Dayanıqlı inkişaf məqsədlərinin praktiki icrası məhz şəhərlərimizdə həyata keçirilir.
Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli WUF13 çərçivəsində “SPECA Forumu: inklüziv və dayanıqlı şəhər gələcəyi üçün mənzil həlləri” adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, son on ildə Mərkəzi və Qərbi Asiyada şəhər əhalisi heyrətamiz şəkildə 40 faiz artıb:
“Bu sürətli urbanizasiya isə sadəcə demoqrafik tendensiya deyil. Bu, ölkələrimizin iqtisadi, infrastruktur və sosial sistemlərinin dərin struktur transformasiyasını ifadə edir. Bu platformanın gücləndirilməsi artıq yalnız regional iqtisadiyyat məsələsi deyil, həm də ortaq regionumuzun dayanıqlılığı və təhlükəsizliyi üçün strateji zərurətə çevrilib.
Güclərimizi bir araya gətirməklə biz ortaq çağırışları koordinasiyalı şəkildə həll edə biləcəyimiz, proqnozlaşdırılan, inkişafyönümlü və qarşılıqlı faydalı mühit formalaşdırırıq. SPECA çevik və çoxşaxəli mexanizmə çevrilib. Bu platforma Orta Dəhlizin rəqəmsallaşdırılması, ağıllı və iqlimə davamlı şəhərlərin qurulması kimi müasir tələblərə cavab vermək potensialına malikdir.
Regionumuz eyni zamanda mənzil fondunun modernləşdirilməsinə artan ehtiyacla üz-üzədir. Biz bu çağırışı yük kimi deyil, böyük investisiyaların cəlbi, dövlət-özəl tərəfdaşlıqlarının inkişafı və texnologiyaların tətbiqi üçün geniş iqtisadi imkan kimi qiymətləndiririk”.
Səməd Bəşirli qeyd edib ki, təsis sənədində əks olunan məqsədlər tamamilə praktiki xarakter daşıyır:
“Biz ağıllı və dayanıqlı şəhərsalma, məlumat mübadiləsi imkanlarının genişləndirilməsi, könüllü yerli hesabatların hazırlanmasının dəstəklənməsi kimi istiqamətlərdə konkret layihələr həyata keçirməyi nəzərdə tuturuq. Azərbaycan isə postmünaqişə dövründə yenidənqurma modeli ilə bağlı praktik təcrübəsini bu regional əməkdaşlığa təqdim etməyə hazırdır.
Azad edilmiş ərazilərdə biz ağıllı və dayanıqlı şəhər dirçəlişinin unikal modelini həyata keçiririk. Biz sadəcə dağıdılmış infrastrukturu bərpa etmirik. Biz sıfır emissiyalı, ekoloji baxımdan dayanıqlı “ağıllı şəhərlər” və “ağıllı kəndlər” qururuq.
Bununla yanaşı, İqtisadiyyat Nazirliyi olaraq biz çox yaxşı anlayırıq ki, möhkəm maliyyə təməli olmadan ən iddialı strategiya belə yalnız bəyanat olaraq qalır. Məhz buna görə də SPECA Çoxtərəfli İnkişaf Fondunun yaradılması bizim ən mühüm praktik nailiyyətimizdir. Azərbaycan hökuməti bu fonda ilkin olaraq 3,5 milyon ABŞ dolları ayırmaqla üzərinə düşən öhdəliyi tam yerinə yetirib.
Biz tərəfdaşlarımızın, o cümlədən Özbəkistan və Qırğızıstanın müvafiq qərarlarını və töhfələrini də məmnuniyyətlə qarşılayırıq. Bu fond kollektiv siyasi iradəmizi real sərhədlərarası infrastruktur və ekoloji layihələrə çevirən mühüm katalizator rolunu oynayır.
Fondun ilkin fəaliyyət mexanizmlərini işə salmaqla biz platformamızın uzunmüddətli maliyyə dayanıqlığını təmin edirik. SPECA Şəhərlər Forumu sadəcə diplomatik dialoq məkanı deyil. Bu, investisiya, icra və real regional nəticələr üçün fəaliyyət göstərən praktik alətdir”.
Nazir müavini əlavə edib ki, Azərbaycan bu platformanın institusional və coğrafi inkişafını təmin etmək üçün bundan sonra da hərtərəfli və qətiyyətli dəstəyini davam etdirəcək. (Musavat.com)
Bizim.Media


































































































