Moderator.az-a daha bir şikayət məktubu daxil olub və onu olduğu kimi təqdim edirik:
Azərbayan Respublikası Daxili İşlər naziri General Polkovnik Cənab Ramil Usubova
Surəti: Baş Dövlət Yol Polisi İdarəsinin Rəisi General Mayor Cənab Ramiz Zeynalova
Surəti: Medorator az.saytına
Bərdə rayonu Gərənə kənd sakini Məmmədov Şahin Şəmil oğlu tərəfindən
Ə R İ Z Ə
Çox hörmətli Ramil müəllim, Sizin çox qiymətli vaxtınızı aldığıma görə üzr istəyirəm.Sizin polis orqanlarında apardığınız uğurlu kadr islahatları göz qabağındadır və bu barədə cox danışmaq olar. Lakin buna baxmayaraq hələdə polis orqanlarında öz xidməti vəzifəsini layiqincə yerinə yetirməyən əməkdaşlarada rast gəlinir.Sizə mənə qarşı DYP əməkdaşının elədiyi bir hadisə barədə məlumat vermək istəyirəm.
Məlumat ücün bildirim ki, mən uzun illər dövlət qulluğunda rəhbər vəzifələrdə işləmişəm, ona görə də dövlətin qanunlarına, o cümlədən DYP əməkdaşlarına xüsusi hörmətim var. İstəməmişəm ki, kimsə məni yolda etdiyim neqativ hərəkətə görə saxlasın.
Lakin 29 iyul 2014-cü il tarixdə axşam saat 16-45 dəqiqədə Bərdə rayonunudan ailə üzvlərimizlə yüksək bayram əhval-ruhiyyəsi ilə çıxaraq Bakı şəhərinə üz tutduq. Lakin bizim bu xoş əhval-ruhiyyəmiz cəmi 30-35 dəqiqə çəkərək Yevlax rayonu ərazisində Qazax ”“ Yevlax-Bakı magistral avtomobil yolunun üzərində yerləşən DYP postuna çatanda (Kürün körpüsünü Bakı istiqamətində keçəndə) tamamilə korlandı və demək olar ki, əsəblərimiz pozuldu.
Sizə məlumdur ki, bütün DYP postlarında olduğu kimi Yevlax DYP postunda da magistral yola gediş- gəlişi məhdudlaşdıran hərəkətlı metal qapılar- Şlaqbaum əvəzi) qoyulur və xüsusi hallarda reydlər keçirilən zaman posta yaxınlaşan avtomobillər növbə ilə saatda 20 km sürətlə o keçiddən keçirlər.Yəni növbə ilə. Adəti üzrə təxminən saat 17-20 və ya 17-30 radələrində dörd-beş maşın həmin posta yaxınlaşdıq, məndən əvvəlki dörd maşın sərbəst keçdi.Əslində bu məhdudiyyət nəyə görə idi, anlamaq olmurdu. Çünki onsuz da hamı bilir ki, DYP postuna çatanda sürət 30-50 km-saat olur və istər -istəməz maşını aşağı sürətlə idarə edirik. Beləliklə mənə çatanda isə yaxasında heç bir tanınma nişanı olmayan bir inspektor “saxla” işarəsi verdi. Mən də fikirləşmədən avtomobili kənara çəkib saxladım.Qeyd edim ki Bərdədən Yevlax postuna qədər olan məsafədə hec bir qayda pozuntusuna yol verməmişdim. Yol hərəkəti qaydalarına uyğun olaraq təhlükəsizlik kəmərindən istifadə etmişəm, avtomobili vaxtında texniki baxışdan keçirmişəm, sığorta şəhadətnaməm, sürücülük vəsiqəm və etibarnaməm hamısı qaydasında idi. Həmin inspektor yaxınlaşıb salam verdi və təbii ki, mən də salam alıb avtomobildən düşmədən günahımın nə olduğunu soruşdum. Cavab verdi ki, günahınız yoxdu, sənədlərinizə baxmalıyam. Dedim niyə bəs məndən əvvəlki 5 maşını saxlamadınız, tək məni saxladınız, cavabı bu oldu ki, mən bütün maşınları saxlamalıyam?Dedim axı qayda pozuntusu, xüsusi reyd yoxdursa "Yol hərəkəti qaydaları haqqında" Qanuna görə məni saxlamalısınızmı? Qanunda belə hal varmı?Təkrar sənədləri tələb etdi. Soruşdum ki, mənim maşınımın saxlanması barədə əlinizdə sanksiya və ya bir məhkəmə qərarı varmı? Dedi yox. Yenə soruşdum ki, onda məni niyə saxlamısan? Bundan sonra maşında ailə olduğu üçün onun dayaz düşüncəli bir insan olduğunu görərək mübahisə etmədən sənədləri verdim. Sənədləri aldı o üzünə bu üzünə çevirdi, çox güman ki, baş aça da bilmədi, çönüb mənə deyir ki, deyəsən sənədlərin qaydasındadır. Dedim mən səndən fərqli olaraq dövlətin qanunlarına hörmətlə yanaşıram. Niyə də sənədlərim qaydaında olmasın? O sənədlərimi mənə qaytaranda onun heç bir tanınma nişanı olmadığını gördükdə familiyasını təkrar soruşdum.Mənə cavabı bu oldu ki, komandir oturub postda, nə iradın var get ona de, qulaq asmasa, kimə və hara ürəyin istəyir müraciət edərsən. Avtomobildə qadın və uşaq olduğu üçün istidə əlavə vaxt itirmək istəmədim və çox dilxor, əhvalımız korlanmış vəziyyətdə Bakiya gəlib çatdıq. Nə adını ,nə soyadını demədən bizi heç bir səbəb olmadan
Xeyli postda saxlayan,sonra ironik şəkildə "hara istəyirsən şikayət elə" deyən DYP əməkdaşına nə deyəsən? Maşında olan ailə üzvlərimə tapşırmışdım ki, əgər hər hansı bir yol qəzası törədib başıma bir iş gələrsə günahkar həmin yol polisini göstərərsiniz. Bu da DYP işcisinin bizə bayram payı oldu. Maraqlıdır ki, posta şübhəli maşını saxlayanda onun bütün detallarını yoxlayırlar, bu isə "şübhələnib "saxladığı maşının nə yük yerinə, nə mühərrik hissəsinə, nə də salona baxış keçirmədi. Onda sual olunur, bəs avtomobili heç bir səbəb olmadan niyə saxlamışdı?
Ona görə də mən bilmək istəyirəm bu dediklərimə görə düzgün hərəkət edib mənim avtomobilimi saxlayıblar, ya mən bilmirəm bəlkə belə olmalıdır.Yox əgər qeyri-qanuni saxlanılmışamsa həmin inspektorun cəzalanmasını istəyirəm
Mən bu barədə 30 iyul 2014 cü il tarıxdə Cənab Nazirə,Cənab Zeynalova yazmışam. Əfsuslar olsun ki, 26 gün keçməsinə baxmayaraq heç bir reaksiya bildirilmir. Sizə bir daha müraciət edirəm və bu məsələnin araşdırılmasını xahiş edirəm.
Əvvəlcədən minnətdarlığımı bildirirəm.
Hörmətlə:
Şahin Məmmədov
26 Avqust 2014 -cü il






































































































