Bakıda bizə qarşı çox yaxşı münasibət bəslənildi və biz buradakı vəziyyətdən məmnun qaldıq.
Bunu Moderator.az-a açıqlamasında Ermənistan parlamentinin “Çiçəklənən Ermənistan” fraksiyasından olan deputatı Stepan Marqaryan deyib. Onun sözlərinə görə, ATƏT PA-nın Bakıdakı sessiyası yüksək səviyyədə təşkil olunmuşdu:
”Buradakı toplantı çox məhsuldar keçdi və tərəflər nəhayət ki Bakı Bəyannaməsini qəbul etməyə nail oldular və bu müsbət hal idi”,- deyə S. Marqaryan bildirib.
Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələyə toxunan S. Marqaryan hesab edir ki, münaqişənin həlli ilə bağlı danışıqlar prosesi Minsk Qqupu həmsədrlərinin vasitəçiliyi ilə həyata keçirilsə də, danışıqların digər formatını tapmaq lazımdır:
“Hesab edirəm ki, hər iki ölkənin parlamentariləri arasında əlaqələri daha da inkişaf etdirmək və daha tez-tez görüşlərini təşkil etməklə Qarabağ probleminin həllinə töhfə vermək olar. Parlament diplomatiyasının bu məsələdə müstəsna rolu ola bilər. Parlamentarilər müxtəlif beynəlxalq tədbirlədə bir-biri ilə sərbəst formada görüşür və iki ölkə arasındakı, regiondakı məsələləri müzakirə edirlər. Hesab edirəm ki, bu görüşlər mütəmadi xarakter almalıdır və hesab edirəm ki, bu cür görüşlər tərəflər arasında etimad mühitinin formalaşmasında ciddi addımlara gətirib çıxara bilər.”






























































































