Sonun başlanğıcı, başlanğıcın sonsuzluğu

Hazırda oxunan: Sonun başlanğıcı, başlanğıcın sonsuzluğu

60854

                           








 

 

Lütfi Zadənin məsləkdaşı, dünya şöhrətli zəka 

sahibi Rafiq Əliyevə böyük məhəbbət və ehtiramla

                                  


2-ci məqalə

 

«Kəpəzin göz yaşları» tablosu.

1965-ci ildə çəkilib.

Göy göldə olanlar lal nəğmələr oxuyun bu təbiət sonasının hüsnünə heyran qalırlar.

Heyran qalmaqla yanaşı, bəmbəyaz örpəkdən sıyrlıb çıxan Kəpəzə də sehrli duyğularla, amma şövq və məftunluqla baxırlar.

Diqqətlə, səlist məntiqlə  baxanlar bilirlər ki,  tacı başından düşmüş Kəpəz dağlar qoynuna sığınmş gözəlin ”“ Göy gölün düz tuşunda deyil, bir qədər sol tərəfdədir.

Səttar Bəhlulzadənin «Kəpəzin göz yaşında» isə Kəpəz dağı kompozisiyanın tən ortasındadır.

Səlist məntiqdə Kəpəzin harada olmasının Səttara dəxli yoxdur.

Reallıqda Kəpəzin yamacları da Səttarın tablosundakı kimi görünmür.

Səlist məntiqdə bu da Səttarı maraqlandırmır.

Qeyri-səlist məntiqlə yanaşıram. Səttar Bəhlulzadə tablonun adını «Kəpəzin göz yaşları» qoyub. Sənətkar özünün emosional və idrakı düşüncəsinin rəng sirrini açmaq üçün bu adı bizim üçün kod-açar verib. Bu məntiqlə Kəpəz və onun dizlərinə baş qoyan, qoynuna sığınaraq həzz və ləzzət, ruh və nəşə mürgüsü vuran Göy göl təbiətin zifaq guşəsinə yenicə daxil alan aşiq-məşuq müqəddəsliyində qəbul olunurlar.

Səlist məntiq: XII əsrdə Gəncəbasarda güclü zəlzələ olub. Kəpəz dağı uçaraq Ağ su bulağının qarşısını kəsib. Nəticədə Göy göl yaranıb.

Qeyri-səlist məntiq: Səttarın emosional yaddaşında Kəpəz elə-belə, sakitcə uçmayıb, yerindən oynayıb və nərə çəkə-çəkə parçalanıb, yaralı köksündə şırımlar açılıb. Ondan gen düşən sevgilisi ağ bulağın qarşısında diz çökərək qətrə-qətrə göz yaşı töküb. Onun fəryadlı göz yaşlarından Göy göl yaranıb.

Daha bir qeyri-səlist məntiq: Göy göl də belə füsunkar olub ki, onun aynasında Kəpəz özünə tamaşa edə bilsin... Tamaşa edib təskinlik tapsın. Təskinlik tapsb bilsin ki, Kəpəz elə bu görkəmində də mətndi, əzəmətlidi, vüqarlıdı, valehedicidir. Sirri-xuda müqəddəsliyndədir. Elə buna görə də göyün yeddinci qatına insanlardan çox-çox yaxındır...

Göy gölün sahilində zərif budaqları payızda qıpqırmızı «alovla» yanan üvəz ağacı bitmir.

Səlist məntiqdə Səttar heç  bu barədə də düşünüb-daşınmayıb.

«Kəpəzin göz yaşları» tablosunda üvəz ağacı Göy gölün suyuna dodaq söykəyib.

Qırmızı rəng Səttarın tablolarında Azərbaycan təbiətinin gözəlliyinə haram qatanlara qarşı haraya çağırışıdır, həyəcan təbilidir...

Tabloda Günəş Kəpəzin zirvəsiylə tuş səviyyədə təsvir olunub. Halbuki həmin məkandan ”“ Göy gölün Səttar çəkən yamacından baxanda nə dan yeri söküləndə, nə də tülu edəndə Günəş Kəpəzin yaxasında elə şəfəq saçmır. Həmin nöqtədən (yəni rəssamın mənəzərəni kətana köçürməyə dayandığı, molbertini dayaq verdiyi yerdən) baxanda Günəşin bu görkəmdə Kəpəzin yanında olması qeyri-mümkündür.

Kainatın bu əzəli qanununun da Səttar üçün səlist məntiqi əhəmiyyəti yoxdur.

Səttarın qeyri-səlist məntiqində isə bu mümkündür... Nəinki mümkündür, rəssamın duyğularının emosional təcəssümü üçün vacibdir, lazımdır, deməli mütləqdir. Həmin mütləqlik tablonun psixoloji ruhuna hakim kəsilib.

Elə hakim kəsilib ki, qeyri-səlist məntiqin sənətdə səlist ifadə-təcəssümü təsiri bağışlayır...

Real təbiət gözəlliyini real məkanda və real zamanda tabloya həkk etdiyi məqamda rəssamın emosional duyğusu qeyri-səlist məntiqlə qol-boyun olub. Qol-boyun olub bir-birinə sarıldıqları üçün də Səttarı Günəşin haradan çıxıb harada batması yox, onun Kəpəzlə baş-başa durmağa tələsməsi maraqlandırıb. Maraqlandığını da idrak işığında deyil, emosiya məntiqində (qeyri-səlist məntiqlə) reallaşdırıb...

Səttarın qeyri-səlist rəssam məntiqində Kəpəz və Göy göl eşqin ülviyyət zirvəsində bir-birinə qovuşmuş Leyli və Məcnundur...

Günəş onların məhəbbətinə xeyir-dua verməyə, iki aşiqin yanaqlarından öpməyə tələsir...

 

                                     *  *  *

Səttar Bəhlulzadənin duyğularının toplusunu yozmaq cəhdində qyeri-səlist məntiqin dəmir dayağı dadıma çatır.

Günəş və Səttar Bəhlulzadə yaradıcılığı...

Günəşin təsviri rəssamın «Qızıl axşam», «Yaz motivi», «Suraxanı torpağının qədim alovları», «Kəpəzin göz yaşları», «Xəzərdə axşam», «Səhər», «DədəgünəşÂ»,  «Analar yanar ağlar», «Bazardüzü» və daha neçə-neçə tablosunda var.

Səlist məntiqdə Günəşi görürük: qazmar yay Günəşi, təbəssümlü yaz Günəşi, qüruba enən Günəş, çöhərsini bulud tutan Günəş, Sübhə boylanan Günəş...

Qeyr-səlit məntiqinin poetik-emosional duyğusunda olan Günəşin doğurduğu fəlsəfi-psixoloji, emosional-estetik təəssüratları sapa düzürəm. Düzürəm və aydınlıq gətirməyə çalışıram ki, Günəş Səttarın qeyri-səlist məntiqində nədir. Məncə bunlardır:

Günəş ilk növbədə rəssamın müəyyən ovqatını göstərən bitkin obrazdır. Hər yeni tabloda bu obrazın xarakteri dəyişir;

Günəş dəmirçi kürəsində qızdırılımış teştdir. Ounun dövrəsini novruz xonçaları bəzəyir;

Günəş nur saçan göz bəbəyidir. Sahibi səmaya baxanfa onun kiçik göz bəbyinə bütün kainat yerləşir;

Günəş ağ rəngdən yaşmaq tutan təzə gəlindir. Səadət ucalığından üfüqdə bərq vuran xoşbəxt gələcəyə boylanır;

 Günəş dünyanın əbədiyyət çevrəsidir. Bu çevrənin sirri, möcüzəsi, sehri yalnız tanrıya əyandır.

Qeyri-səlist məntiq pəncərəsindən baxanda Səttar Tanrını Günəş timsalında təqdim edir. Tanrı özü yaratdığı gözəlliyin möcüzəsinə məhz Səttarın emosiya duyuğularının bakirəliyi ilə ucalıqdan munis təbəssümlə baxır.

Qeyri-səlist məntiqlə yanaşanda Səttar Bəhlulzadənin özü bir sənətkar kimi əbədiyyət Günəşi timsalında qəbul olunur.

 

                                *  *  *

Rənglərin ölçüsüz ölçüsü...

Rəngsiz rənglərin rəngi...

Lal rənglərin gur səsli simfoniyası...

Görünən rənglərin görünməyən çalarları...

Görünən və görünməyən rənglər arasındakı ölçü-məsafədə sonsuz rəng duyumları...

Rənglərin aşiqliq və məşuqluq ovqatlararındakı səssizliyin gur harayı...

Təzadlı, barışmaz rənglərin vüsala qovuşan ahəngdarlığı...

Bütün bunlar və bu kimi fəlsəfi-psixoloji qənaətlər qeyri-səlist məntiqdə Səttar Bəhlulzadənin sənət xəzinəsinə giriş üçün gizli kodlardır.

Səttar Bəhlulzadənin kağız üzərində ağ və qara rənglərlə işlədiyi xeyli qraıfik işləri, eskizləri, etüdləri var.

Bəzilərini xatırladıram:

«Bərəkətli torpaq», «Naxçıvan dağları», «Tək ağac», «Tut ağacları», «Üç qovaq və tut ağacı», «Neft buruqları», «Bulud spiralı», «Ordubad bağlarında», «Narlar», «Abşeron motivi», «Məhəbbət və kədər», «Sevgi sorağında», «Füzuli və Məcnun»...

Səlist məntiqlə yanaşıram: bu işlər qara rənglərdən süzülən ağ saçaqlardır.

Yaxud da əksinə, bu işlərdə qara rəng ağ rəngə qucaq açan zülmətdir.

Qeyri-səlist məntiqlə nəzər yetirirəm: Bu iki rəngin arasında onlarla rəng çaları var. Rəssamın işlərinə hərarət verən, tamaşaçı qəlbinə nur çiləyən, duyğulara istilik gətirən məhz qara ilə ağın arasında olan həmin rəng çalarlarıdır. Onları görmədən, duymadan adlarını çəkdiyim rəsmləri dərk eləmək, emosional obrazlarını müəyyənləşdirmək, sənətkarın ruh dünyasına psixoloji ovqatla qovuşmaq mümkünsüzdür.

Ağ və qara arasındakı rəngləri və onların çalarlarını görmək üçün Səttar Bəhlulzadənin bütün tablolarının ruhuna yol açmaq, onlarla ünsiyyətə girmək, dil tapıb danışmaq, rənglərin lal nəğmələrinin not düzümünü qavramaq, səssizliyin səisini eşitmək lazımdır.

Bunu bacaran şəxs qeyri-səlist məntiqə söykənərək ağla qara arasındakı rənglər möcüzəsini apaydın görəcək.

Görüb dərk edəcək.

Dərk edib onun həm də dərkolunmazlığının hüsnü-təravətindən emosional həzz və bəhrə alacaq.

Ağ rəng sənətkarın sənət eşqinin paklığıdır.

Mavi rəng səmavi duyğuların romantik təzahürüdür.

Qırmızı rəng təbiət qoynunda lalələrin başına vuran «qan təzyiqidir».

Qızılı sarı rəng Günəşin saçaqlarını əmib dənə dolan sünbülün bərəkət rəmzidir.

Çəhrayı rəng arzulara uçuş verən sehrli qanadlardı.

Tünd sarı rəng payızın əbədi libasıdır.

Yaşıl ruhu coşduran, gözə dinclik verən ilahi rəngdir.

Narıncı rəng fəvvarə vuran psixoloji ovqatdır.

Şabalıdı rəng tündəmcazlıqda gözəllik axtarışıdır.

Tünd göy rəng ruha rahatsızlıq gətirən, çılğınlıq doğurandır...

Ən əsası isə odur ki, qara ilə ağ arasındakı rəng əlvanlığını və çalar zənginliyini yalnız qeyri-səlist məntiqlə görüb dərk etmək mümkündür.

Səlist məntiq müəyyən həddən sonra gözlərin qarşısına görünməz pərdə çəkir. Deməli, həm də psixoloji emosiyalar buxovlanır. Təxəyyül çərçivəyə salınır.

Qeyri-səlist məntiqi yanaşmada isə bütün sirli qıfıllara düşən yeganə açar emosional duyğudur...

Həmin kod-açarla fəlsəfi mətləblərin «qıfıllarını» açanda bir həqiqəti görüb dərk edirsən. Anlayırsan ki, Səttarın qrafiklarında obrazlar və rənglər pərvanə şamın dövrəsinə fırlanan kimi rəsmin həndəvərində dövrə vurur. Dövrə vurur və təbəssümlə sənə baxır. Gərək məqamında, qeyri-səlist məntiqin ahənrüba cazibə gücündə o pərvanənin fikir, duyğu ahəngini rəsmin mayasına qatıb «uçurdasan».

Bircə işi yada salıram: «Salxım söyüdlər» qarfikasını.

Burada bütün salxım söyüdlər Məcnun obörazında, bir-birinə qovuşan pərişan saçaqlarla verilib.

Məcnun söyüdlərin sıx arasında bir neçə sərv çəkilib. Bu sərvlər rəssamın silsilə Leyli obrazlarının təsviri formasındadır.

«Salxım söyüdlər»də məcnunların və leylilərin eşq tufanı tüğyan edir.

Buludlar sağdan sola əyilən xəttlərlə verilib.

Məcnunlar və leylilər isə sağdan sola meylli xətlərlə çəkilib.

Görəsən nə üçün?..

Niyə?..

Nəyə görə?..

Hələ dünya ədəbiyyatında elə bir bədii nümunə yoxdur ki, orada eşq əhli vüsala yetsin.

Eşq sevgidən, məhəbbətdən qat-qat ucadır. Onun ucalığının qüdsiyyəti yalnız tanrı dərgahına qovuşa bilər.

Qeyri-səlist məntiqlə qavramağa çalışaq.

Səttarın buludları zamanın obrazıdır. Təsvir etdiyi salxım söyüdlər və sərvlər isə heç vaxt vüsala qovuşmayacaq aşiqlərdir.

Əks istiqamətə yönəlmiş cizgilərin qeyri-səlist məntiqdə mənası budur: zaman anlamında Məcnunun (məcnunların) Leyliyə (leylilərə) qovuşması mümkün deyil... Səmtlər başqa-başqadır.

Aşiqlərin yolları qibləyə doğrudur, haqq dərgahınadır.

Zamanın yolu dərkolunmaz sonsuzluğadır, qeyri-müəyyənliyədir.

Qeyri-səlist məntiqdə qeyri-müəyyənliyin özü anlaşılan müəyyənlikdir.  

«Salxım söyüdlər»də məkan yoxdur.

Səlist məntiqdə zamansız məkanın mövcudluğu mümkün deyil.

Qeyri-səlist məntiqdə zaman məkansız, məkan da zamansız ola bilər.

Səttarın «Salxım söyüdlər» rəsmindən çıxan qeyri-səlist məntiq budur: məkanından asılı olmayaraq, dünyanın hər yerində və bütün zamanlarda leylilərin (cülyettaların...) və məcnunların (romeoların...) qisməti vüsala qovuşmaq deyil, eşq alovunda yanmaq, yanıb əbədiyyətə qovuşmaqdır...

 

 

                                                                İlham ƏZİZOÄžLU

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin