Xaqan oğlu Bars bəy...

Hazırda oxunan: Xaqan oğlu Bars bəy...

47315
722-ci ilin payızı idi. Əməvi xilafətinin başçısı Yezid ibn Əbd əl-Malik otağında narahatlıqla var-gəl edirdi. Son zamanlar aldığı bəzi xəbərlər onun yuxusunu qaçırmışdı. Uzun düşüncələr sonucu axır ki, bir qərar verə bilmişdi. Bir azdan qərarını açıqlayacaqdı. Ancaq, hələ də verdiyi qərarın doğrumu, yanlışmı olduğunu qətiləşdirə bilməmişdi. Bu zaman xidmətçi içəriyə daxil olub «Ya Əmir! Əl Cərrah gəldi»!- dedi. Xəlifə əlinin işarəsi ilə razılığını bildirən kimi Əl Cərrah otağa daxil olub təzim etdi. Xəlifə «Otur»!-deyə əmr edəndən sonra özü də keçib yerində əyləşdi və sözə başladı: - Azərbaycandan yenə xoşa gəlməyən xəbər almışam. Səksən ildir ki, onları ərəb xilafətinə tabe olmağa məcbur etməyimizə baxmayaraq, yenə də onlar boyun əymir. Onlarla çox ciddi haqq-hesab çəkməyin zamanıdır, Əl Cərrah! Səni Azərbaycana hakim təyin edirəm. Bütün Azərbaycanı hökmümüzə tabe etmək üçün əlindən gələni etməlisən. Ancaq, unutma ki, Azərbaycanın quzeyində yaşayan ən böyük türk boylarından olan Xəzərləri məğlub edə bilməsən heç nəyə nail ola bilməyəcəksən. Ümid edirəm ki, həm yaxşı döyüşçü, həm də bizə sadiq xidmətçi olduğunu sübut edəcəksən! Əl Cərrah ayağa qalxıb:  
- Hökmünüz icra olunacaq, ya əmir!- dedi. Əmir onu sınayıcı nəzərlə başdan-ayağa süzdü. Sanki sonuncu dəfə baxırdı sadiq xidmətçisinə. -Yeddi gün gün sonra səhər Günəş oyanmamış Əl-Cərrah iyirmi minlik qoşunla Azərbaycana yola düşdü. Bərdəyə qədər gəldi və burada düşərgə saldı. Lakin Əmirin tapşırığı və ilk gündən özünü təsdiq etmək ehtirası onun burada rahat oturmasına imkan vermirdi. Bir müddət Bərdədə düşərgə salandan sonra xəzərləri yenmək üçün Dərbəndə doğru yol aldı. ...Xəzər döyüşçüləri arasında çaşqınlıq yaranmışdı; - Xəbəriniz varmı ərəblər bizimlə döyüşə gəlir?!
 - Qoy gəlsin, görsün qılıncımızı.
 - Deyirlər onlara heç bir silah təsir etmir, heç ox da batmır.
 - Xəzərin qılıncı qayanı da yarır. Ərəbin başınımı kəsmiyəcək bu qılınc?!
 - Deyilənə görə onlar göylərdən gəlib. Kim onlara silah qaldırarsa böyük faciələr baş verər. Günəş tutular, ay tutular...
 Belə söhbətlər Xəzər döyüşçüləri arasında ikitirəlik və ruh düşkünlüyü yaratmaqdaydı. Ərəb böyüklərinin bölgələrə səpələnən təbliğçilərinin əhali arasında yaratdığı mif artıq, öz işini görməkdəydi... 
 Günəş yenicə doğmuşdu. Rəqib döyüşçülər üz-üzə dayanmışdı. Əl Cərrah döyüşçülərini bir daha az sonra başlayacaq döyüşə hazırlayırdı:
 - Ey ərəb ordusu! Siz Allah və din yolunda döyüşürsüz. Allah, bizə kafirləri öldürməyi əmr etdi. Cəsarətlə və həvəslə döyüşün. Bu döyüşdə kim həlak olarsa bilsin ki, dərhal cənnətə düşəcək. O biri dünyada sizi ağ bədənli, iri gözlü hurilər qarşılayacaq. Sağ qalan hər kəs isə şöhrət qazanacaq, çoxlu qənimət əldə edəcək, var-dövlət sahibi olacaq... Ordular yüz illərin barışmaz düşmənləri kimi döyüşməyə başladılar. Şiddətli və amansız döyüş oldu. Səhər başlayan döyüş axşama yaxın ərəb qoşunlarının zəfəri ilə sonuclandı. Ərəb qoşunları bu döyüşdən xeyli qənimət əldə etmişdi. Onların qəniməti keçdikləri yaşayış yerlərindən taladıqları var-dövlət və daha çox qazanc əldə etmək üçün qul kimi satmaq niyyətilə apardıqları əsirlər idi... O ili Əl Cərrah qışı Aranda keçirdi, yazda isə Ərdəbilə gəldi və burada düşərgə saldı
 724-cü ilin əvvəllərində xəlifə Yezid ibn Əbd əl-Malik öldü. Ondan sonra Yezidin qardaşı Hişam ibn Əbd əl-Malik xəlifə oldu. Yeni seçilən xəlifə Əl Cərraha xəbər göndərdi. Ona Azərbaycanda qalmağı və yenidən ayağa qalxmağa başlayan Xəzərlərə qarşı savaşmağı əmr etdi. Əl Cərrah bir müddət Savalanın ətəyində düşərgə salandan sonra əmrə uyğun olaraq Dərbəndə doğru - xəzərlər üzərinə yürüş etməyi qərara aldı... Xəzərlər heç cür yenilgə ilə barışa bilmirdi. Yenilgidən ən çox qeyzlənən və özünə yer tapa bilməyən Xəzər Xaqanının gənc oğlu Bars Bəy idi. O, artıq bir neçə ay idi ki, döyüşkən Xəzər oğullarını ətrafına toplayıb işğalçılara qarşı savaş açmaq üçün hazırlıq görürdü. Bunun üçün də ardıcıl olaraq döyüş təlimləri keçir, ətrafında olanları cəsarətlə döyüşərlərsə düşməni yenə biləcəklərinə inandırmağa çalışırdı. Yaz gecələrinin birində Xaqan oğlu Bars Bəy qəti addım atmaq niyyəti ilə ordu başçılarını ətrafına toplayıb sözə başladı:
 - İki ildir gecələrimiz əzab, gündüzlərimiz qəm içində keçir. İki ildir qəhrimizdən bayram etmədik, şənlik keçirmədik. Törələrimizdən uzaqlaşmağa başladıq. Atalarımızdan utandıq, analarımızın yanında rəzil olduq, qadınlarımızın üzünə baxmaz hala gəldik. Tanrımı üz çevirdi bizdən?! Özümüzə qayıtmağın, bizi üzən əzaba və qəmə son qoymağın zamanı gəldi. Bizi bu rəzil durumdan ancaq savaş qurtara bilər. Savaşaq ki, özgürlüyümüz var olsun! Qılınclar qında pas atmasın! Atlarımız büdrəməsin! Tanrı bizi özgür görmək istər. Savaşaq ki, Tanrı da bizi bağışlasın... Bars Bəy çıxışına qısa ara verib dərindən nəfəs aldı və ucadan sordu: Ərənlərim! Bu yenilgə ilə yaşamağı qəbul edirsizmi?!
 - Yenilgə ilə yaşamaq, yaşamaq deyil, rəzillikdir!
 - Ya düşmən üzərində qələbə qazanmalı, ya da savaşaraq ərən kimi ölməliyik!
 - Özgürlüyümüzə gedən yol savaşdan keçir. Başqa yolumuz yoxdur!- deyə ordu başçılarından- ərənlərdən səslər ucaldı.  
- Elə isə hazırlaşın, sabah döyüşə gedirik! - deyə Xaqan oğlu Bars Bəy qılıncını sıyırıb göylərə doğru uzatdı. 
 - Sabah döyüşə gedirik! Otuza qədər qılınc qından sıyrılıb havada parladı...
 724-cü ilin yazı idi. Ərəb xilafətinin sərkərdəsi Əl Cərrah Savalan dağının ətəklərində düşərgə salmışdı. O, yaxınlarda Dərbəndə doğru- Xəzərlər üzərinə yürüş etməyə hazırlaşırdı. Son zamanlar Xəzərlərin yenidən ayaqlanmasından az-çox xəbərdar idi. Yürüş üçün toplanmağı və qərar verməyi düşünürdü. Bu düşüncələrlə uğraşdığı bir zamanda ona Xəzər ordusunun onlara doğru gəldiyi və artıq yetişmək üzrə olduğu xəbərini verdilər. Uca bir yerə çıxdı. Quzeydən ona doğru sel kimi axıb gələn bir ordu gördü. Bu, Xaqan oğlu Bars Bəyin ordusu idi... Qəzəbli və güzəştsiz bir döyüş başladı. Var-dövlət və cənnət arzusu ilə döyüşən qoşunla, cənnətini özgürlüyündə görən bir qoşun arasında ölüm-dirim savaşı oldu. Səhər başlayan amansız döyüş günorta başa çatdı. Ərəb qoşununun çoxu bu savaşda öldürüldü. Xilafət ordusundan yalnız bir neçə nəfər qaçıb canını qurtara bildi. Əl Cərrahın da cəsədi saysız-hesabsız ərəb cəsədləri arasında idi... Savalandan quzeyə- Dərbəndə doğru qalib bir ordu gedirdi. Bu, Xaqan oğlu Bars Bəyin ordusu idi. O, çox böyük qənimətlə geri dönürdü. Onun qəniməti əldə etdiyi qüruru, özgürlüyü və iki ildən sonra ilk dəfə olaraq - Tanrının onu bağışladığı inancından qaynaqlanan - sevinc duyğusunu yaşaması idi. Namiq Hacıheydərli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin