"Mingəçevir şəhər sakini Elnarə Abdullayevanın müraciəti əsasında bəzi KİV-lərdə yerləşdirilmiş və ya dərc olunmuş yazılarda şikayətçinin iddiaları iki şəxs arasında şəxsi müstəvidə baş vermiş hadisəni özünə sərf edən şəkildə ictimaiyyətə təqdim etmək, bu zaman bütün günahı az qala ŞPŞ-nin keçmiş rəhbərliyinin üzərinə atmaq cəhdindən başqa bir şey deyil".
Bunu Moderator.az-a açıqlamasında Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib.
Orxan Mansurzadə deyib ki, Elnarə Abdullayevanın DİN-ə ünvanladığı eyni xarakterli müraciətlə əlaqədar Nazirliyin aidiyyatı idarəsi tərəfindən müvafiq araşdırma da aparılıb: "Araşdırma zamanı müəyyən edilib ki, E.Abdullayeva ilə S.Həmidov 2014-cü ilin aprel ayında tanış olduqdan sonra evlənəcəklərinə dair qərara gəliblər və ötən il avqust ayının 11-də aralarında rəsmi nigah da bağlanıb. Bir müddət birgə yaşasalar da, sonradan S.Həmidov həyat yoldaşının yaşayışı ilə maraqlanmayıb, bu da E.Abdullayevanın valideynlərinin narazılığına səbəb olub. Nəticədə onlar 2014-cü il dekabrın 5-də qızlarını öz evlərinə apararaq yuxarı instansiyalara şikayət ünvanlayıblar".
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisinin sözlərinə görə, məsələnin maraqlı tərəfi budur ki, indi zorlandığını iddia edən, ŞPŞ-nin keçmiş rəhbərliyini işi ört-basdır etməkdə günahlandıran Elnarə Abdullayeva araşdırma zamanı öz təşəbbüsü ilə yenidən izahat verərək məhz valideynlərinin təsiri altında Samir Həmidov barəsində yuxarı instansiyalara çoxsaylı müraciətlər ünvanladığını, əslində isə sözügedən polis əməkdaşı barəsində özünün heç bir şikayətinin olmadığını bildirib: "Şikayətçi, həmçinin, həyat yoldaşı S.Həmidovdan ayrılmaq istəmədiyini və sonuncunun ona sahib çıxmasına köməklik göstərilməsini xahiş edib".



































































































