Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Belə ki, bu gün saat 15:00-dan etibarən təlim-tərbiyə işləri üzrə direktor müavini və digər profillər üzrə direktor müavini vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə işə qəbul prosesinin elektron sənəd qəbulu mərhələsinə başlanılacaq.
Namizədlər 27 avqust saat 15:00-dək miq.edu.az/muavin linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.
Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarət olacaq. Seçim mərhələsində namizədlərin təqdim etdiyi məlumat və sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müsabiqənin müsahibə mərhələsinə buraxılacaqlar.
Namizədlər müsahibə mərhələsinə qaydalara uyğun olaraq ardıcıllıq əsasında dəvət ediləcəklər.
Nəzərə çatdırılır ki, namizədlər müsahibə mərhələsində liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları üzrə qiymətləndiriləcəklər.
Qeyd edək ki, müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərlə əmək münasibətləri qanunvericilikdə müəyyən olunmuş qaydada rəsmiləşdiriləcək.
Bizim.Media

































































































