Türkiyənin paytaxtı Ankara şəhərində keçiriləcək növbəti NATO sammiti Ukrayna və onun Prezidenti Volodimir Zelenski üçün son illərin ən ağır və uğursuz diplomatik sınağına çevrilə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə Böyük Britaniyanın nüfuzlu "The Telegraph" qəzeti məlumat yayıb.
Nəşrin materialında qeyd olunur ki, Şimali Atlantika Alyansının liderləri, ABŞ Prezidenti Donald Trampı qəzəbləndirməmək üçün Ukrayna mövzusunu və Zelenskini arxa plana keçirməyi planlaşdırırlar.
NATO liderləri bu görüşdə eyni vaxtda üç cəbhədən gələn təzyiqlərlə — birlik, qətiyyət və təhlükəsizlik böhranı ilə üz-üzə qalacaqlar.
Bu gərginliyin əsas səbəbləri Donald Trampın avropalı müttəfiqlərin hərbi xərclərinə dair kəskin narazılığı, Kiyevin maliyyələşdirilməsi ətrafında Avropa daxilində dərinləşən fikir ayrılıqları və Rusiya tərəfindən gözlənilən mümkün hərbi-siyasi provokasiyalardır.
"The Telegraph" vurğulayır ki, mövcud konyuktura rəsmi Kiyev üçün tamamilə "pis xəbərlər" vəd edir.
Ukrayna dövlət başçısı üçün ən böyük diplomatik zərbə onun sammitin əsas proqramına daxil edilməməsi və NATO liderləri qarşısında ənənəvi geniş nitqlə çıxış etmək imkanından məhrum olunması barədə gələn məlumatlardır.
Məqalədə deyilir: "Alyans rəhbərliyi Donald Trampı qıcıqlandırmaqdan və onunla münasibətləri ilkin mərhələdə korlamaqdan qorxaraq, Zelenskini və bütövlükdə Ukrayna məsələsini bir kənara qoymaq qərarına gəlib".
Qeyd edək ki, İyulun 7-8-də keçiriləcək Ankara sammitində avropalı liderlər əsasən ABŞ-ın dövlət başçısı ilə itirilmiş etibarlı və dostluq münasibətlərini bərpa etməyə fokuslanacaqlar. Sammitə qatılacaq Volodimir Zelenski isə hər bir halda Rusiyaya qarşı müharibədə əlavə hərbi və maliyyə yardımı paketləri əldə etməyə çalışacaq.
Bizim.Media



































































































