Bir qrup sahibkar “Bakıelektrikşəbəkə” ASC-nin sədri Baba Rzayevə şikayət məktubu ünvanlayıb. Moderator.az-a daxil olan müraciətdə deyilir:
“ Hörmətli Baba müəllim!
Sizə müraciət etməkdə məqsədimiz bir qrup sahibkarın düşdüyü çıxılmaz
vəziyyətdir. Belə ki, biz və bizim kimi onlarla sahiblar Qaradağ rayonu
ərazisində daş karxanasında mişar daşının istehsalı ilə məşğuluq. İşlədiyimiz
müddətdə fəaliyyətimiz tam qanuni olub və heç bir qayda pozuntusuna yol
verməmişik. İstehsalatla məşğul olmaq üçün təbii ki, bizlər elektrik
enerjisindən istifadə edirik. Bunun üçün qanunvericiliklə müəyyən olunmuş
qaydada müraciətlər edərək müəssisələrimizi sayğacla təmin etmişik. Belə ki,
işlədiyimiz müddətdə elektrik sayğaclarına uyğun olaraq sərf edilən enerjinin
haqqı vaxtı-vaxtında ödənilib.
Lakin artıq bir neçə müddətdir ki, bizim fəaliyyətimiz demək olar ki,
iflic vəziyyətə düşüb. Belə bir vəziyyətə səbəb rəhbərlik etdiyiniz İdarənin
bir neçə dələduz əməkdaşının- Ruslan və Canəhməd adlı şəxslərin qanunsuz
hərəkətləridir. İradımız həmin şəxslərin (Ruslan və Canəhməd) işlədilən
elekrtik enerjisinə görə əlavə və şişirdilmiş sərfiyyat yazmasıdır. Belə ki,
hər ay sayğaca baxış keçirilir və sayğacın ilk və son göstəricisi arasındakı
fərq elektrik enerjisindən sərfiyyat kimi yazılır. Buna görə heç bir iradımız
yoxdur. Nə işlədiriksə, onun da ödənişini etməyə hazırıq.
Lakin Ruslan hər dəfə hesab-faktura gətirəndə əlavə olaraq bizim müəssisələrə
1500-2000 manatlıq əlavə sərfiyyat yazır. Biz isə bununla razılaşmırıq və
səbəbini soruşduqda “bu mənlik deyil, mənə rəhbərlik belə göstəriş verib, gedib
kimə istəyirsiniz şikayət edin” cümləsi ilə rastlaşırıq. Bu adamlar dövlətin qanunlarını
tapdalayır, Cənab Prezidentin sahibkarlara olan diqqət və qayğısına kölgə
salmaq istəyirlər. Vaxtilə xalqımız Ümummilli Lideri
Heydər Əliyevin sayəsində quldurlardan canını qurtardı və bu gün də Cənab
Prezidentimiz İlham Əliyev xalqımızın firəvanlığını ən yüksək səviyyədə
təmin etmişdir. Şükürlər olsun ki, öləmizdə demokratiya bərqarar olub və
sabitlikdir.
Lakin sözügedən şəxslər özlərinin özbaşınalığına son qoymaq
istəmirlər. Hesab edirlər ki, onlara və havadarlarına heç nə edə
bilməzlər. Lakin bu belə davam edə bilməz. Elektrik enerjisinin istifadə
qaydalarına uyğun olaraq hər bir elektrik enerji istehlakçısı tərəfindən sərf
edilən elektrik enerjisinin hesabatı onun uçot nöqtəsində quraşdırılmış hesabat
sayğacı ilə aparılmalıdır. Sayğac ayda bir dəfə, zəruri hallarda isə bir neçə
dəfə oxuna bilər. Sayğac quraşdırılan zaman üzərində olan göstərici qeyd
edilir, həmin göstərici sayğacın ilk göstəricisi və yaxud bazis göstərici
adlanır. Sayğacın üzərindəki göstərici oxunarkən, ilk göstəricilə son göstərici
arasındakı fərq abonentin həmin dövr üçün istifadə etdiyi elektrik enerji
sərfiyyatı adlanır və bu sərfiyyata müvafiq olaraq abonentə verqi
hesab-fakturası tərtib olunur. Hesab-faktura tərtib edilən zaman sərf olunan elektrik
enerjisi sərfiyyatı abonentin müvafiq istehlakçı qrupuna məxsus olmasından
asılı olaraq müəyyən edilmiş tariflə hesablanır, bu zaman abonentə aid sayğacın
əmsalı (cərəyan transformatoru varsa) və sərf edilən enerjinin dəyərindən
tutulan Əlavə Dəyər Verqisi (Ə.D.V) nəzərə alınır. İstehlaka nəzarət ilk
növbədə ASC-nin Rayon Enerjisatış İdarələri tərəfindən aparılır. Bu, birbaşa
olaraq sayğac oxuyucusu və mühəndislər tərəfindən həyata keçirilir. Əgər
sayğac oxuyucusunun hər hansı bir obyektin elektrik enerjisindən istifadəsindən
qeyri-qanuni olduğundan şübhələnərsə obyektdə yoxlama aparılması məqsədi ilə
tabe olduğu mühəndisə və ya şöbə rəisinə məlumat verir və obyektin elektirk
enerjisindən istifadəsi mühəndislər tərəfindən yoxlanılır. Sonuncu olaraq istehlaka
nəzarəti Nəzarət İdarəsinin işçiləri tərəfindən hər hansı bir obyektin işinə
mane olmamaq şərti ilə reyd vasitəsi ilə aparılır. Əgər obyektin elektrik
enerjisindən istifadəsində qeyri-qanunilik aşkar olunarsa Elektrik Enerjisindən
İstifadə Qaydalarına əsasən işlədicilərin yükünü nəzərə alaraq itirilmiş
elektrik enerjisinin məbləği hesablanaraq əlavə sərfiyyat tətbiq olunur. Bu
günə kimi heç bir belə tədbir görülməyib.
Hörmətli Baba müəllim! Ruslan və Canəhməd bunu təkcə bizim
müəssisələrə tətbiq edirlər. Halbuki ərazidə 240-a yaxın daş karxanası
fəaliyyət göstərir. Bundan başqa ərazidə ümumiyyələ elektrik sayğacı olmayan
istifadəçilər var ki, həmin əlavə sərfiyyat onlara münasibətdə tətbiq
edilməlidir. Lakin nədənsə məhz bu qanun pozuntuları bu özbaşınalıq, bu
hörmətsizlik bizlərə qarşı edilir. Bunu isə onlar belə izah edirlər ki, “həmin
adamlar başqa cür ödəniş edərək öz sərfiyyatlarını ödəyirlər”. Elektrik
enerjisinin qiymətləri (tariflər) «Elektroenergetika haqqında», «Təbii
inhisarlar haqqında» Azərbaycan Respublikasının qanunlarına və digər normativ
sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. Biz də tarifə
uyğun olaraq öz ödənişimizi etmək istəyirik. Kiminsə cibinə
gedən qanunsuz çirkli pullara vasitə olmaq fikrində deyilik. “Elektrik
enerjisindən istifadə” Qaydalarına əsasən, elektrik enerjisinə görə
hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən
aparılır. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında,
dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında,
enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında,
enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent
arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti
sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü
transformatorları vasitəsi ilə ölçü aparıldıqda onların əmsalları nəzərə
alınmaqla) əsasən aparılır. Hesablaşma elektrik sayğacı tərəflərin elektrik
şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma
elektrik sayğacı quraşdırıldığı yerdən balans mənsubiyyəti sərhədinə qədər
elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən
edilir və həmin elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesablaşma
elektrik sayğacının göstərişinə əlavə edilir, yaxud çıxılır. Belə bir hal mövud
deyil. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş
elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən Qaydalara
uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə
görə ödənişin alınmasına yol verilmir. Göründüyü kimi bütün bu deyilənlər
birbaşa və dolayısı ilə korrpusiyaya şərait yaradan hallardır. Hesab edirik ki,
bütün bu xüsusatlar araşdırılmalı və müvafiq tədbirlər görülməlidir.
Azərbaycanda müşahidə olunan dinamik yüksəliş və tərəqqi, iqtisadiyyatın
sürətli artım tempi respublikada həyata keçirilən uğuru islahatların nəticəsi
olmaqla yanaşı, milli sahibkarlığa göstərilən yüksək diqqət və qayğı
nəticəsində mümkün olmuşdur. Özəl sektorun inkişafı üçün dövlət səviyyəsində
bir sıra təşkilati, hüquqi və iqtisadi tədbirlərin görülməsi, biznes fəaliyyəti
üçün daha əlverişli mühitin yaradılması məqsədilə əsaslı islahatların
aparılması Azərbaycanda sağlam əsaslarla təməli qoyulan sosial-iqtisadi inkişaf
strategiyasının mahiyyətindən irəli gəlmişdir. Prezident İlham Əliyevin ötən
beş illik fəaliyyətində qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın neftdən
asılılıq dərəcəsinin azaldılması məqsədilə sahibkarlığın inkişafı istiqamətində
atdığı addımlar ardıcıllığı, səmərəliliyi və sistemliliyi ilə diqqəti cəlb
edir. Yerli sahibkarlarla görüşən dövlət başçısı onları narahat edən məsələləri
diqqətlə dinləmiş, sahibkarları dəstəklədiyini, iş adamlarına gələcəkdə də
lazımi kömək göstərəcəyini bəyan etmişdir. Dövlət rəhbəri inhisarçılıq,
sahibkarlara süni maneələrin yaradılması, hüquq-mühafizə orqanlarının iş
adamlarının fəaliyyətinə müdaxiləsi hallarını pisləmiş, bu münasibət konkret
qərarlarla müşayiət olunmuşdur. Cənab İlham Əliyevin son illərdə imzaladığı
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı,
Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı, "Korrupsiyaya qarşı
mübarizə haqqında", "Sahibkarlığa dövlət maliyyə dəstəyinin
göstərilməsi sahəsində əlavə tədbirlər haqqında", "Azərbaycan
Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi
qaydalarının təkmilləşdirilməsi haqqında", "Azərbaycan Respublikasında
sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" və s. fərman və
sərəncamlar, qanunlar, dövlət proqramları sahibkarlığın inkişafına təkan
vermiş, qeyri-neft sektorunun inkişafını stimullaşdırmışdır. Azərbaycan
Prezidenti İlham Əliyev çıxışlarında daim xüsusi vurğulayır ki, ölkədəki
dinamik uğurların əldə olunmasında sahibkarların, iş adamlarının da böyük rolu
vardır: "...Kiçik və orta sahibkarlığın inkişafı daha da sürətlə
getməlidir, burada süni müdaxilələr olmamalıdır. Baxmayaraq ki, onlar azalıb,
amma yenə də faktlar var. Məlumatlar gəlir ki, hüquq-mühafizə orqanları biznes
strukturlarına müdaxilə edirlər, incidirlər, əsassız tələblər irəli sürürlər.
Bunu yığışdırın....Mənim siyasətim bundan ibarətdir... Unutmayın ki, mən bu
sahəyə ciddi yanaşıram və iş adamlarını dəstəkləyirəm".
Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq, Sizdən İdarənizin
əməkdaşları Ruslan və Canəhməd barəsində xüsusi tədbirlər görməyə və
müəssisəmizə yazılan əlavə sərfiyyatların ləğv edilməsi barədə səlahiyyətiniz
çərçivəsində göstəriş verməyinizi xahiş edirik”.
İmza: “ENSO” Məhdud
Məsuliyyətli Cəmiyyətin rəhbəri Eyniyev Natiq Sarıbala oğlu, “NFT” Məhdud
Məsuliyyətli Cəmiyyətin rəhbəri Abbasov Kamal Babalı oğlu, “Karvansaray” Məhdud
Məsuliyyətli Cəmiyyəti, Sahibkar Quliyev İlqar Nadir oğlu, “Minkənd” MMC-nin
rəhbəri Qazakov Şirvan İsmayıl oğlu






































































































