Atatürkün anım gününə gələn insanların sayını qabartmaqda əsas məqsədim diqqətin nəşi hələ də Ankarada olan Məmməd Əmin Rəsulzadəyə yönəltməkdən ibarət idi. İstənilən liderin doğru və yalnış tərəfləri olub. Onların əməllərini yalnız qarşılıqlı müzakirə ilə düzgün olanı ayırd edə bilərik. Şəxsiyyətə pərəstişin, insanın bütləşdirilməsinin, yaxud tam əksinə insandan ancaq düşmən düzəltməyin qətiyyətl
ə əleyhinəyəm. Bununla bərabər keçmişi unutmayıb tarixə hörmətlə yanaşmaq, olmuşa olanı kimi dəyər vermək hər birimizin borcudur. Əksəriyyətin bu gün az qala "Cəllad" adlandırdığı Mircəfər Bağırova olan münasibət də məni qane etmir. Bilmək olmaz, əgər onun kimi qətiyyətli şəxs olmasaydı, bütövlükdə azərbaycan xalqının Sibirə sürgün olunmasının qarşısını başqası ala bilərdimi? Musavatçı adı ilə atalarını sürgünə göndərməklə, güllələməklə məhv edən, balalarının isə təhsil almasına yardım edən şəxsi tanımaq üçün ancaq onun əməllərini qərəzsiz müzakirə etmək lazımdır. Ancaq bu cür, əvvəlcədən hər hansı damğa vurmadan, biz M.Bağırovu hərtərəfli tanıya, o dövr şəraitində atdığı mürəkkəb addımları anlaya bilərik. Eləcə də Məmməd Əmin Rəsulzadəni bütləşdirməkdən uzağam. Onun da insan olduğundan bəzi səhvlərə yol verdiyinin fərqindəyəm. Ən azından Əziz Alpoudun xatirələrini diqqətlə oxumuşam. Səhvsiz yalnız Uca Allahdır! Mən isə heç vaxt heç kimi ona yaxınlaşdırmamışam və bu fikrə düşənlərin də əleyhinəyəm. O cümlədən Atatürkə, Əbülfəz Elçibəyə, Heydər Əliyevə və digərlərinə də bu cür yanaşma lazımdır. Şəxsiyyətlərə düzgün dəyəri isə hakimiyyətlər deyil, zamanla xalq özü verir. Buna tam əminəm!
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.