Dinşünaslar arasında FİKİR AYRILIĞI – Vəfat edən şəxsə “Yasin” oxumaq olar, ya olmaz?

Hazırda oxunan: Dinşünaslar arasında FİKİR AYRILIĞI – Vəfat edən şəxsə “Yasin” oxumaq olar, ya olmaz?

631547

“Ölü üçün Quran, "Yasin” oxumaq bir sıra müsəlman ölkələrində olduğu kimi bizim ölkədə də var. Lakin İslam alimləri bu mövzu ilə bağlı birmənalı fikir söyləməyiblər. Bəziləri Quranın sırf dirilər üçün olduğunu əsas gətirib ölmüş adama oxumağın mənasız olduğunu bildiriblər. Eyni zamanda Həzrət Məhəmməd Peyğəmbərin də belə bir ənənə qoyub getmədiyini, elə bir nümunənin olmadığını söyləyiblər”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında dinşünas Tural İrfan deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Vəfat edən şəxsin meyiti neçə gün ərzində DƏFN OLUNMALIDIR?


O əlavə edib ki, ölüyə Quran oxumağı bidət, yəni sonradan dinə əlavə olunmuş əməl kimi qiymətləndiriblər:

“Bəzi alimlər isə əksinə, Quran oxumaq savab olduğu üçün, oxuyub hasil olan savabı ölünün ruhuna bağışlamağı mümkün sayıblar. Yəni, Quran oxunarkən ölü eşitsin deyə oxunmur. Çünki eşitsə belə, əməl dəftəri bağlandığı üçün bunun bir faydası yoxdur. Yalnız hasil olan savabın mərhumun ruhuna hədiyyə olunmasından söhbət gedir”.

Niyə məhz “Yasin surəsi?

“Müsahibimiz bildirib ki, "Yasin" surəsi hədislərdə  "Quranın qəlbi" adlandırılıb:

“Hətta bəzi rəvayətlərdə can verən adam üçün bu surənin oxumasına tövsiyələr də var. Lakin onun mənasını başa düşmək vacibdir. Ölüm ayağında olan şəxs üçün bu surə oxunarsa, mənası da anladılarsa bu, həmin şəxsin dünyadan imanla köçməsinə vəsilə, təkan olmuş sayılar.

Yaxud vəfat etmiş adam üçün də qəbr üstündə ya da başqa yerdə xüsusilə "Yasin" surəsi oxunur. Bu da həmin hədisə görədir. Bəziləri "ölülərinizə Yasin oxuyun" hədisini həm can verən, həm də ölmüş adam üçün məqbul sayıblar. Lakin bir qism üləma isə təkcə can verən, hələ ölməmiş adam üçün məqbul hesab ediblər. Lakin bu məsələdə ixtilaf var. Əslində isə Quran həm ölülər, həm də dirilər - bütün bəşəriyyət üçündür. Quran oxumaq heç zaman zərərli ola bilməz”.

“Quran oxumağı biznesə çevirmək olmaz”
 

Tural İrfan hesab edir ki, bunu tərkedilməz adət kimi biznes sahəsinə çevirmək dinə uyğun deyil:


“Bəziləri "Yasin alveri" ilə məşğul olur, pulla, hətta konkret məbləğ, qiymət qoyaraq bu surəni ölülər üçün oxuyurlar. Bu artıq biznesdir, ticarətdir. İbadət isə ticarət ola bilməz. Kim savabın mərhuma çatacağı niyyəti ilə Quranın hər hansı surəsini oxuyub, dua edib mərhumun ruhuna hədiyyə edərsə, burada qəbahət yoxdur. Çünki buna dair zəif hesab olunsa da, müəyyən hədis və rəvayətlər var, alimlərin görüşləri var. Yəni, birmənalı olaraq bu məsələni bidət, günah hesab etmək, hökm çıxarmaq üçün tutarlı əsaslar yoxdur.
 

Əksinə oxunmasının mümkünlüyü barədə rəylər, uyğun rəvayətlər var.


Bütün bunlara rəğmən, Həzrət Məhəmməd Peyğəmbərin, Əhli Beyt imamlarının, səhabələrin qəbir üstündə yaxud hansısa dəfn mərasimi zamanı Quran oxuması, xüsusən "Yasin" surəsini oxuması haqda da tutarlı dəlillər yoxdur. Bunu da etiraf etmək lazımdır. Belə bir nümunənin olmaması çox da bu məsələdə təkid etməyə yer qoymur. Ona görə də həddi aşmadan, sanki tərkolunmaz şəriət hökmü kimi qələmə vermədən, alverə çevirmədən can verən, vəfat edən adamın üstündə Qurandan hansısa surəni oxumaq mümkündür.

Bir şərtlə ki, tərcümə edilsin və pul alınmasın. Tərcümə edilsə, bu həm dinləyənlər üçün təbliğat vasitəsi olmuş olur ki, bunun da heç bir qəbahəti yoxdur. Həm də hasil olan savabın mərhumun ruhuna hədiyyə olunmasına görə oxuyan üçün də fəziləti vardır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin