2014-cü il yanvarın 3-də Hicri-Qəməri təqvimlə Rəbbiul Əvvəl ayı daxil olur. Bu o deməkdir ki, iki ay davam edən matəm ayları başa çatır. İslam təqvimi olan Hicri-Qəməri (ay) təqvimi günəş təqvimindən fərqləndiyi üçün hər il ayların arasında fərqlə yaranır.
Bu hicri 1435-ci ilin ilk ayı olan Məhərrəm ayı bu il noyabrın 5-də daxil olub. Məhərrəm ayı həm də matəm ayı hesab olunur. 680-ci il (hicri 61-ci il) Məhərrəm ayının 10-da Məhəmməd Peyğəmbərin (s.ə.s) nəvəsi İmam Hüseyn (ə) İraqın Kərbəla adlı ərazisində qətlə yetirilib. Bu hadisə Məhərrəm ayının 10-da (ərəbcə əşərə-aşura) şəhid edildiyi üçün bu təqvim Aşura adı ilə qeyd olunur. Ötən illər ərzində Əhli-Beyt tərəfdarları Məhərrəm ayını və ondan sonra gələn Səfər (hicri təqvimlə ilin ikinci ayı) ayını matəm mərasimi kimi qeyd edirlər. Təxminən Səfər ayında İmam Hüseyn (ə) matəmi 40 (ərbəin) mərasimi ilə başa çatır. Bu il ərbəin, yəni İmam Hüseynin 40 mərasimi dekabrın 23-də qeyd edilib.
Səfər ayının sonuncu günlərində, ayın 28-də Məhəmməd Peyğəmbər (s.ə.s) və İmam Həsən (ə) dünyadan köçdüyü üçün əsasən şiə müsəlmanlar hər il Məhərrəm və Səfər aylarını bütövlükdə matəm ayları kimi qeyd edir. Bu aylarda toy, şənlik mərasimləri keçirmirlər. Yeri gəlmişkən, bu il dekabrın 31-i Səfər ayının 28-nə təsadüf etdiyi üçün yeni ilin qeyd olunması ilə bağlı mübahisələr yaranıb.
Xatırladaq ki, günəş təqvimində il 365 (366) gündən ibarətdirsə, ay (qəməri) təqvimində il 355 gündən ibarətdir. Bu səbəbdən də hicri təqvimində aylar günəş təqvimi ilə müqayisədə 10 gün geri çəkilir.







































































































