Keçmiş müsavatçı, ADR Hərəkatının funksioneri İsmayıl Kəsəmənli Müsavat Partiyasının əski başqanı İsa Qəmbərin bu günlərdə mətbuatdakı müsashibəsində səsləndirdiyi fikirlərə etirazını yazaraq Moderator.az - a göndərib:
"İsa bəy "Qaynar qazan" rubrikasında maraqlı nağıl danışıb. O vaxtı ilə 10 il parlamentdə oturmuş müxalifətçiləri dolayı yolla iqtidarın maraqlarına xidmət edən kimi qiymətləndirib. Müdrik siyasətçinin sözündən belə başa düşmək olar ki, 2005 - ci ildə parlamentə gedən Arzu Səmədbəyli, Nəsib Nəsibli, İkram İsrafil və İltizam Əkbərli iqtidarın maraqlarına xidmət etmiş partiya fəalları olub. Halbuki həmin şəxslərin parlamentə getməsinə ən çox dəstək verənlərdən biri İsa Qəmbər idi. 2000 - ci ildə halal deputat seçilmiş Mirmahmud Mirəlioğlunun parlamentə getməsinə nə üçün imkan vermədiniz? Parlamentə gedənləri isə iqtidarın adamları elan edib partiyadan xaric etdirdiniz.
Müsahibədə 15 - 16 oktyabr hadisələrinə də toxunulur. İsa Qəmbər bildirir ki, seçki ərəfəsində Amerikada olan zaman məlum olub ki, Qərb müxalifətə seçkidə dəstək verməyəcək, bununla bərabər seçki gecəsi ATƏT - in nümayəndə heyətinin qərargahın qarşısında keçirilən aksiyadan Qərb ölkələri diplomatları tərəfindən geri çağırılması da "Qərbin müxalifətə dəstəkləməyəcəyi açıq şəkildə göstərirdi" deyə bildirib. Amma bütün baş verənlərə baxmayaraq dahi siyasətçi 16 oktyabrda xalqı meydana çağırdı, özü isə gəlmədi.
Müsahibəsində Isa bəy "Qələbə" meydananına getməməyə də bir don geyindirir. Sən demə, "Qələbə" meydanında razılaşdırılmış mitinq keçirsəydi qan su yerinə axacaqdı. Maraqlı nağıldı. Ay uzaqgörən siyasətçi, nə yaxşı 2005 - ci ildə "Azadlıq" seçki blokunun həmsədri kimi seçki sonrası "Qələbə" meydanına çıxmağa qərar verdiniz?"






































































































