Beyləqan adının mənasını çoxları onun tərkibindəki “qan” sözünə bağlayır, şəhərin adını qədim dövrlərdə bu ərazilərdə baş vermiş savaşlar, istilalar, tökülən qanlarla əlaqələndirməyə çalışır. Bu, ilk baxışda maraqlı səslənsə də, Beyləqanın adının və tarixinin izinə düşəndə tamam başqa, daha zəngin mənzərə ilə qarşılaşırıq.
Bizim.Media-nın “Toponimlər” rubrikasının növbəti buraxılışında Azərbaycanın qədim şəhərlərindən biri olan Beyləqanın adını və tarixini araşdıracağıq.
Şərqi silah və əmək alətləri ilə təmin edirmiş
Beyləqan özündə əsrlərin dəyişən siyasi və coğrafi mühitinin izlərini daşıyır, bu torpaqlar vaxtilə şərqin mühüm ticarət mərkəzlərindən biri olub. Beyləqan ərazisində çoxlu sayda həm arxeoloji, həmdə memarlıq abidələri mövcuddur. Şəhərin əsası V əsrdə qoyulub. IX-XI əsrin əvvəllərində burada dəmirçilik, misəritmə, zərgərlik sənətlərinin inkişafını göstərən materiallar aşkar edilib. Beyləqan ustaları silah və əmək alətləri istehsalında ad qazanmışdılar. Karvan yolu ilə o vaxtın “brend” hesab olunan silahları Çin, Bizans kimi imperiyalara daşınırdı.
Qədim Beyləqan indiki rayondan 18 km aralıda yerləşən Kəbirli kəndinin yaxınlığıdır. Şəhər xarabalığı hələ də bu ərazidə qalmaqdadır.
Tarixi məlumatlara görə XIII əsrdə monqol-tatarların işğalına məruz qalaraq dağıdılıb. Onlar gedəndən sonra sağ qalan əhali geri qayıdaraq yenidən bərpa işlərinə başlayıb, şəhəri abadlaşdırıblar. Amma monqollar tərəfindən ikinci dəfə 1235-ci ildə tar-mar ediləndən sonra Beyləqan xarabalığa çevrilib və bir daha bərpa olunmayıb. XIV əsrdə Əmir Teymur tərəfindən şəhərin yenidən inşasına başlansa da, onun ölümü ilə əlaqədar olaraq işlər yarımçıq qalıb.
Tarixçi-coğrafiyaşünas Həmdullah Qəzvini 1340-cı ildə Beyləqan haqqında aşağıdakıları yazır:
"Beyləqan beşinci iqlimdə yerləşir. O, Sasani hökmdarı Firuzun oğlu Qubad tərəfindən salınıb. Hal-hazırda (yəni, 1340-cı ildə) xarabalığa çevrilib. Evlərin çoxu bişmiş kərpicdən tikilmişdi. İqlimi istidir. Burada dənli bitkilər – əla buğda, çəltik, pambıq becərilirdi".
Bəs şəhərin adının mənası nədir, necə yaranıb?
İrandakı "Nəqşi Rüstəm" abidəsinin Əhəmənilər və Sasanilər dövrünə aid kitabəsində Sasani dövlətinə daxil olan 27 ölkə arasında "Adurbadaqan" (Azərbaycan) və onun vilayəti olan Balasakanın adı var. Kür və Araz çaylarının qovuşduğu əraziləri Balasakan, bəzən Paytakaran adlandırırdılar.
Bundan başqa, mənbələrdə Bilgan, Bilaqan, Piləqan adları da yer alır. Bunların içərisində ən uyğunu Piləqandır. Altay dillərində olan “pilə” (düzən açıq yer) və “qan” (məkan) sozlərinin birləşməsindən yaranıb — “düzənlik yer, çöl” mənasını verir.
Digər mənbəyə görə, IX-XII əsrlərdə Böyük ipək yolunun şimal-cənub xətti (Dərbənd Ərdəbil yolu) qədim Beyləqandan keçirdi. Beyləqan tacirləri bu yol vasitəsiilə Çin, Hindistan, İran, Bizans, Gürcüstan və başqa ölkələrlə ticarət əlaqəsi qurublar.
Xalq arasında əsas ticarət yolu “bel yolu” adlanırdı. Bu, həm də karvanın belində aparılan ticari mallara da işarə olduğu üçün bu cür adlanırdı. “Qan” yaxud “Kan” isə yuxarıda qeyd etdiyimiz kimi “yer, məkan” mənasına gəlir.
Qeyd edək ki, Beyləqan 1939-cu ildən Jdanov (sovet inqilabçısı) adlandırılıb. 1989-cu ildən isə yenidən tarixi adına qovuşub.
Şəfiqə Şəfa, Bizim.Media































































































