Yaxın zamanlarda Azərbaycanda özəl məhkəmə ekspertləri fəaliyyətə başlayacaq. Yeni fəaliyyət növü “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçiriləcək.
Bəs kimlər özəl məhkəmə eksperti ola bilər?
“Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna əsasən ali təhsilli və müəyyən ekspertiza ixtisası üzrə xüsusi biliklərə malik Azərbaycan vətəndaşları məhkəmə eksperti kimi fəaliyyət göstərə bilərlər.
Qanunvericiliyin tələblərinə cavab verən və özəl məhkəmə eksperti kimi fəaliyyət göstərmək istəyən şəxslər özəl məhkəmə eksperti şəhadətnaməsini almaq üçün aşağıdakı tələblərdən birinə cavab verdiyini təsdiq edən sənədləri təqdim etməlidirlər:
- ekspert qismində fəaliyyət göstərmək istədiyi ixtisas üzrə ən azı 10 il işlədiyini;
- ekspert qismində fəaliyyət göstərmək istədiyi ixtisas üzrə fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsinin olduğunu;
- xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərinin (diplom, sertifikat və sair) mövcudluğunu.
Şəxsin xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənəd Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilməlidir. Ekspert kimi məqbul sayılan şəxslər Ədliyyə Nazirliyi tərəfindən icabri təlimlərə cəlb olunur. Təlimlərdə məhkəmə ekspertizası fəaliyyətinə dair qanunvericiliyin ümumi tələbləri, ekspert rəyinin tərtibedilməsi qaydaları və etik davranış kodeksinin müddəalar öyrədilir. Daha sonra onlarla müsahibə keçirilir. Şəhadətnamə almış şəxs barəsində məlumatlar Məhkəmə Ekspertləri Reyestrinə daxil edilir.
Məhkəmə eksperti yalnız şəhadətnamədə qeyd edilən məhkəmə ekspertizası üzrə rəy verə bilər. Ədliyyə Nazirliyi məhkəmə ekspertlərinin qanun çərçivəsində fəaliyyətinə nəzarəti həyata keçirir.
Özəl məhkəmə ekspertizası nələri edə bilməz?
“Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanuna əsasən, məhkəmə-tibb, məhkəmə-psixiatriya, məhkəmə-ballistik, məhkəmə partlayış-texniki, pul nişanları və qiymətli kağızların, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin və dərman maddələrinin məhkəmə ekspertizaları özəl məhkəmə ekspertləri tərəfindən həyata keçirilə bilməz.
Bəs kimlər özəl məhkəmə eksperti ola biməz?
“Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanuna görə bu şəxslərin məhkəmə eksperti olmaq üçün müraciət etmək hüququ yoxdur:
- İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxs;
- Din xadimi;
- Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab olunmuş;
- Cinayət törətdiyinə görə məhkum olunmuş;
- Barəsində ekspertiza fəaliyyəti ilə məşğul olma hüququndan məhrum etmə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı çıxarılmış;
- Habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər məhkəmə eksperti ola bilməz.
Qeyd edək ki, özəl məhkəmə eksperti olmaq üçün yaş məhdudiyyəti yoxdur.
Surxay Atakişiyev, Bizim.Media


































































































