Noyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsi dini fəal, jurnalist Nicat Əliyev və təqsirləndirilən daha 9 nəfərin mühakiməsini davam etdirib. Vəkil Yalçın İmanov “Media forum” saytına deyib ki, məhkəmədə 5 nəfərin vəkili çıxış edərək hüquqlarını müdafiə etdiyi şəxslərə bəraət istəyiblər.
Növbəti 28 noyabr prosesində qalan iki müdafiəçi çıxış edəcək və həbs olunanlar son sözlərini deyəcək.
Təqsirləndirilənlər narkotik vasitə saxlama; müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materialları yayma; hakimiyyətin zorla ələ keçirilməsinə, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar; milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması kimi hərəkətlərdə ittiham olunurlar.
Oktyabrın 31-də dövlət ittihamçısı Nicat Əliyev, Elvin Nəsirov və Ceyhun Səfərliyə 10 il, Qorxmaz Camalov, Samin Hüseynov və Valeh Abdullayevə 9 il, Əlimxan Hüseynova 7 il, Emin Tofiqli və Əli Əliyevə 6 il, Səfər Məmmədova isə 5 il həbs cəzasının verilməsini istəyib.































































































