsili üçün deyil, bütövlükdə Azərbaycan müəllimi üçün böyük bir qürur və zəfər göstəricisidir:


“42 ildir qazandığım təcrübə, müasir texnologiyalardan istifadə bacarığım, davamlı öz üzərimdə çalışmağım imtahan ərəfəsində, test imtahanı mərhələsində sualları düzgün təhlil etməyə, vaxtın düzgün bölüşdürülməsində, nəhayət yüksək bal toplamağımda mənə yardımçı oldu. Gənc nəsillərə, müəllim həmkarlarıma yeniliklərə açıq olmağı, daim üzərlərində işləməyi, müasir texnologiyalardan istifadə qaydalarını güclü mənimsəməyi tövsiyyə edirəm” deyə N. Abdullayeva əlavə edib.

İnnovativ kənd müəllimi...

Nüşabə xanımın fənni Təsviri incəsənət və texnologiyadır. İlk baxışdan bu fənlər daha çox praktiki və əl işlərinə əsaslansa da, müasir dünya dərslərin rəqəmsal müstəvidə tədrisini tələb edir. Nüşabə müəlliməni uğura aparan əsas amillərdən biri də məhz onun yeniliklərə açıq olması, dünyada baş verən texnoloji prosesləri yaxından izləməsidir. Kompüter savadlılığı, internet resurslarından düzgün istifadə etmək bacarığı və müasir texnologiyalarla dostluq etməsi imtahan zalında onun ən böyük silahına çevrilib. O, sübut etdi ki, innovasiya və müasirlik yaşla deyil, təfəkkürlə, ruhla bağlıdır.


Nəsildən-nəslə ötürülən işıq - Bir evin üç riyaziyyatçısı


Nüşabə müəllimə özü də bir müəllim ailəsində göz açıb, bu peşənin çətinliyini də, şərəfini də uşaqlıqdan dadıb. Bu gün isə o, həmin müqəddəs işığı öz ailəsində yaşadır. Müəllimlik sənəti bu ailənin genetik koduna çevrilib. Nüşabə xanımın dörd övladından üçü bu gün anasının yolunu davam etdirərək riyaziyyat-informatika müəllimi kimi fəaliyyət göstərir. Ən maraqlısı və qürurvericisi odur ki, övladlarının hər biri də sertifikatlaşdırma imtahanlarında yüksək nəticə əldə ediblər. Bir ailənin cəmiyyətə bəxş etdiyi bu intellektual potensial əsl vətəndaş yetişdirmək missiyasının bariz nümunəsidir.

Qorxu deyil, özünütəsdiq meydanı

Bəzən müəllimlər arasında sertifikatlaşma imtahanlarına qarşı müəyyən tərəddüdlər və həyəcanlar müşahidə olunur. Lakin Nüşabə Abdullayevanın bu prosesə baxışı tamamilə fərqlidir. O, sertifikatlaşmanı müəllimlərin bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsi üçün çox önəmli, zəruri bir amil hesab edir. Onun nümayiş etdirdiyi cəsarət, özünəgüvən və yüksək nəticə imtahan prosesinə mənfi yanaşan, həyəcanlanan gənc müəllimlər üçün ən güclü motivasiyadır.


Qaymaqlı kənd məktəb müəlliminin bu uğuru bir daha xatırladır ki, müəllimlik sadəcə bir maaş kartı və ya dərs saatı deyil. Müəllimlik — bitməyən bir tələbəlik, daim axtarışda olmaq və hər yaşda zirvəni hədəfləməkdir. 64 yaşında 59 bal toplayan Nüşabə müəllimə, onun müəllim övladları və bütün savadlı müəllimlər Azərbaycan təhsilində bir örnəkdir.












Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin