İsrail kəşfiyyatı ABŞ Prezidenti Donald Trampa qarşı İran tərəfindən yeni bir sui-qəsd planının hazırlandığı barədə rəsmi Vaşinqtona xüsusi məlumat ötürüb.
Bizim.Media xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti kəşfiyyat mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin verdiyi məlumata görə, İsrail kəşfiyyat xidmətləri ABŞ-a İrandan gələn təhdidlərin təkcə ümumi xarakter daşımadığını, konkret bir sui-qəsd planına əsaslandığını göstərən yeni materiallar təqdim edib.
Vaşinqton rəsmiləri bildirirlər ki, ABŞ agentlikləri son həftələrdə onsuz da oxşar siqnalları izləyirdi, lakin İsrailin ötürdüyü son məlumatlar konkret hədəfləmə sxemi ilə seçilib.
Bununla belə, bəzi amerikalı rəsmilər bu məlumatın İsrail tərəfindən siyasi məqsədlərlə, xüsusən də Tramp administrasiyasını İrana qarşı daha kəskin hərbi addımlar atmağa sövq etmək üçün manipulyasiya məqsədilə təqdim oluna biləcəyini istisna etmirlər.
Xatırladaq ki, rəsmi Tehran Trampın ilk prezidentlik dövründə SEPAH-ın generalı Qasım Süleymani və fevralda Ali Rəhbər Əli Xameneinin öldürülməsinə görə uzun müddətdir intiqam vəd edir.
Ağ Ev bu iddialara birbaşa şərh verməsə də, Donald Tramp özü Ankarada keçirilən NATO sammiti çərçivəsində jurnalistlərə açıqlamasında hədəfdə olduğunu gizlətməyib:
"Onlar ABŞ liderini — yəni məni sıradan çıxarmaq istəyirlər. Mən onların bütün ölüm siyahılarındayam. Hələlik bəxtim gətirir, amma bu uzun çəkməyə bilər".
Qeyd edək ki, son toqquşmalardan sonra hazırda ABŞ və İran arasında diplomatik səylər davam edir.
Bizim.Media
































































































