Xəbər verdiyimiz kimi, “Azərbaycan Kinematoqrafçılar İttifaqı” İctimai Birliyinin üzvləri və digər görkəmli kino xadimləri sabah keçirilməsi planlaşdırılan sədr seçkisi ilə bağlı bəyanat yayıb.
Bəyanatda bildirilib ki, “Azərbaycan Kinematoqrafçılar İttifaqı” İctimai Birliyinin sədri, Xalq artisti Rasim Balayevin qəfil vəfatından sonra İttifaqın yeni sədrinin seçilməsi zərurəti yaranıb.
“İttifaqın İdarə Heyətinin 8 may 2026-cı il tarixli iclası keçirilərək yeni sədrin seçilməsi üçün 26 may 2026-cı ildə növbədənkənar Ümumi Yığıncağın keçirilməsi və sədr vəzifəsinə iki namizədin irəli sürülməsi qərara alınıb. İdarə Heyətinin katibliyinə tapşırılıb ki, hazırlıqla bağlı təşkilati məsələləri həll etsinlər.
Lakin iclasdan sonra keçən müddət ərzində lazımi hüquqi prosedurlara və qanunvericiliyə dəqiq və şəffaf şəkildə əməl edilməyib, bu səbəbdən qeyri-müəyyənlik, məlumat çatışmazlığı və qeyri-şəffaf mühit yaranıb. İttifaqın bütün üzvlərinə Ümumi Yığıncağın gündəliyi və gündəliklə bərabər İttifaqın sədri vəzifəsinə namizədlər barədə öncədən məlumat göndərilməyib.
Habelə, İdarə Heyətinin, yəni icra orqanının üzvü olan və özünü “İcraçı katib” kimi təqdim edən namizədlərdən biri Rasim Balayevin vəfatından sonra İdarə Heyətinin səlahiyyətlərini mənimsəyərək İttifaqa faktiki rəhbərliyi həyata keçirib, buna baxmayaraq, Ümumi Yığıncağın gündəliyinə İttifaqın fəaliyyəti barədə hesabat məsələsini daxil etməyib, üstəlik sədr vəzifəsinə namizəd kimi çıxış etməyə hazırlaşır.
Beləliklə, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun və İttifaqın nizamnaməsinin tələblərinə zidd olaraq, Ümumi Yığıncağın gündəliyi barədə İttifaqın üzvlərinə tam məlumat verilməyib, gündəlik şəffaf şəkildə açıqlanmayıb, Yığıncağa hazırlıqla bağlı prosedur qaydalarına əməl edilməyib”.
Bəyanata imza atanlar sırasında Vaqif Mustafayev, Cəmil Quliyev, Oktay Mirqasım, Akif Əli, Adil Abbasov, Şamil Əliyev, Əmir Hacılı, Mahirə İskəndərova, Kamran Qasımov, Firəngiz Qurbanova, Rəfail Qəmbərov, Cahangir Mehdiyev, Rövşən Məmmədov, Baba Məsimov, Mirbala Səlimli, Əbdül Mahmudov, Hacı İsmayılov, İlham Namiq Kamal, Tariyel Qasımov, Rafiq Əzimov, Zəfər Murtuzov, Fəxrəddin Manafov, Ayaz Salayev, Mehriban Zəki, Cahangir Novruzov, Gülzar Qurbanova və Elbrus Vahidov var.
Bizim.Media sədrliyə namizəd olan Xalq artisti Şəfiqə Məmmədova və rejissor Əli İsa Cabbarovla əlaqə saxlayıb.
Ş. Məmmədova məsələ ilə bağlı danışmasa da, Ə. İ. Cabbarov açıqlama verib.
O bildirib ki, bəyanatda adı yazılan simalardan çoxunun imzası saxtadır:
“Sabahki tədbirə hazırlaşırıq, hər şey nizamnaməyə uyğun keçirilməlidir və keçiriləcək. Qanuna uyğunluğuna Ədliyyə Nazirliyi qərar verəcək, konfransdan sonra sənədlər təqdim ediləcək. Bəyanatda adı qeyd edilənlərdən soruşdum, çoxu deyir ki, saxtadır, biz imza atmamışıq. Təkcə sədr seçkisi olmayacaq, nizamnamədə əlavələr olacaq, idarə heyətinin fəaliyyəti haqqında hesabat olacaq. Sonra da sədr seçkisi keçiriləcək.
Hər şeyin legitimliyinə, qanuniliyinə Ədliyyə Nazirliyi qiymət verəcək. İmzalar arasında İttifaqın üzvü olmayan adamlar da var. İmzalarının saxta olduğunu deyən şəxslər bildiriblər ki, istəmirlər təzyiq altında qalsınlar, ona görə ad çəkmirəm. Şəxsi söhbətdə qeyd etdilər ki, o imzaları atmamışıq”.
Həmçinin bəyanatda qeyd edilib ki, sabahkı yığıncaqda müəyyən şəxslərin İttifaqın nizamnaməsinə dəyişiklik etməklə əlavə səlahiyyətlər əldə etməyə çalışacağı barədə ciddi narahatlıqlar mövcuddur:
“Habelə, hazırda İttifaqın fəaliyyətinin hərtərəfli təftişinə ciddi zərurət yaranıb. Belə olan şəraitdə tələsik, ciddi hazırlıq aparılmadan, qanunvericiliyin və İttifaqın nizamnaməsinin tələbləri pozulmaqla seçkilərin keçirilməsi onların şəffaflığı ilə bağlı ciddi şübhələr doğurur, bu isə İttifaqın fəaliyyətinə və bütövlükdə kino sənətimizə və ümumilikdə mədəniyyətimizə ciddi zərər vura bilər.
İttifaqın üzvləri və digər görkəmli kino xadimləri olaraq bəyan edirik ki, 26 may 2026-cı ildə Bakı şəhərində keçirilməsi nəzərdə tutulan İttifaqın növbədənkənar Ümumi Yığıncağının çağırılması Azərbaycan Respublikasının qanunvericiliyinə və İttifaqın nizamnaməsinə uyğun həyata keçirilməyib, Ümumi Yığıncaq qeyri-legitimdir və orada qəbul ediləcək qərarların hüquqi qüvvəsi yoxdur.
Biz Azərbaycan kino mühitinə və milli mədəniyyətimizə zərər verə biləcək bu cür addımlara etiraz edirik. “Azərbaycan Kinematoqrafçılar İttifaqı” İctimai Birliyinin üzvləri və digər görkəmli kino xadimləri olaraq bəyan edirik ki, sabah keçirilməsi nəzərdə tutulan növbədənkənar Ümumi Yığıncaq qeyri-legitim və qeyri-qanuni olduğu üçün təxirə salınmalı, qanunvericliyə və İttifaqın nizamnaməsinə uyğun olaraq yenidən çağırılmalıdır.
Bununla bağlı aidiyyəti dövlət qurumlarından məsələyə hüquqi qiymət verilməsini və qanunvericiliyə uyğun tədbirlər görülməsini xahiş edirik”, - bəyanatda vurğulanıb.
Sara, Bizim.Media































































































