Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı, QAT Ali məclisinin sədri Barat İmani, QAT sədrinin müavini Qələndər İsmayılov, QAT İdarə heyətinin üzvü Kərəm Səfərov, QAT Ali məclisinin üzvü Rafiq Quliyev, QAT Ali məclisinin üzvü Elçin Məmmədov Bərdə şəhərində zona müşavirəsi keçiriblər. Zona müşavirəsində QAT-ın Bərdə, Ağdam, Tərtər, Yevlax, Beyləqan şöbələrinin rəhbərləri və təmsilçiləri iştirak ediblər. Müşavirədə Akif Nağı məruzə ilə çıxış edib, sonra məruzə ətrafında QAT Bərdə şöbəsinin sədri Gəray Əsədov, QAT Ağdam şöbəsinin sədri Rafiq Məmmədov, Tərtər şöbəsinin təmsilçisi Elmir Məmmədov, Beyləqan şöbəsinin təmsilçisi Kəmalə Əliyeva, Yevlax şöbəsinin sədri Qaragöz Musayev, həmçinin Barat İmani, Qələndər İsmayılov, Kərəm Səfərov, Rafiq Quliyev, Zahid Mikayılov, Əmiş Fərəcov, Zaman Məmmədov, Bəxtiyar Hüsiyev, Rizvan Qasımov, Xaneyvaz Əliyev, Tofiq İsmayılov, Əfqan Məmmədov, Ədalət Hümbətov və digərləri çıxış edərək müzakirə olunan məsələlərlə bağlı fikir və təkliflərini bildiriblər. Müşavirədə hazırkı vəziyyət, Qarabağın işğaldan azad olunmasının yolları və bu istiqamətdə təşkilatın qarşısında duran vəzifələr müzakirə olunubdur. Məruzədə və çıxışlarda xüsusi olaraq qeyd olunub ki, Qarabağın işğaldan azad olunması üçün danışıqlar yolu heç bir nəticə vermədi və bundan sonra da hansısa nəticə verəcəyinə ümid yoxdur. Ona görə də Azərbaycan danışıqlardan imtina etməli və hərbi əməliyyatlara başlamalıdır. Bundan sonra Azərbaycan cəmiyyətində müharibə əhval ruhiyyəsinin daha da gücləndirilməsi, cəmiyyətin Qarabağa azadlıq tələbi ətrafında səfərbər olunması üçün bir sıra tədbirlər, o cümlədən kütləvi imza toplama kampaniyası, mitinq, Beynəlxalq Qarabağ Forumu və digər tədbirlərin keçirilməsi ilə bağlı uyğun qərar qəbul olunub. Toplantıda həmçinin yerli şöbələri narahat edən, maraqlandıran bir sıra məsələlər, o cümlədən Qarabağ müharibəsində iştirak etmiş bir sıra könüllülər batalyonlarının üzvlərinə veteran vəsiqələrinin verilməməsi ətrafında təkliflər verilib, müzakirələr olub və müəyyən qərarlar qəbul olunub. Sonda toplantı iştirakçılarının ümumi rəyi belə formalaşdırılıb ki, Azərbaycanda iqtidarlı-müxalifətli bütün insanlar, Qarabağ döyüşçüləri hamısı Qarabağın işğaldan azad olunması naminə səylərini birləşdirməli və bir yerdə hərəkət etməlidirlər. Əsas xətt bundan ibarət olmalıdır. Onu da qeyd edək ki, 3 saat davam edən toplantı sosial şəbəkələrdə canlı yayınlanıb.







































































































