Ümid partiyası İcra Aparatının rəhbəri Nəsimi Məmmədli Moderator.az-a açıqlamasında vətəndaşların sosial vəziyyətinin ağırlığı, son dövrlər kütləvi etirazların artması və bütün bu ajiotaja baxmayaraq demokratiya uğrunda siyasi proseslərin aktiv müstəviyə keçməməsinə münasibət bildirib.
-Nəsimi bəy, prezident seçkisindən sonra ölkədəki müxalif siyasi partiyaların rolunun azaldığının hiss olunduğu bir vaxtda, vətəndaşların müxtəlif məzmunlu kütləvi etirazları getdikcə artmağa başlayıb. Bunları doğuran səbəblər nədir?
-Son seçki prosesi onu bir daha sübut etdi ki, mövcud hakimiyyətin xalq arasında dayaqları itməkdədir. Öz nüfuzunu islahatlarla, cəmiyyətin maraqlarını təmin etməklə bərpa etməyi bacarmayan və həm də bunda maraqlı olmayan iqtidar daha sərt metodlarla rəqiblərini siyasi arenadan sıxışdırmaq xətti tutub. Dövlətin bütün inzibati resursları səfərbər edilərək, hakimiyyətin faktiki mövcudluğunu saxlamağa, müxalifətin isə siyasi müstəvisini daraltmağa və yox etməyə cəlb olunubsa, bizim bundan artıq nə isə etməyimiz də mümkün deyil. Sərbəst toplaşmağa qadağa, ifadə azadlığına məhdudiyyətlər, müxalif siyasi partiyaların qanuni fəaliyyətinə əngəllər olan yerdə demokratik mühit ola bilməz. Demokratik mühit olmayan yerdə də siyasi partiyaların rolu bundan artıq ola bilməz. Vətəndaşların kütləvi etirazlarının artması tendensiyasına gəlincə, doğrudan da bu etirazların müxtəlif səbəblərdən baş verdiyini güman edənlər çoxdur. Amma, istər universitet tələbələrini, istər evi sökülən sakinləri, istərsə də kiçik ticarətlə məşğul olan sahibkarları etiraza sürükləyən ümumi məsələlər var. Bunların hər biri məmur özbaşınalığından, sosial vəziyyətin ağırlığından və mövcud “idarəetmədən” qaynaqlanır. Son vaxtlar hökumətin bir çox yanlış qərarları, idarəçilikdə buraxılan səhvlər, əhalinin sosial vəziyyətinin ağırlığı cəmiyyətin gərginləşməsinə və qarşıdurmalara meyllənməsinə meydan açır. Belə bir arzuolunmaz vəziyyətə gətirib çıxaran amilləri hakimiyyət dərhal ortadan qaldırmalıdır. Buna mövcud hakimiyyətin resursları, imkanları çatar, yetər ki, məzlum duruma salınmış xalqa xidmət etməyə istəkləri, arzuları olsun. Əhalinin bütün təbəqələrinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmalıdır. Vətəndaşlar öz şəxsi həyatında dövlətin himayəsini hiss etməlidir. Sosial ədalətin pozulmasının davam etməsi ölkənin təhlükəsizliyinə və davamlı sabitliyinə ciddi zərbədir. Artıq vətəndaşlarla hökumət qurumları arasında çox etimadsizlıq mühiti yaranmışdır. Məhz bu səbəbdən də vətəndaş özünü dövlətdən qorumaq düşüncəsinə hakim olmağa başlayıb ki, bu da özlüyündə dövlətlə vətəndaş münasibətlərində bir uçurum yaradır.
-Müxalif partiyaların fəaliyyətində bir süstlük müşahidə olunur, verilən bəyanatların kağız üzərində qalmasının səbəbi nədir?
-Təbii ki, müxalif siyasi partiyaların əsas vəzifələrindən biri də ölkədə mövcud olan neqativ halları ictimai müzakirəyə təqdim etməkdir. Bununla da partiyalar ölkə Konstitusiyasında və qanunlarda təsbit olunmuş hüquqlarını həyata keçirir, həm də öz siyasi platformasını təbliğ etmiş olur. Hakimiyyət də öz üzərinə qanunlarla qoyulmuş vəzifələrə əməl edərək müxalif siyasi institutların rolunun genişləndirilməsinə şərait yaratmalı və onların bəyanatlarına uyğun reaksiya verməlidir. Bu gün iqtidar və cəmiyyət açıq reaksiya verməsə də, əslində bizim bəyanatların çox ciddi təsirləri var. Əgər təşkilatlanmamış cəmiyyət belə, kütləvi etirazlar edirsə, seçki günü səsini iqtidara vermirsə, bunun əsas səbəblərindən biri elə bizim ardıcıl siyasi fəaliyyətimizdir. Əlbəttə, daha yaxşı olardı ki, iqtidar müxalifət münasibətlərində normal siyasi rəqabət olsun. Bizi ən çox narahat edən məsələlərdən biri də budur ki, ölkədə siyasi münasibətlər sisteminin olduqca gərgin və barışmaz ziddiyyətlərlə inkişaf etməsi nəticəsində bu siyasi mədəniyyətin formalaşması yubadılır. Ümid partiyası cəmiyyət içi münasibətlərdə bəyanatlarla yanaşı, bir çox fərqli demokratik metodlardan da istifadə edir və fəaliyyətində heç bir süstlük yoxdur.
-Müxalifətin sosial bazasının zəifləməsi ilə bağlı iddiaların olduğu bir vaxtda Ümid Partiyasının bələdiyyə seçkilərinə hazırlığında nə kimi çətinlik nəzərə çarpır?
-Burada ilk olaraq nəzərə almaq lazımdır ki, istənilən antidemokratik rejimlər vətəndaş fəallığını, xüsusilə siyasi fəallığı özü üçün təhlükə sayır və qarşısını almaq üçün hər vasitədən istifadə edir. Müxalifətin və iqtidarın sosial bazasını müəyyən etməyin tək yolu demokratik seçkidir. Bunun isə ölkəmizdə keçirilməsinin qarşısını hakimiyyət həm qanunvericiliklə, həm də təşkilati-siyasi iradəsi ilə alır. Ona görə də müxalifətin sosial bazasının zəifləməsi ilə bağlı iddiaları əsassız hesab edirəm. Qarşıdakı Bələdiyyə seçkilərinə hazırlığa ciddi önəm veririk. Həm partiyanın, həm də cəmiyyətin maraqlarına uyğun fəaliyyət ortaya qoyacağıq. Seçkinin verdiyi imkanlardan istifadə etməklə cəmiyyətin maariflənməsi və demokratikləşməsinə yardımçı olmağa çalışacağıq. Biz partiya olaraq Bələdiyyə seçkilərinə start verilənədək bir neçə zəruri məsələləri həll etməyi qarşıya məqsəd qoymuşuq. Burada bütün bələdiyyə subyektlərindən namizəd irəli sürmək imkanlarımızın öyrənilməsi, şəhər bələdiyyələrinə namizəd olacaq şəxslərin vahid seçki strategiyasının hazırlanması, bələdiyyələrin statusu ilə bağlı geniş siyasi-hüquqi kompaniyanın aparılması daxildir. Ölkədə azad, ədalətli, şəffaf və demokratik seçki mühiti yoxdursa, iqtidar demokratik azadlıqları məhdudlaşdırmaqla hakimiyyətini qorumaq xətti tutubsa və hətta statusu çox məhdud olan bələdiyyələrə seçkini demokratik keçirməkdə maraqlı olmasa belə, biz ardıcıl fəaliyyətimizdə israrlıyıq. Belə bir seçki prosesində nə etmək mümkün olacaqsa, biz də partiya olaraq onu etməyə çalışacağıq. MDB məkanında, xüsusilə də Ukraynada baş verən siyasi hadisələr fonunda ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərində fəallıq və siyasi hərarət yüksək ola bilər ki, bunu da nəzərə alacağıq. Vətəndaşlarımız öz problemlərinin mahiyyətini tam anlamalı və onun həllində mütləq iştirak etməlidirlər. Ayrı-ayrı siyasi təşkilatların gücü ilə antidemokratik cəmiyyətlərdə müsbət dəyişiklik etmək olmaz. Bu səbəbdən də, xalqımızı müxalif siyasi fəaliyyətə aktiv dəstək verməyə çağırırıq.

































































































