AXCP seçkilərə hazırlığı müzakirə edir

Hazırda oxunan: AXCP seçkilərə hazırlığı müzakirə edir

30984

AXCP-nin növbəti sessiyası keçirilir. Sessiyanın gündəliyinə ictimai-siyasi vəziyyət, seçki ilində partiya qarşısında duran vəzifələr və cari məsələlər daxildir.

İctimai-siyasi vəziyyət və qarşıda duran vəzifələrlə bağlı AXCP sədri Əli Kərimli çıxış edib. O, Xalq Cəbhəsinin 24 illiyini qeyd etdiyini xatırladaraq deyib:

"Postsovet məkanında Xalq Cəbhəsi ilə birgə yaranan təşkilatların hamısı tarixə qovuşub. Amma bizim missiyamız başa çatmadığı üçün, sizin fədakarlığınızla Xalq Cəbhəsi yaşayır, mübarizəsini davam etdirir".

Əli Kərimli Milli Şuranın yaranmasının əhəmiyyətinə toxunaraq bildirib: "Milli Şuranı yaratmaqla hakimiyyəti çaş-baş salmışıq. Müxalifət birləşə bilmir kimi ənənəvi təbliğatları alt-üst oldu. Digər tərəfdən Milli Şuranın vahid namizədlə çıxış etməsi, dünyaca məşhur ziyalımız Rüstəm İbrahimbəyovun vahid namizədliyinin irəli sürülməsi dünyanın diqqətini bizə artırıb". 

Daha sonra AXCP sədri ABŞ Konqresinin Helsinki Komissiyasında Azərbaycanla bağlı müzakirənin üzərində dayanıb.Əli Kərimli Milli Şuradakı problemlərdən də danışıb. O, Şuranın strukturlarının hələ tam formalaşmadığını, vahid namizəd seçilsə də, Müsavatın öz namizədini hələ saxlamasını və vahid namizəd Rüstəm İbrahimbəyovun, heç bir siyasi qüvvəni təmsil etmədiyi üçün, arxasında təşkilatlanmış siyasi gücün hiss olunmadığını qeyd etdi. O, bildirdi ki, bu boşluğu AXCP doldurmalıdır, çünki “cəbhəçilər bu məsələyə səmimiyyətlə yanaşır, kiməsə hesabat, müxalifətin birləşməsi ilə bağlı özünə təsəlli vermək üçün yanaşmır”. 

AXCP sədri partiya qarşısında duran vəzifələrdən və görülməli işlərdən bəhs etdi. Bu xüsusda o, siyasi fəallığın artırılmalı olduğunu xüsusi vurğuladı. Bildirdi ki, bu gün Azərbaycandakı seçkilərlə bağlı daxili və xarici ovqatla partiyaların, hətta ən yaxşı təşkilatlanmış AXCP-nin belə, mütəşəkkili arasında disproporsiya var. Onun fikrincə, müxalifətin birləşməsinin cəmiyyətdə yaratdığı inama, beynəlxalq rəyə uyğun siyasi fəallıq hiss olunmur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin