Milli Qəhrəmana doğum günü hədiyyəsi...

Hazırda oxunan: Milli Qəhrəmana doğum günü hədiyyəsi...

41334

                        Hər kəsin qəlbi öz yumruğu boyda olurmuş...

   Deyirlər, hər kəsin qəlbi öz yumruğu böyüklükdədir.Odur ki,əlləri böyük olanlara geniş qəlbli insan kimi baxırlar.

    Nədir bu qəlb?Amma canlı olduğundan, sualı belə də qoya bilərik:Kimdir bu Ürək?Hər ürək bir insan deməkdir.Hətta, ana bətnində insanın başı, əl-ayağı və digər orqanları əmələ gəlməmiş, ürəyi atmağa ”“ döyünməyə başlayır.Bu atışın ömrü insanın öz ömründən uzun olur.Çünki insanın ömrü dünyaya gəldiyi  andan, qəlbin ömrü isə embrion çağından başlanır. Deməli, insanın ürəyi özündən yaşlı olur.

   Mən həmişə düşünürdüm ki,yumruq boyda ürək bu boyda bədənin “yükünü necə çəkir?” ”İnsanın yükü” dedikdə, təkcə bədənin ağırlığını nəzərdə tutmuram.Çox böyük mənəvi ağırlığı olan hissləri ”“ insanın arzularını, duyğularını nifrətini,kin-küdurətini, həsrətini, intizarını və daha çox sevgisini o yumruq cüssəli ürək necə daşıya bilir? İnsan yatarkən də, durarkən də, çalışarkən də, istirahət edərkən də o, bu ağır yükünə baxmayaraq, çalışır.Görəsən, nədir ona bu gücü verən? Nədən, hansı “materialdan”yaradılıb O?! Niyə insan həyatının dadı-duzu olan, onu Allahın yaratdığı Ali varlıq pilləsinə qaldıran hisslər, insan vücudunun zirvəsində yerləşən başda deyil, o kiçik ürəkdə yerləşir? Bəlkə,Ürək yaşca Başdan böyük olduğuna görə? Bəlkə, bu hisslər “adamı  Adam elədiyinə” görə, Allah onları ən yaşlı, ağırbaşlı”“ dözümlü Ürəyə etibar edib?

       Çox düşündüm bunları.Amma cavab tapa bilmədim.Taa...1988-ci ildən bəri, hər birinin qəhrəmanlıq dastanını öyrənib, heyrətləndiyimiz, ruhları durna qatarı kimi  göyün ənginliklərində Cənnətə yol alan “Şəhid qatarına” Mübarizin də ruhunun qatıldığını  eşidənə qədər.Onun haqqında yazılanları oxuyana qədər.Onun o qısa zaman çərçivəsində sinəsində döyünən, Mübarizin özündən yaşlı qəlbinin düşmən vəhşiliyinə qarşı hayqırtısını eşidənə qədər...Onun qəlbində qeyrətinin, intiqam hissinin böyüyüb,...böyüyüb, vulkan kimi püskürdüyünü bütün aləm duyana qədər.

    Bəlkə də, indiyə qədər duyduğum  ən güclü heyrəti duydum o gün...Bəlkə də, ilk dəfə qəlbimin onlarla hissi eyni vaxtda yaşadığını duydum:Qürur, sevinc, təəssüf, qəzəb, kin, intiqam, itgi, ağlamaq istəyi, hönkürmək istəyi və s...

   Onun haqqında yazılanlardan öyrəndim ki, Mübariz qız-gəlinə baxmazmış,

utanarmış, yanaqları qızararmış.Anası altdan-altdan ona qız axtaranda, bir qız haqqında ona him-cim edəndə:”Mən heç kəsi bədbəxt etmək istəmirəm”,”“deyərmiş.

Görəsən, anası onu dilə tutub soruşsaydı, Mübariz deyərdimi niyə belə deyir?Açıqlardımı o özündən yaşlı qəlbin istəyini, şəhid olmaq arzusunu?Görəsən, o, bunları desəydi, anası razı olardımı onun bu yolu seçməsinə?Axı o, üzüyola, böyük sözü dinləyən olub!..Mənə elə gəlir ki, o, niyyətini desəydi də, ana onu saxlaya bilməzdi.Mübariz yolundan dönməzdi.Ana xətrinə, bəlkə də, yolçuluğu ertələrdi, amma, axır ki, gedərdi!..  Çünki bunu ondan yaşca böyük olan Qəlb istəyirdi...Axı o, böyük sözü dinləyən idi... Bunu ona Allah yazmışdı.O Allah ki,onun qəlbini ondan əvvəl yaratmışdı.O Allah ki,alnına  özündən başqa heç kimin oxuya bimədiyi alın yazısını belə yazmışdı.O Allah ki, yaşca Mübarizdən 9 ay böyük olan qəlbini qeyrətdən, intiqamdan və bu hisslərə qida verən, bu ağır yükü daşımaq üçün ona güc verən vətən sevgisindən yaratmışdı...Ona görə Mübariz qızlara baxmırmış.Çünki qəlbi vətən sevgisi ilə, intiqam hissi ilə  dolu idi.Ona görə baxmırmış ki,öz yumruğu boyda olan qəlbinin hər guşəsini Allah eşqi, Vətən eşqi tutmuşdu... Bu qəlbdə başqa sevgiyə yer qalmamışdı...Bu qəlb çoxdan qanadlanmışdı..Bu qəlb çoxdan onun köksündən qopub, böyük,  güclü qartala çevrilmişdi.Göyün dərinliklərindən düşmən üzərinə şığımaq üçün an gözləyirdi. Bu qəlb yol almışdı...Yolda idi...Haqq yolunda...

   Bəli,Mübarizin Qəlbi qartala dönmüşdü,Qanadlarının uzunluğu 3 metrə(!) çatan qartala... Bu, mənə sübut etdi ki, Allah hər insanın qəlbini onun içindəki hisslərin toxumlarından yaradır...Bu toxumlarla hörür hər kəsin qəlbinin divarlarını.Zamanla sulayır onları və bu toxumlar cücərir, böyüyüb,...böyüyüb qol-budaq atır , bir vaxt elə hala gəlir ki, o ürəyin içi bütünlüklə bu hisslərlə dolur.Onlar böyüdükcə, ürəyin divarları nazilir,...nazilir... və bir gün bu divarlar uçur, bütün bədəni o hisslər idarə edir... Bax, bu vaxt kimin kim olduğu məlum olur:Kim mələkmiş ”“ kim şeytan, kim qatilmiş ”“ kim qəhrəman!..

       ...Və bir də onu qətiyyətlə qəbul etdim ki, hər kəsin qəlbi özünün yumruğu boyda olur...

   Mübarizin silah tutan böyük Əllərinin,öz yumruğu boyda olan Ürəyinin, Vətən boyda olan Sevgisinin qarşısında baş əyməmək mümkün deyil...

                                                                      Mahirə Nərimanqızı(Abdullayeva)

 

                                           Durna qatarı

 

                                       Bütün şəhidlərimizə 

 

Bu durna qatarı yaman uzandı,

Bu nizam nə zaman pozulacaqdır?

“Bu,sondur,”””dedikcə,yenisi gəldi,

O son not nə zaman yazılacaqdır?

 

O,bir “Heyratı”dır,səmada süzür,

Habilin çaldığı kaman səsidir,

Rəmiş “Dalğalar”ı qayadan sızır,

Kamilin “Azəri təranəsi”dir.

 

Sallanıb,uçuşan durna qatarı,

Cənnətin yolunu tutub,gedirsiz,

Vətən səmasında, Şəhid ruhları,

Tanrı hüzuruna səfər edirsiz.

 

Səfiniz  bir inci boyunbağıdır””

Günəşin boynundan asılacaqdır,

Nur yolu qısalıb,şəfəq çağıdır,

Hər dən bir Dünyaya bəs olacaqdır.

 

Qanad saxlamayın,Allah xətrinə,

Yolunuz işıqlı,çıraqban olsun,

Son durna  Tanrının ədalətinə

Qələbə xəbərin çatdıran olsun.

                           

      Son məktubun 

                                  Milli Qəhrəman Mübariz İbrahimovun  xatirəsinə

Son məktubun gələcəyə çağırış,

Son məktubun xəyanətə hayqırış,

Allah eşqi,Vətən eşqi,Qurtuluş,

Get,İgidim,get,Pələngim,get,Şirim,

Məktubunu ver,anana yetirim.

 

Qeyrət sənin boğazında bir düyün,

Gedirsənsə,demək,var bir bildiyin,

Bayram olsun bir gün dönüb-gəldiyin,

Get,İgidim,get,Pələngim,get,Şirim,

Son sözünü de,Cahana yetirim.

 

 

 

Gen sinəndə xalqım boyda ürək var,

Ürəyində intiqam var,dilək var,

Diləyində düşməni məhv etmək var,

Get,İgidim,get,Pələngim,get,Şirim,

Bir damla qan ver,Ümmana yetirim.

 

Getdiyin yol zirvə yolu,nur yolu,

Şəhid dolu,igid dolu,ər dolu,

Uçurumdur bu yolların sağ-solu,

Get,Igidim,get,Pələngim,get,Şirim,

“Zəfər” sözün de, hər yana yetirim.

      Şəhid əsgər

     Unudulmaz Şəhidlərimizə ithaf olunur                            

Bir əsgər əlində tüfəngin tutub,

Başının üstündə uçur yuxusu,

Bir ana bu gecə özün unudub,

Oğluyçun Tanrının döyür qapısın.

 

Bir tale düşmənin nişangahında,

Zamanın bir anı durub tətikdə,

Bir ömrün açılan son sabahında

Bir layla ağlayır köhnə beşikdə.

 

Bir ana yavaşca ninni söyləyir,

Axtarır o ninni,gəzir sahibin,

Bir baba oturub nağıl söyləyir,

Nəvə cəngindədir o zalım Divin...

 

Yetişdi zamanın o zalım anı,

Günah atəşiylə güllə alışdı,

Laylalar qıy çəkib, tutdu Dünyanı,

Nağıllar diksinib, göydə uçuşdu...

 

Bir fəryad səsinə oyandı Dünya,

Göy yerə töküldü bu səhər vaxtı,

Heyrətlər içində dayandı Dünya:

Əsgər,əldə tüfəng,göylərə qalxdı!..

 

Düşmən bir də,bir də tətiyi sıxdı,

Amma bir güllə də ata bilmədi,

Qızmış silah qanlı əllərin yaxdı,

Nə etdi,əsgərə çata bilmədi.

 

Əsgər uçdu,uçdu ənginliklərə,

Saçları Günəşin al rəngindəydi,

Bir dəfə qanrılıb baxmadı yerə,

Fikri bərk sıxdığı tüfəngindəydi.

 

Arzusu, Tanrının hüzurlarına

Əlində silahla yetişmək idi,

Qurbandı Vətənin torpaqlarına,

Torpaqla üzüağ görüşmək idi.

 

Torpaq da qürurla  baxdı əsgərə,

Fərəhdən sinəsi qalxdı,böyüdü,

Vətən qollarını açdı əsgərə,

O,Vətən qynunda yatdı,uyudu.

 

                     Mahirə N.Abdullayeva

                  

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin