Güllər niyə əvvəlki kimi ətirli deyil? – Səbəbi BƏLLİ OLDU

Hazırda oxunan: Güllər niyə əvvəlki kimi ətirli deyil? – Səbəbi BƏLLİ OLDU

633557

Şəhərdə çoxsaylı gül mağazalarında təbii və süni olmaqla müxtəlif növ çiçəklər satılır. Gül alarkən ilk olaraq onun görünüşünə və ətrinə diqqət edirik və bir çox insan təbii növlərə üstünlük verir. Son illərdə isə xüsusilə gül dükanlarında satılan bəzi çiçəklərin ya çox zəif qoxuduğu, ya da ümumiyyətlə ətir vermədiyi müşahidə olunur.

Təbii güllərin niyə ətri yoxdu? Onlara daha uzun müddət təravətli qalması üçün xüsusi vasitələr tətbiq olunurmu?

Dünyanın müxtəlif ölkələrində kəsilmiş çiçəklərin ətrinin ömrünü uzatmaq üçün xüsusi qulluq üsullarından, suya əlavə edilən qida məhlullarından və digər vasitələrdən istifadə olunur. Azərbaycanda isə gül satışı ilə məşğul olan floristlərin sözlərinə görə, satışa çıxarılan çiçəklərin daha ətirli olması üçün xüsusi vasitədən istifadə edilmir. Onlar bildirirlər ki, gülün ətri əsasən onun növü, yetişdirilmə şəraiti və mövsümlə əlaqəlidir.

Bizim.Media-nın araşdırması zamanı məlum olub ki, Azərbaycanda satılan güllərin bir qismi yerli rayonlardan, digər hissəsi isə xaricdən gətirilir. Floristlərin sözlərinə görə, sentyabr-oktyabr aylarına qədər Azərbaycanda satılan təbii güllərin bir hissəsi yerli rayonlardan gəlir. Qəbələ, Şəmkir, Zirə və digər ərazilərdə yetişdirilən güllər satışa çıxarılır. Payız fəslindən sonra isə xaricdən gətirilən güllərin satışı artır.

Məlumata görə, bu çiçəklərin uzun müddət daşınması üçün xüsusi saxlanma üsullarından istifadə olunur. Belə ki, bəzi güllər bir neçə həftəlik daşınma müddətində təravətini qorumaq üçün aşağı temperaturda saxlanılır və hətta təxminən bir ay dondurulmuş vəziyyətdə qala bilir. Bu prosesdən sonra çiçəyin əvvəlki ətrini qoruması mümkün olmur.

Hətta güllərin bəzən tam açılmamış halda gətirildiyi də bildirilir. Belə çiçəklər evdə güldana qoyulduqdan sonra tədricən açılır və ətrini yaymağa başlayır. Floristlərdən biri isə bəzi güllərin zəif ətirli olmasını onların parnik şəraitində yetişdirilməsi ilə əlaqələndirir. Onun sözlərinə görə, yetişdirilmə mühiti və təbii şərait çiçəyin ətrinə birbaşa təsir göstərə bilər.

Gülün ətri onun yetişdiyi torpaqdan da asılıdır

Florist Rahib Heybətov 20 ildən artıqdır gül əkimi və satışı ilə məşğul olduğunu deyir. Onun təcrübəsinə əsasən, gülün ətrində coğrafiyanın rolu böyükdür:

“Xarici ölkələrdə torpağın münbitliyi bizim torpaqlarla eyni deyil. Bizdə yetişən güllər daha ətirli olur”.
 

R.Heybətovun sözlərinə görə, gülün uzun müddət qalması üçün xüsusi və mürəkkəb üsullara ehtiyac yoxdur. Əsas məsələ suyun vaxtında dəyişdirilməsi və gülün gövdəsinin düzgün kəsilməsidir:


“Gülün gündə bir dəfə kötüyündən kəsilməsi və suyunun dəyişdirilməsi lazımdır. Belə olanda gül suyu daha yaxşı qəbul edir, qidalanır və ömrü uzanır. Ən yaxşı halda, düzgün qulluqla güllərin ömrü 1 həftə olur. Xaricdən gətirilən güllərin solması isə 2 həftəyə qədər uzana bilir”.

Gülə qulluqla bağlı doğru bilinən yanlışlar

R.Heybətov ev şəraitində gül saxlmaqla bağlı insanlar arasında yayılmış bəzi yanlış inanclara da diqqət çəkir. O vurğulayır ki, gülün suyuna müxtəlif maddələr əlavə etmək, qaynadılmış suya qoymaq və ya şəkərli sudan istifadə etmək onun ətrinə və ömrünə heç bir müsbət təsir etmir.

Qeyd edək ki, floristlər uzun müddət qalan və daha ətirli güllər sırasında Roza və Çobanyastığını adını çəkirlər.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin