Ərşad Hüseynov: “Piyada ölümlərinin əsas səbəbi küçələrin yetərincə işıqlandırılmamasıdır”

Hazırda oxunan: Ərşad Hüseynov: “Piyada ölümlərinin əsas səbəbi küçələrin yetərincə işıqlandırılmamasıdır”

621530

"Yol hərəkət hadisələrinin əsas səbəblərindən biri küçələrin işıqlandırılmaması ilə bağlıdır".

Bu sözləri "Müstəqil Nəqliyyatçılar" məsləhət və informasiya İctimai Birliyinin sədri Ərşad Hüseynov Bizim.Media-ya açıqlamasında deyib.

O bildirib ki, dünyada küçə və yolların işıqlandırılması barədə standart qanun qəbul olunub:

"Təəssüf ki, yolların, xüsusilə şəhərətrafı ərazilərin yetərincə işıqlandırılmamasının şahidi oluruq. Yollarda piyadaların vurulmasının əsas səbəblərindən biri sürücülərin onları vaxtında görə bilməməsidir.
 

Piyada avtomobilin farasının işığı onun üzərinə düşdüyü üçün sürücü onu gördüyünü düşünür. Halbuki sürücü əsasən faraların işıqlandırdığı hissəni görür. Yolun kənarında qalan piyadanın ayaqları və ya bədəninin bir hissəsi işıqda görünsə belə, o, sürücünün diqqətindən yayınır.


Piyada hərəkət zolağına daxil olduqda isə sürücünün reaksiya verməsi üçün kifayət qədər məsafə qalmır. Buna görə də küçə və yollar mütləq işıqlandırılmalıdır".

Onun sözlərinə görə, bu sahədə ən vacib məsələ konkret tapşırıqların verilməsi, maliyyənin ayrılması və məsul qurumlardan hesabat tələb olunmasıdır. Ayrılmış vəsaitlərin necə xərcləndiyi, görülən işlərin hansı nəticə verdiyi mütəmadi olaraq yoxlanılmalıdır:

"Küçələrin işıqlandırılması dövlət və bələdiyyələr üçün xərc kimi görünə bilər. Bunun birbaşa maliyyə gəliri yoxdur. Ancaq bu, infrastruktura qoyulan sərmayədir və nəticəsi başqa istiqamətlərdə özünü göstərir. Yol-nəqliyyat hadisələri azalır, səhiyyə sisteminin yükü yüngülləşir, sosial müdafiə xərcləri azalır, ailələr faciələrlə üzləşmir, insanlar əlil qalmır.
 

Bundan əlavə, işıqlı və təhlükəsiz mühit iqtisadi fəallığa da müsbət təsir göstərir. İnsanların rifahı və əmək qabiliyyəti artır, təsərrüfat və biznes fəaliyyəti daha səmərəli olur. Ona görə də bu istiqamətdə ardıcıl və davamlı investisiyalar qoyulmalıdır.


Həmin vəsaitləri xərcləyən və işləri həyata keçirən qurumların səlahiyyətləri dəqiq müəyyən edilməli, onlara konkret tapşırıqlar verilməli və mütəmadi hesabat tələb olunmalıdır. Bu hesabatlar yalnız kağız üzərində qalmamalı, real monitorinqlərlə müşayiət edilməlidir".

Ə. Hüseynov qeyd edir ki, işıqlandırma sistemlərinin standartlara uyğun qurulması vacibdir:

"Bəzən görürük ki, işıq dirəkləri quraşdırılıb, lakin onlar ya kifayət qədər işıq vermir, ya da piyadaların hərəkətinə maneə yaradır. Bu cür hallar əlavə təhlükə mənbəyinə çevrilir. Ona görə də işıqlandırma sistemləri həm texniki, həm də təhlükəsizlik standartlarına tam uyğun olmalıdır".

Xədicə Paşayeva, İntiqam İbrahimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin