Yaş artdıqca beyində təbii dəyişikliklər baş verir: neyronlararası əlaqələrin yenilənməsi zəifləyir, “boz maddənin”nin həcmi azalır, diqqət, yaddaş və öyrənmə kimi funksiyalarda yavaşlama müşahidə olunur.
Maraqlıdır ki, bu prosesi tam dayandırmaq mümkün olmasa da, onu ləngitmək olarmı?
Bizim.Media xəbər verir ki, son elmi araşdırmalar musiqinin bu sahədə mühüm rol oynaya biləcəyini göstərir.
Araşdırmalara görə, uzun illər musiqi ilə məşğul olan yaşlı insanlar səs-küylü mühitdə danışığı ayırd etmə bacarığında gənclərlə eyni səviyyədə nəticə göstərə bilir. Üstəlik, bu şəxslərdə musiqi ilə məşğul olmayan həmyaşıdlarına nisbətən daha güclü sinir əlaqələri qeydə alınır. Hətta bir neçə aylıq musiqi təhsili belə yaddaş və eşitmə diqqətində müsbət dəyişiklik yarada bilir.
Digər genişmiqyaslı tədqiqatda isə 60-87 yaş aralığında olan yüzlərlə iştirakçı üzərində aparılan müşahidələr musiqi terapiyasının yaddaşı yaxşılaşdırdığını sübut edib. Xüsusilə mahnı oxumaq, ritm tutmaq və ya alət çalmaq – passiv dinləmədən daha effektiv hesab olunur. Bu fəaliyyətlər diqqəti artırır, dil bacarıqlarını dəstəkləyir və ümumi ruh halını yaxşılaşdırır.
Mütəxəssislər bunun beynin “neyroplastiklik” xüsusiyyəti ilə əlaqələndirir. Yəni beyin yeni təcrübələr sayəsində özünü yenidən formalaşdıra bilir və bu yaşlanmanın təsirlərinə qarşı müəyyən qoruyucu rol oynayır.
Müşahildələr göstərir ki, musiqi Alzheimer xəstəliyi və yüngül yaddaş pozuntuları olan insanlarda da müəyyən faydalar verə bilsə də, mütəxəssislər vurğulayır ki, musiqi müalicəni əvəz etmir, sadəcə onu dəstəkləyən əlavə vasitə kimi çıxış edir.
Nəticə olaraq, elmi faktlar göstərir ki, müntəzəm musiqi fəaliyyəti beynin elastikliyini artıraraq yaşlanmanın təsirlərini yavaşlada bilər. Üstəlik, bu sahədə başlamaq üçün yaş məhdudiyyəti yoxdur – hətta gec yaşda belə musiqi ilə məşğul olmaq müsbət nəticələr verə bilər.
Aynur Abdullayeva, Bizim.Media

































































































