Xaçmaz rayonunda kişi qızının sevgilisini küçədə döyərək ona qarşı quldurluq edib.
Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, hadisə şəhər ərazisindəki parkda baş verib.
Rayon sakini, 1968-ci il təvəllüdlü Mail Mansurovun (soyadı şərtidir) qızı Humay ailəsindən boşanandan sonra atası ilə qalıb. O, bir müddətdən sonra ailəli olan Taleh adlı şəxslə tanış olub və həmin oğlanla sevgi münasibətləri yaranıb. Təxminən iki ay sonra qızın övladı dünyaya gəlib.
Hadisədən sonra Mail Talehdən xahiş edib ki, uşağa atalıq hüququ versin. Ailəli olan Taleh isə bundan imtina edib və uşağa atalıq verməyəcəyini deyib. Mail onu təhdid etsə də, Taleh onunla razılaşmayıb və qızdan ayrılmaq qərarı verib. Qız isə atasının sözünə qulaq asmayıb və oğlanla birlikdə yaşamaq qərarı verib. Bundan əsəbiləşən Mail oğlana təzyiqlərini davam etdirib.
O, sevgili cütlüyü izləməyə başlayıb. Mail bir gün onları izləyəndə cütlüyün parka getdiyini görüb və onların dalınca gedib. Humayla Taleh parkda istirahət edərkən Mail onları yaxalayıb və Talehə hücum edib. O, Talehə yumruq və təpik zərbələri endirib.
Daha sonra o, parkdakı çayxanadan götürdüyü külqabını sındıraraq, şüşə qırığı ilə Talehə xəsarətlər yetirib.Hadisə yerinə polis əməkdaşları gəliblər və Mail saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Xaçmaz Rayon Məhkəməsinin hökmü ilə M.Mansurov 2 il 6 ay azadlıqdan məhrum edilib.
Bizim.Media






























































































