Gəncə hadisələrində İxtiyar Şirinov müəmması...

Hazırda oxunan: Gəncə hadisələrində İxtiyar Şirinov müəmması...

47396
Moderator.az bir neçə gündür ki, Milli Qvardiyanın keçmiş komandiri, polkovnik Əzizağa Süleymanovun 93-cü ilin Gəncə hadisələri barədə xatirələrini təqdim edir. Həmin vaxt polkovnik hadisələrin mərkəzində olub və baş verənlərin hamısından məlumatlıdır, hətta onu aldadaraq Surətçilərə təslim də ediblər, ölümlə üz-üzə gəlib...

...Arabir Qazax bölgəsindən gələn bir-iki tank və zirehli döyüş maşınları iri çaplı pulemyotla 709 saylı hərbi hissəni atəşə tutur, aranı qızışdırıb aradan çıxırdılar. Onların yaratdıqları bu hərəkəti görən ətrafda yaşayan mülkü əhali hər tərəfdən hərbi hissənin ətrafına yığışırdılar. Mən hərbçi olduğum uzun illərin təcrübəsindən hiss edirdim ki, əhalinin hərbi hissənin ətrafına belə yığışması bizim üçün yaxşı nəticə verməyəcək. Saat təxminən 10 radələrində 709 saylı hərbi hissəyə yeni təyin olunmuş briqada komandiri İsa Sadıqov, onunla gələn mayorla və bizim qvardiyaçı baş leytenant Yaqubov Məhəmmədlə yenidən hərbi hissəyə Eldar Əliyevin yanına getmişdilər. Onlar gedəndən təxminən bir saat sonra 709 saylı hərbi hissədən bizə tərəf bir hərbçi əlində ağ bayraq tutaraq gəlməyə başlamışdı. Bizə bir az qalmış onu arxadan özlərindən kimsə vurmuşdular. Bununla da ara qarışmışdı. Onlar təkid edirdilər ki,  Mehman Ələkbərovu siz vurdunuz. Bizim savadlı  komandirlərdə onları taktikasın başa düşməyib israrla təkid etdilər ki bizim tərəfimizdən onlara güllə atılmayıb. Söylənilənə görə arxadan vurulan şəxs 709 saylı hərbi hissənin tabor komandirlərlərindən biri idi. 709 saylı briqadanın tabor komandiri  Ələkbərov Mehman Ələkbər oğlunu  vurandan sonra onlar şəhərdə şayiə yayıb əsasən arvad-uşağı qabağa buraxıb bizim üstümüzə gəldilər. Əhalinin bizi mühasirəyə aldığını görən  alay komandiri şəxsən Elmar Hüseynov  Milli Qvardiyanın komandan müavini qərargah rəisi Taryel  Nəsirov baş verən hadisələri görüb bir tədbir görmədilər. Elə bil bu hadisələr əvvəlcədən planlı şəkildə hazırlanmışdı. Mən şəxsən bizim üstümüzə gələn mülki əhalini görüb, alay komandiri Elmar Hüseynova demişdim ik, gəlin əlimizdəki zirehli döyüş maşını vasitəsi ilə hərbi hissənin hasarını uçurdub qvardiyaçıları hərbi hissədən çıxardaq. O isə bizim hamımıza demişdi ki, gəlirlər qoy gəlsinlər, biz heç kimə güllə atmamışıq. Siz sakit olun. Arvad uşaqla bərabər bir “Qaz 66” markalı hərbi maşın da bizə yaxınlaşırdı. Bunu görən  alay komandiri Elmar Hüseynov bizə əmr etmişdi ki, əlinizdəki silahları bu maşına yükləyin, silahlar mülki şəxslərin əlinə keçməsin. Düzü biz elə bildik ki bu maşın Müdafiyə Nazirliyinin maşınıdır. Birinci olaraq alay komandiri Elmar Hüseynov özü silahını maşında gələn hərbçiyə təhvil vermişdi. Bizə isə silahları bir-bir maşının küzasına atmağı əmr etmişdi. Ondan sonra Nəsirov da silahını maşına atmışdı. Biz silahı təhvil verən kimi bir dəstə əli silahlı hərbçi peyda olmuşdu və bizi mühasirəyə almışdılar. Bizə bildirdilər ki, sizin qvardiyaçılar bizim briqadanın tabor komandiri Mehman Ələkbərovu 5,45 markalı avtomatla vurublar. Bunu ayırd etmək üçün sizi əsir götürürük. Hamı bir nəfər kimi artıq əskik hərəkətlərə yol vermədən gedirik Lələnin ianına. Elmar Hüseynov birinci olaraq qabağa düşüb onların göstərişin yerinə yetirmişdi. Ondan sonra biz əli silhsız qalaraq təslim olmuşduq. Hamımızı gətirib bura doldurmuşdular. Indi də sizi gətirdilər...
   Artıq hava qaralmaq üzrə idi. Biz saxlanılan kazarmanın pəncərələrindən baxanda günün batdığı hiss olunurdu. Birdən biz saxlanılan hərbi hissəyə yaxın məsafədən qəfıl şiddətli atəş səsi eşidildi. Güllə səsi yaxın məsafədən bir neçə yerdən aramsız eşidildi. Bu zaman bizim keşiymizi çəkən əsgərlər ora-bura  qaçmağa başlamışdılar. İnsan qışqırtısının səsi hər yerə yayılmışdı. Biz elə bildik ki, hərbi hissələrin hansısa bizi azad etmək üçün hücuma keçiblər. Dəhşətli insan naləsinin səsi hər yeri bürümüşdü. Dəhlizlə qaçan hərbçilərdən biri bildirmişdi ki, qvardiyaçıları Goranboy taborunun  uşaqları və Gəncəli mülki adamlar güllələdilər. Bu xəbəri eşidən zaman özümdən aslı olmayaraq elə qışqırıb surətçilərin ünvanına söyüş söymüşdüm ki, yanımdakı qvardiyaçılar məni güclə sakitləşdirmişdilər. Çöldə maşında olub güllənənlərin içində sağ qalan qvardiyaçıları da qapını açıb bizim yanımıza salmışdılar. Bu zaman yaxından daha bir aramsız atəş  səsi eşidilmişdi. Hərbi hissədə bizimlə qonşu hərbi kazarmada  saxlanılan qvardiyaçıların bir hissəsi bu qarışıqlıqdan istifadə edərək kazarmanın arxa pəncərəsin açaraq qaçmağa müvəffəq olmuşdular. Bir güllə səsi də yaxından eşidilmişdi. Bizim mühafizəmizi çəkən qapıda duran əsgərdən nə baş verdiyini soruşduqda bildirmişdi ki, bir Milli Qvardiyaçı bizə tabe olmayıb özünü öldürdü. Həmin qvardiyaçının kimliyi ilə maraqlandıqda bəlli olmuşdu ki, bu, Gəncənin futbol komandasında futbol oynayan gəncəlilərin sevimlisi olan “Ziko” ləqəbli futbolçu, hal-hazırda Milli Qvardiyanın xüsusi təyinatlı dəstəsində xidmət edən qvardiyaçı İsmayılov Kəmaləddin Rəhim oğludur. Bizim yanımıza salınan qvardiyaçılardan soruşduqda çöldə nə baş verib, onlar bildirdilər ki, komandir, sizi Surət Hüseynovun adamları əsir götürəndən sonra hər tərəfdən axışıb gəldilər. Elə bil sizin tutulmağınız barədə onlara kimsə məlumat vermişdi. Sizdən sonra bizə heç kim rəhbərlik edə bilməmişdi. Komandanın başı danışıqlara qarışmışdı. Sizin əsir götürlməyiniz ona çox pis təsir etmişdi. O sizi onların yanına göndərməyinin peşmançılığını çəkirdi. Böyük səhv etdiyini deyirdi. Bu arada onların qabağına çıxa biləcək bir şəxsin olmadığını his edən surətçilər danışıq zamanı baş prokuror İxtiyar Şirinovun onlara təhvil verilməsini tələb edirdilər. Milli Qvardiya komandanı Tahir Məmmədov  baş prokurorun heç kimə təhvil verilməyəcəyini qəti sürətdə bildirirdi. Hər dəqiqə vəziyyət ağırlaşırdı. Surət Hüseynovun tərəfdarları isə baş prokuroru tələb edirdilər. Vəziyyətin çıxılmaz olduğunu hiss edən Tahir Məmmədov İxtiyar Şirinovu gizli yol vasitəsi ilə onun olduğu Milli Təhlükəsizlik Nazirliyinin Gəncəgəki inzibati binasının ərazisindən çıxardılması qərarına gəlmişdi. Milli Qvardiyanın iki nəfər xüsusi təyinatlı dəstəsinin üzvü olan Əlizadə Tərlan Aydın oğlu və Rəfiyev Elgün Qoca oğlu tərəfindən baş prokuror İxtiyar Şirinov inzibati binadan maneəsiz çıxarılmışdı. Sonradan aldığımız məlumata əsasən Milli Təhlükəsizlik İdarəsinin inzibati binasından gizli yolla heç bir maneə olmadan uzaqlaşdırılan İxtiyar Şirinov yolda təhlükəsiz yerdə olduğunu hiss edib, onu müşayət edən Milli Qvardiyaçıların xidmətlərindən imtina edir. Onları geri qaytararaq özü nəməlum istiqamətdə hərəkət edir...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin