“O ölümün ağzından çıxarılan anda da dedi ki, “yox, başım açıqdır, çıxa bilmərəm” - FOTOLAR

Hazırda oxunan: “O ölümün ağzından çıxarılan anda da dedi ki, “yox, başım açıqdır, çıxa bilmərəm” - FOTOLAR

597894
“Gözümdə qara eynək olsa belə, bu gün tamaşaçılar yolda məni görüb tanıyırlar. Sual verirlər ki, niyə filmlər çəkilmir?! Deyirəm ki, hər gün, hər il çəkilir. Yenidən sual ünvanlayırlar ki, bəs niyə onları biz görmürük?! Bilmirəm, bəlkə də bu günki filmlərin təbliğatı zəifdir?! Deyirlər ki, əvvəlki kinolara 100 dəfə də baxırıq, amma bu günki filmlər bizə ləzzət etmir. Bunun səbəbini axtarıb tapıb, bu problemi həll etmək lazımdır. O illərdə çəkilən filmlərimizdə ibrətamiz, tərbiyəvi mövzular qoyulurdu. Kino bu gün ancaq maddiyata işləyir. Müəllif filmlərindən başqa. Çünki müəllif filmləri festivallar üçün nəzərdə tutulub və bildiyim qədərilə uğur da qazanıb. Başqa mənada rejissorlar düşünürlər ki, pul qoyub film çəkim, sonra o filmdən pul qazanım. Həmin rejissor kütləni heç nə ilə cəlb edə bilməyəcək. Ona görə də kütləni açıq-saçıq, cinayət səhnələri ilə cəlb etməyə çalışırlar ki, film baxılsın”.
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, sevilən aktrisa Xalidə Quliyeva deyib.

“Alnıma yazılan taleyə etirazımı yalnız oynadığım rollar vasitəsilə bildirmişəm. Yəqin rejissorların peşəkarlığındandır ki, məni duyublar, hiss ediblər ki, bu cür rolları mənə həvalə ediblər. Məsələn, “Nəsimi” filmində oynadığım Fatimə obrazı kişi paltarında gəzmək istəmir, istəyir ki, qadın kimi görünsün. “Tütək səsi” filmindəki Milli obrazı qara məktubları insanlardan gizlədir, bütün məsuliyyəti öz üzərinə götürür və bununla da inanır ki, o insanlar ölməyib. Ümumiyyətlə kinoda yaratdığım bütün qadın obrazları öz cəsarəti ilə seçilib” deyə aktrisa bildirib.
Xalq artisti oynamaq istədiyi obrazlardan da danışıb.
“Bizim klassik ədəbiyyatımız var və o öz kino həllini gözləyir. Gözəl qadın obrazları var. Onları yaratmağı arzu edərdim. Fikrim aydın olsun deyə sizə bir misal göstərim. Bu gün türk xalqının yaşadığı faciədə, zəlzələdə bir yaşlı qadının çıxarılan anda dediyi sözlərə diqqət edək. O ölümün ağzından çıxarılan anda dedi ki, “yox, başım açıqdır, çıxa bilmərəm”. Bu artıq türk qadınının obrazıdır. Bizdə Azərbaycan qadınının obrazı yaranmayıb, yəni kino həlli, kinoda təqdim olunması yetərincə olmayıb. 100 qadının içindən seçilməlidir ki, bu Azərbaycan qadınıdır. Necə ki, italyan və gürcü qadını seçilir. Azərbaycan qadını dediyi ilə yox, daha çox demədiyi ilə maraqlıdır. Cavanlıqda isə ən böyük arzum Janna Drak obrazını yaratmaq olub” deyə xalq artisti bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin