Hamının “Mişa” kimi tanıdığı Gürcüstan prezidenti Mixail Saakaşvili vaxtilə ölkədə korrupsiyanın və rüşvətin kökünü qısa müddətdə kəsməyə nail olanda jurnalistlər onun belə bir çətin işə necə nail olduğunu soruşanda gülərək cavab vermişdi ki, bu heç də sizin düşündüyünüz kimi çətin məsələ deyil, sadəcə mən rüşvət almadım və hamıya da məndən nümunə götürməyi öyrətdim...
Azərbaycanda da “Mişa” varmış. Daha doğrusu, vəzifəyə gələndən sonra məhz Gürcüstan prezidenti kimi davranan bir məmur haqqında Moderator.az-a bir neçə mötəbər mənbədən təsdiqlənən məlumat daxil olub. Sən demə, Aqrar Universitetinin keçmiş rektoru, bu ilin yanvarından isə məlum hadisələrdən sonra İsmayıllı rayonuna icra başçısı təyin olunan Mirdamət Sadıqov qısa müddətdən sonra rayon camaatının sevimlisinə çevrilib. Çünki digər başçı həmkarlarından fərqli olaraq M. Sadıqov doğma rayonuna pul qazanmağa, min cür hiylə və bəhanəylə sahibkarları soymağa yox, xoşməramlı işlər görməyə, pul paylamağa gəlib.
Rayon əhalisi and-aman edir ki, o aradan keçən müddət ərzində kimsədən bir manat da rüşvət almayıb, əksinə, bir sıra sosial layihələrin həllinə hökumətin bezdirici proseduralarıyla vəsait ayırmasını gözləmədən təkbaşına girişib, şəxsi əlaqələri hesabına dostlarından, yaxınlarından maliyyə alaraq doğma rayonuna böyük yaxşılıq etmiş olub. Yalandırsa doğru olsun və kaş heç olmasa işlədiyi rayonda insanlara zülm edən icra başçılarının 10 faizi ondan ibrət və nümunə götürsün.




























































































