“Onun yanımızda olması, bizə ürək-dirək verməsi və bizimlə bir səngərdə vuruşması bizi daha da ruhlandırırdı. O günlərdə qorxu nə olduğunu belə, unutmuşduq...”
“1992-ci ilin soyuq fevral günləri idi... Döyüşçülərimiz Cəbrayıl torpaqlarının keşiyində ayıq-sayıq dayanmışdılar. O vaxt rayon polis şöbəsinin rəisi Rəşid Məmmədovun səyi nəticəsində keçmiş Hadrut rayonunun azad edilmiş 12 kəndinə nəzarət esirdik... Sur, Şişqaya, Zamzur, Dolanlar kəndlərinə hər an düşmən basqını ola bilərdi. Onda bizim batareyamız Banazur yüksəkliyində - Qanlı qayada yerləşirdi. Həmin Qanlı qayadan strateji cəhətdən əhəmiyyətli olan Ağ yol, Hadrut -Sur yolu və Sayak yüksəkiyinə nəzarət edilirdi...
Sur kəndi yaxınlığında ağır döyüşlər gedirdi. Ordudan tərxis olunmuş Mustafa Hüseynov düşməni göz açmağa qoymurdu... O vaxt Rəşid Məmmədovla bərabər bir nəfər də bizimlə birlikdə döyüşürdü. O, döyüşçüləri ruhlandırır, qələbəyə çağırırdı. Bu şəxsin yanımızda olması, bizə ürək-dirək verməsi və bizimlə bir səngərdə vuruşması bizi daha da ruhlandırırdı. O günlərdə qorxu nə olduğunu belə, unutmuşduq. Eşidəndə ki, bizimlə eyni səngərdə vuruşan və öz davranışlarıyla sıravi döyüşçülərdən seçilməyən həmin şəxs nazirdir, doğrusu, təəccübləndik. Nazir hara, səngər hara?..”
Bu sətirlər düz 31 il öncə bu günlərdə hazırda Xocavənd rayonuna daxil olan və xeyli hissəsi 44 günlük savaş zamanı şəhid və qazilərimizin canı-qanı bahasına azad edilmiş Hadrut rayonunun Sur kəndinin erməni terrorçularından azad edilməsi əməliyyatında iştirak etmiş Elnur Seyidəliyevin xatirələrindəndir. Bəs sıravi əsgərlərlə eyni səngərdə döyüşən həmin nazir kim idi?..
Moderator.az oxucularını yenicə formalaşan Milli Ordumuzun 1992-ci il fevralın 9-da keçirdiyi uğurlu Sur əməliyyatı haqqında bəhs edən materialla yaxın müddətdə tanış edəcəyik.
Saytımızı izləyin!..
Sultan Laçın



































































































