Görürəm, bizdə də yunanlar kimi,
Fikir Allahı var, söz Allahı var...
"Səni tapşırmışam öz Allahıma",
Sən demə, hərənin öz Allahı var...
Bizim Vətənimiz, bizim yurdumuz,
Hər gün şəhid verən güclü ordumuz...
Fikrimdə mən çaşıb qalmışam vallah,
Niyə söyləmirik "Ya bizim Allah!"
Bax, o təkəsaqqal, yaramaz cavan,
Özünü hamıdan ağıllı sanır...
İşi yox, gücü yox, çörəyi yavan,
Tək Allah eşqiylə alışıb yanır...
Guya sadəlövhdür, sanki bir uşaq,
Ən çox işlətdiyi söz də "qardaş"dır...
Onun Allahının qəlbi yumuşaq,
Mənim Allahımın ürəyi daşdır...
Biri izdihamda bomba partladır,
Sonra da sığınır öz Allahına...
Onun Allahı da sanki göz yumur,
Bacı naləsinə, ana ahına...
Elə bil Allahı özəlləşdirib,
Başı əmmaməli yekəpər kişi...
Bu sünnü, bu şiə, bu da başqası,
Milləti üç yerə bölməkdir işi...
Allah ya sənindir, ya da ki, mənim,
Bizimdir getdikcə sönən bu ocaq...
"Sən özün bilərsən, Allahın bilər",
Bəs, Allah, de haçan bizim olacaq?..
Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist


































































































