Azərbaycanın dünya dövlətləri tərəfindən tanınması - ŞANLI TARİX...

Hazırda oxunan: Azərbaycanın dünya dövlətləri tərəfindən tanınması - ŞANLI TARİX...

254468
Bu gün Azərbaycanın dünya dövlətləri tərəfindən tanınması günüdür.99 il (gələn il bu hadisənin 100 ili tamam olur) əvvəl Azərbaycan Cümhuriyyətinin görkəmli xadimləri 114 min kv. kilometrlik bir ərazini(Zəngəzurlu,Qarabağlı) dünyanın böyük dövlətlərinə tanıda bildilər.Tariximizin bu dəyərli hadisəsi ilə bağlı Cümhuriyyət qurucularının fikirlərini oxuculara çatdırıram.


1920-ci ilin yanvarın 11-də Azərbaycanın dünya dövlətləri tərəfindən tanınması xəbəri yanvarın 12-də axşam saat 6-da Azərbaycan hökumətinə çatdı. Bu xəbərin sabahı günü Bakıda bayram əhvalı hiss edilməyə başladı. Yanvarın 14-ü isə Azərbaycan hökuməti tərəfindən rəsmi elan edildi. Bayram tədbirləri belə sıralanmışdı: saat 11-də Təzəpir məscidində dua edilir, saat 12-də Azərbaycan Parlamentinin iclası keçirilir, saat 13-də Hürriyyət meydanında qoşunların rəsmi keçidi olur, saat 14-də Xarici İşlər Nazirliyi binasında hökumət tərəfindən təbriklər qəbul edilir, gecə şəhər çırağban bəzədilir.
Yanvarın 14-də Təzəpir məscidinin həyəti xalqla dolu, içərisində isə N.Yusifbəyli, X.Məlikaslanov, H.Şahtaxtinski, X.Xasməmmədov, C.Hacıbəyli, H.Məmmədbəyov və digər hökumət nümayəndələri, məmurlar var idi. Şeyxülislamın dua oxuyub xalqa müraciətindən sonra Rəisi-Vükəla (Baş Nazir) N.Yusifbəyli tədbirdə çıxış etdi.


NƏSİB BƏY YUSİFBƏYLİ:
xa0 xa0 xa0 xa0xa0
“Camaat, bu bayram sizin öz arzunuz nəticəsidir. İlyarım əvvəl siz azad və müstəqil olmaq istədiniz və bu ilyarımın müddətində öz dolanışığınız və rəftarınızla bütün aləmə isbat etdiniz ki, siz müstəqil bir hökumət olmağa layiqsiniz. Hətta özünüzü elə nəzərə verdiniz ki, düşmənlərimiz də bu istiqlalı təsdiq etməyə məcbur olub, bu günü təsdiq etdilər. Ola bilər ki, bizdən də mədəni, bizdən də müstəid, bizdən də əvvəl və bizdən də artıq bu istiqlalın arzusunda olanlar vardır. Lakin onlar bu səadətə nail olmamışdırlar. Sizin bu az bir vaxtda bir hökumət təşkil edib də müstəqil olmağınıza layiq və qadir olmanız, özünüz imtahan verib isbat etdiyinzdən xudavəndi-təbarəkdən sizin üçün səadətlər diləyirəm”.


MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ:
xa0
“Cümhuriyyətlərin dövlətlər tərəfindən tanınması Qafqasiyalı xalq kütlələrində böyük bir sevinc doğurdu. Azərbaycan ilə Gürcüstanda bütün xalq günlərlə şadlıq nümayişləri etdi.
xa0Millətin bu ümumi sevincinə şərik olmayan ancaq bir zümrə vardı: bolşeviklər! Sözdə millətlərin azadlıq və istiqlallarına hörmət etdiklərini elan edən və Lenin ilə Stalinin imzalarıyla “Millətlər istərlərsə, Rusiyadan ayrılıb tamamiylə müstəqil dövlətlər qura bilərlər!” deyən bunlar işdə əksinə hərəkət etdilər. Qızıl Ordunun üstün qüvvətləriylə Qafqasiya cümhuriyyətlərini basdılar və zorla sovetləşdirdilər”.


FƏTƏLİ XAN XOYSKİ:
xa0
“Azərbaycan Respublikasının Qərbi Avropada və Amerikada diplomatik missiyanın təsis olunması və Azərbaycan nümayəndəliyinin Paris Sülh Konfransında yaradılması haqqında olan qanun layihəsi ilə bağlı F.X.Xoyskinin izahedici məktubu”. Bu sənəddə o, Azərbaycanın dünya dövlətləri tərəfindən tanınması istiqamətində fəaliyyətin davam etdirilməsini vacib sayaraq, hansı vacib işlərin görülməsini müəyyənləşdirərək yazırdı: “Antanta tərəfindən bizim respublikanın müstəqillyinin tanınması Azərbaycanın Avropa ölkələri və Amerika ilə düzgün qarşılıqlı münasibətlər yaratması vacibliyini daha da gücləndirir. Qeyd olunan missiyanın başlıca vəzifələrindən biri həmin ölkələrin və bizim dövlətin siyasi və maliyyə-iqtisadi vəziyyəti ilə tanışlıq, onlarla sıx siyasi, iqtisadi əlaqələrin yaradılmasıdır. Ölkəmizin siyasi vəziyyətinin möhkəmlənməsi üçün missiya aşağıdakı işləri görməlidir: a) Dövlətimizin müdafiəsinə xaricdən yönələn hər bir kömək üçün razılaşma şəraiti yaratmaq b) Dövlətimizin suverenliyinin hüquqi cəhətdən tanınmasına nail olmaq c) görüşlərin vacib olduğu dövlətlərdə bizim daimi diplomatik nümayəndəliyin yaradılmasına çalışmaq.
Göründüyü kimi, missiyanın siyasi işi ölkəmizin iqtisadiyyatının və sənayesinin inkişafına kömək etməlidir”.

ƏLİMƏRDAN BƏY TOPÇUBAŞOV:

1919-cu ilin mayın 28-də günün ikinci yarısı V.Vilson Azərbaycan Nümayəndə Heyətini qəbul etdi. Qəbul zamanı Ə.M.Topçubaşov ABŞ Prezidentinə müraciət edərək dedi: “Biz uzaq Qafqazdan, buradan bir neçə min mil uzaq olan Azərbaycandan gələrək xalqımızın azad və müstəqil həyatı üçün minnətdarlığımızı, dərin hörmətimizi, azadlıq və müstəqil həyat ruhu ilə yaşamaq istəyən xalqımızın təşəkkürlərini bildiririk. Qüdrətli Amerikanın nümayəndəsi kimi Sizə müraciət edib xahiş edirik ki, cənab Prezident, bizim ölkəmiz, bizim xalqımız və elə bizim özümüz haqqında məlumatları bizdən eşidəsiniz. Çünkixa0 biz Avropa və Amerika mətbuatında tez-tez Azərbaycan haqqında səhv, saxtalaşdırılmış və həqiqətə uyğun olmayan məlumatların verildiyini eşitməli oluruq. Doğrudur, bizi hələ yaxşı tanımırlar, biz indi birinci dəfədir ki, Avropadayıq, lakin Sizi əmin edirik ki, müstəqil yaşamaq üçün bizdə hər şey vardır. Biz ümid edirik ki, konfrans bizi dinləyəcək və biz Millətlər Cəmiyyətinə buraxılacağıq. Biz əminik ki, bütün xalqlar kimi, biz də Sizin böyük prinsipləriniz əsasında yardım alacağıq. Biz bildiririk ki, nə Kolçakın, nə Denikinin, nə də köhnə Rusiya imperiyasının hüdudlarında hakimiyyəti bərpa etmək niyyətində olan qeyri-birisini tanımayacağıq. Biz Azərbaycan üçün yalnız öz parlamentimizi və öz hökumətimizi tanıyırıq və tanıyacağıq”


Nəsiman Yaqublu, Tarix elmləri doktoru, Cümhuriyyət dövrünün araşdırmaçısı
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin